Yaponiyada ABŞ-ın müttəfiqlərin təhlükəsizliyini təmin etməkdə nə dərəcədə davamlı olacağına dair artan şübhələr fonunda ölkənin öz nüvə arsenalını yaratması ehtimalı ətrafında müzakirələr genişlənir. Son üç ildə aparılan sorğulara görə, Yaponiyanın “nüvəsiz statusunun” dəyişdirilməsini dəstəkləyən vətəndaşların sayı iki dəfə artıb. Tarixən bu mövzu Yaponiyada tabu hesab olunub. İkinci dünya müharibəsində atom bombalarının fəlakətli nəticələrini yaşamış Tokio 1967-ci ildə qəbul etdiyi “üç nüvə prinsipinə” — nüvə silahı istehsal etməmək, əldə etməmək və ərazisində yerləşdirməmək öhdəliyinə sadiq qalıb. Lakin hazırda ölkə faktiki olaraq üç nüvə dövləti — Rusiya, Çin və Şimali Koreya ilə əhatə olunub, ABŞ administrasiyasının bəzən ziddiyyətli siyasəti isə bu məsələnin yenidən gündəmə gəlməsinə səbəb olur.
Reuters-in siyasətçilər, hökumət nümayəndələri və keçmiş yüksək rütbəli hərbçilərlə apardığı müsahibələr göstərir ki, Yaponiyanın siyasi dairələrində “üç prinsipin” yumşaldılmasına hazırlıq artır. Ekspertlərin fikrincə, Yaponiyanın texnoloji və sənaye potensialı ölkəyə qısa müddətdə nüvə silahı istehsal etməyə imkan verir. Güclü nüvə energetikası, kifayət qədər plutonium ehtiyatı və qabaqcıl texnologiyalar Tokioya bir neçə il ərzində nüvə başlıqları yaratmaq imkanı verə bilər.
Bununla belə, əhalinin əhəmiyyətli bir hissəsi hələ də nüvəsiz statusun qorunmasının tərəfdarıdır. Konstitusiya məhdudiyyətləri də siyasi manelər yaradır. Lakin regiondakı risklər və qonşu dövlətlərin nüvə arsenalının sürətlə genişlənməsi bu mövqeyi zəiflədə bilər. Yaponiyanın nüvə silahına sahib olması ABŞ-ın Asiya-Sakit okean bölgəsindəki təhlükəsizlik arxitekturasını dəyişdirə, eyni zamanda Cənubi Koreya və Tayvanda oxşar prosesləri stimullaşdıra bilər. Bu isə bölgədə yeni silahlanma yarışının başlanmasına gətirib çıxara bilər.
Yaponiyanın yaxın illərdə rəsmi olaraq nüvə silahı yaratması hələ də ehtimal baxımından zəif görünür. Lakin artan geosiyasi gərginlik, ABŞ-a etimadın azalması və regiondakı nüvə balansının dəyişməsi fonunda Tokio bu variantı ciddi şəkildə nəzərdən keçirməyə məcbur qala bilər. Əgər təhlükəsizlik mühiti kəskin şəkildə pisləşərsə, Yaponiyanın “nüvəsiz statusu” artıq dəyişməz prinsip olaraq qala bilməyəcək.
Səbuhi MƏMMƏDOV
XQ