Xəzərin problemləri qloballaşır

post-img

Hövzəyə hər il 45 kubkilometr çirkab axıdılır

Azərbaycanın evsahibliyi edəcəyi COP29 mötəbər beynəlxalq sammitində əsas komponentlər sırasında Xəzərin ekoloji dəyişiklik problemləri də mühüm yer tutacaq. Danışıqlar prosesi ilə paralel iqlim fəaliyyəti gündəliyində dənizin mövcud vəziyyəti ilə bağlı təşəbbüs də diqqət mərkəzində saxlanılacaq. Bu da şübhəsiz ki, Xəzər probleminin yalnız milli və regional səviyyədə deyil, həm də beynəlxalq miqyasda iqlim dəyişmələrinə uyğunlaşma proqramları çərçivəsində həllinə zəmin yaradacaq. 

Xəzər dənizini çirkləndirən əsas mənbələr sırasında təmizlənməmiş sənaye məhsulları və kənd təsərrüfatı tullantıları, çay və dəniz gəmiçiliyi, quru və su sahillərində qaz və neft buruqlarının istismarı, dəniz dibinin dərinləşdirilməsi işləri zamanı ikinci çirklənmə, atmosfer və su vasitəsilə uzaq zonalardan çirkli maddələrin gəlməsi kimi məsələlər yer alır. Qeyd etmək lazımdır ki, çaylar vasitəsilə hər il Xəzərə 45 kubkilometr çirkab daxil olur ki, onun da 60 faizi Volqa çayının payına düşür. Əgər bu çirkli sular dənizin üst qatında bərabər paylansaydı, onda il ərzində həmin qatın qalınlığı 10-11 santimetrə çatardı. 

Xəzər sularının çirklənməsinə Kür və Ural çayları da mənfi təsir göstərir. Tbilisi, Rustavi şəhərlərinin və sənaye müəssisələrinin çirkab suları, həmçinin kənd təsərrüfatında işlədilən müxtəlif toksiki maddələr Kür çayı vasitəsilə Xəzərə axıdılır. Dəniz sahillərində yerləşən şəhərlərdən Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt, Ənzəli şəhərlərindən də dənizə daxil olan çirkab suları onun əsas çirkləndiricilərindən hesab edilir. Bununla yanaşı, dənizdə neft yataqlarının istismarı və neft məhsullarının daşınması, habelə dəniz nəqliyyatı da Xəzər sularını xeyli çirkləndirir.

Ekoloji şəraitə dəniz səviyyəsinin tərəddüdləri də təsir göstərir. Dənizin səviyyəsi aşağı düşdüyü zaman şorluğu artır, balıqların sahil zonalarında qidalandığı bölgələrin məhsuldarlığı və sahəsi azalır. Dənizin səviyyəsi qaxdıqca isə suların, xüsusilə böyük çayların delta bölgələrinə yanaşan sahələrdə şorluğu dərəcəsi aşağı düşür və yem ehtiyatı artır. Bunlarla yanaşı, dəniz sularının yuxarıda göstərilən maddələrlə, xüsusilə neft məhsulları ilə çox çirklənməsi aerasiya prosesini ciddi pozur, dəniz fauna və florasının məhv olmasına gətirib çıxarır.

Dənizin ən çox çirklənmiş yerləri, eyni zamanda, ekoloji böhran sahələridir. Belə sahələrə Bakı, Sumqayıt, Mahaçqala, Türkmənbaşı şəhərlərinin akvatoriyaları, istismarda olan dəniz neft yataqları rayonları aid edilir.

Xəzər dənizin çirklənməsindən danışarkən bir sıra amillər nəzərə alınmalıdır. İlk növbədə, çirkabın qeyri-bərabər paylanması dənizin ayrı-ayrı sahələrinin ciddi şəkildə çirklənməsinə gətirib çıxarır. İkincisi, sahilboyu yaranan çirklənmə dənizin digər zonalarına da mənfi təsir göstərir. Nəzərə alsaq ki, tullantılar əsasən suyun üzərində – üst qatında toplaşaraq “su-atmosfer” zonası yaradır, onda məhz burada yığılmış çirkablar hesabına daha çox dənizin bioloji əhəmiyyətli sahələrinin çirkləndiyini qeyd etmək lazım gəlir.

Xəzər canlı aləmlə zəngin hövzədir. Onun canlı aləmi mütəxəssisləri yaxşı mənada heyrətləndirməkdədir. Balıqlar, quşlar, su bitkiləri, onurğasız heyvanlar... dənizin sərvətidir. Xəzərdə 1400-ə qədər fauna, 110 balıq növü vardır. Burada nərə, uzunburun, ağ balıq, Xəzər qızılbalığı, ağ qızılbalıq, çəki, xəşəm, kütüm və s. kimi qiymətli balıq növləri yaşayır. Dünyada ağ balığın 70 faizi, Qara kürünün demək olar ki, hamısı Xəzəryanı dövlətlərin hesabına istehsal olunur. Ona görə də Xəzəryanı dövlətlər ağ balığın çoxaldılması qayğısına qalmalıdır. Ölkəmizdə balıqyetişdirmə zavodları bu sahənin inkişafı ilə məşğuldur. Balıqyetişdirmə texnologiyasının indiki səviyyəsindən, təəssüf ki, maksimum istifadə edilmir. Əgər Xəzəryanı dövlətlər ciddi şəkildə əlbir olaraq bu sahənin inkişafına diqqət yetirməsələr, tezliklə bu qiymətli nemətdən, əvəzolunmaz sərvətdən məhrum ola bilərik. Dənizin yeraltı sərvətlərinin ölçüsüz istismarı da öz mənfi təsirini göstərməkdədir. 

Xəzərin balıq xəzinəsinin artırılmasında Kür çayının təmiz saxlanılmasının böyük ekoloji əhəmiyyəti var. Alimlərin məlumatlarına əsasən 1951-ci ildə Kür çayında 1299 sentner, Xəzər dənizində 233 sentner qızıl balıq tutulduğu halda, 1958-ci ildə bu rəqəmlər müvafiq olaraq 79 və 21 sentnerə enib. Bunun da əsas səbəbini, ilk növbədə, Xəzərə tökülən çayların ciddi zibillənməsində axtarmaq lazımdır. Məhz çirklənməyə görə, Azərbaycan sularında balıq ovu 1931-ci ilə nisbətən 4 dəfə, o cümlədən qızılbalıq 20 dəfə, nərə balığı 3 dəfə, qiymətli balıqlar 7 dəfə, şamayı balığı 11 dəfə azalıb.  

Alimlərin dediklərinə əsasən, son 15-20 ildə Xəzər dənizinin ekoloji vəziyyəti, iqlim dəyişikliyi, dəniz səviyyəsinin qalxıb-enməsi çirklənmə və digər antropogen və təbii amillərin birgə təsiri nəticəsində xeyli dəyişib. Xəzəryanı ölkələrin mütəxəssislərinin qeyd etdiyi kimi, təkcə nərə balıqlarının deyil, digər qiymətli balıqların da bütün ehtiyatı azalıb. 

Dənizdəki su quşları da təbiətin bizə bəxş etdiyi möcüzədir. Qızılağac qoruğunun nadir iqlimi buranı su quşlarının daimi məskəninə çevirib. Onlar Xəzərin balıqları və sahil bitkiləri ilə qidalanır. Mən bir ekoloq kimi quşların yuvaları, yuvada təzə pərvəriş tapan balaları ilə mütəmadi üz-üzə gəlirəm. Təbiətin bu möcüzəsinə sevinirəm. 

Xəzərdə həm də müxtəlif su bitkiləri vardır. Bu bitkilər dəniz heyvanlarının, su quşlarının inkişafında mühüm rol oynayır. 

Xəzər, eyni zamanda, “Qırmızı kitab”a düşən köçəri quşların məskənidir. Dənizin Azərbaycan sektorunda fəaliyyət göstərən Qızılağac Milli Parkı belə nadir quşların məskənidir. Tanrının bizə bəxş etdiyi bu əvəzolunmaz neməti qoruyub mühafizə etmək hamımızın müqəddəs borcudur. Buna görə də dünyanın əlaqədar qurumları hər il ”Xəzər günü “ və sentyabr ayının son günlərini “Dəniz günü” kimi qeyd etməklə bununla ekoloji durumun saflaşmasına səy göstərirlər. 

Son illərdə Xəzərin suyunun azalması ciddi narahatlıq doğurur. Alim-ekoloqların rəyinə əsasən, Xəzərin səviyyəsinin proqnozlaşdırılan həcmdə azalması, çirklənmə və həddindən artıq istismarla əlaqədardır. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyevin dediyinə görə Xəzər dənizinin Hövsan və Türkan sahillərində nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları ilə baxış keçirilib. Balıq nümunələri üzərində aparılan analizlər zamanı infeksion xəstəliklərin törədiciləri, zəhərlənmə halları və kənar fiziki təzyiqlər aşkar olunmayıb. Müəyyən edilib ki, suyun temperaturunun yüksək olması nəticəsində suda həll olmuş oksigenin miqdarı qeyri-optimal səviyyəyədək azaldığından balıqlar tələf olub. 

Artıq insanlar başa düşürlər ki, dəniz bizim üçün təbii sərvət və həyati tələbatdır. Bu gün Xəzəri çirkləndiririksə, orada yaşayan bioresursların inkişafına böyük zərbə endirmiş oluruq. Xəzərin nemətlərindən istifadə ediriksə, onun ətrafına zibil töküb çirkləndirməyə heç kimin mənəvi haqqı yoxdur. Mavi Xəzəri təmiz saxlamaq, onun sərvətlərini göz bəbəyi kimi qorumaq ümumxalq işinə çevrilməlidir. Gəlin, unikal sərvətlərlə zəngin olan, Xəzərə laqeyd münasibət bəsləməyək! 

Bəxtiyar HÜSEYNOV, 
yazıçı-ekoloq 

 



Ekologiya