Cənubi Amerikaya yaxınlaşma fonunda Bakının artan rolu
“Mercosur” sazişi ilə bağlı əvvəllər də bir neçə dəfə yazmışıq. Amma məlum olur ki, xeyli vaxt keçməsinə baxmayaraq, nə sazişlə bağlı problemlər öz həllini tapıb, nə də mövzu gündəmdən düşüb. Ümumiyyətlə, XXI əsrdə beynəlxalq ticarət artıq ideoloji seçim, geosiyasi mövqe və strateji niyyətlərin rəsmi ifadəsinə çevrilib. Avropa İttifaqı ilə Cənubi Amerikanın “Mercosur” ölkələri arasında imzalanması nəzərdə tutulan azad ticarət razılaşması da məhz bu mənada dəyərləndirilə bilər. Söhbət 780 milyondan çox insanı, qlobal ÜDM-in, təxminən, dörddə birini əhatə edən, indiyədək Avropanın daxil olduğu ən böyük ticarət paketlərindən birindən gedir. İlk baxışda, razılaşma kağız üzərində ticarət azadlığı kimi görünə bilər.
Lakin reallıqda Avropanın qlobal sistemdə öz yerini necə müəyyənləşdirdiyinin, hansı riskləri qəbul edib hansılarından çəkindiyinin, ən əsası isə, daxili siyasi ziddiyyətləri nə dərəcədə idarə edə bildiyinin göstəricisidir. Oxuculara xatırladaq ki, “Mercosur” ölkələri uzun müddət Avropa üçün potensial, amma problemli region kimi qəbul olunub. Buraya daxil olan Braziliya, Argentina, Uruqvay və Paraqvay kimi dövlətlər böyük bazar, zəngin xammal ehtiyatları və sürətlə artan istehlak imkanları təqdim etsə də, ekoloji standartlar, kənd təsərrüfatı subsidiyaları və siyasi qeyri-sabitlik “qoca qitə”ni onunla ehtiyatlı davranmağa vadar edib. Lakin qlobal mənzərə artıq dəyişib. ABŞ–Çin rəqabətinin kəskinləşməsi, Asiya–Sakit okean regionunda ticarət bloklarının güclənməsi, Afrikanın yeni iqtisadi oyunçu kimi formalaşması Avropanı daha çevik olmağa məcbur edir. Bu mənada, “Mercosur” Avropa üçün həm də geosiyasi balans elementinə çevrilir. Əslində, Aİ-nin razılaşmaya marağını, sadəcə, kənd təsərrüfatı məhsullarının ixracı və ya sənaye mallarının tariflərinin azaldılması ilə əlaqələndirmək düzgün olmaz. Çünki burada əsas məsələ Avropanın qlobal ticarət şəbəkəsində öz çəkisini qorumaq cəhdidir. Razılaşmanın qarşısında duran maneə isə Fransa faktorudur. Parisin etirazı da yalnız fermerlərin narahatlığı ilə izah edilə bilməz. Nəzərə alsaq ki, Fransa kənd təsərrüfatı sektoru ucuz Latın Amerikası məhsullarının Avropa bazarına daxil olmasından ciddi şəkildə ehtiyat edir, bu etirazın arxasında da dərin siyasi və ideoloji səbəblər dayanır. Yeri gəlmişkən, Fransa Aİ daxilində “strateji muxtariyyət” ideyasının əsas daşıyıcılarından biridir. Bu yanaşmaya görə, Avropa öz ərzaq təhlükəsizliyini, sənaye istehsalını və sosial modelini qlobal bazarın sərt qaydalarına qurban verməməlidir. “Mercosur” razılaşması isə bu modelə risk kimi qəbul olunur. Bundan əlavə, Fransa daxili siyasi reallıqları da nəzərə alır. Çünki kənd təsərrüfatı ölkədə milli kimliyin və sosial sabitliyin mühüm sütununa çevrilib. Fermer etirazları, populist ritorikanın güclənməsi və seçki dövrü Parisin manevr imkanlarını daraldır.
İtaliyanın mövqeyi isə daha mürəkkəbdir. Roma bir tərəfdən ixrac imkanlarının genişlənməsində maraqlıdır, digər tərəfdən isə, Fransa ilə açıq qarşıdurmadan çəkinir. Tərəddüdlər Avropa İttifaqının daha geniş problemini əks etdirir. “Mercosur” razılaşması ətrafında yaranan fikir ayrılıqları göstərir ki, Aİ artıq Brüsseldə formalaşan texnokrat qərarlarla idarə oluna bilmir. Yerli hökumət də daxili ictimai rəyin təsiri altında daha sərt mövqe tutmağa başlayıb. Maraqlıdır, bəs razılaşmanın taleyi necə olacaq? İlk növbədə, qeyd edək ki, Paraqvayda imzalanması nəzərdə tutulsa da, onun reallaşdırılması Avropa Parlamentinin əlindədir. Yəni parlamentin razılığı olmadan sənəd hüquqi qüvvə qazana bilməz. Bu isə razılaşmanı həm də ideoloji mübarizə mövzusuna çevirir. Yaşıllar, sosial-demokratlar və bəzi sol qruplar ekoloji standartlar, insan hüquqları məsələlərini önə çəkərək sənədə şübhə ilə yanaşırlar. Mərkəz sağ və liberal qüvvələr isə Avropanın qlobal rəqabət qabiliyyətini əsas arqument kimi irəli sürürlər. Ehtimal edilir ki, bu qarşıdurma Avropa siyasətinin gələcək konturlarını da müəyyənləşdirəcək.
***
Proses Azərbaycan üçün də dolayı, lakin real imkanlar yaradır. Bakı uzun müddətdir ki, Avropa ilə Qlobal Cənub arasında körpü kimi qəbul edilir. “Mercosur” razılaşmasının Avropanın Cənubi Amerika ilə iqtisadi bağlarını gücləndirdiyi bir dövrdə Azərbaycanın rolu daha da aktuallaşır. Birincisi, ölkəmiz logistika və nəqliyyat baxımından Avropa ilə Asiya arasında olduğu kimi, Şimal–Cənub və Şərq–Qərb dəhlizlərinin kəsişməsində yerləşir. Ola bilsin ki, Latın Amerikası–Avropa ticarətinin genişlənməsi fonunda enerji, xammal və yarımfabrikat axınların diversifikasiyası gündəmə gəlsin. Bu isə Azərbaycanın tranzit və enerji diplomatiyası üçün yeni imkanlar deməkdir. İkincisi, “Mercosur” ölkələrinin kənd təsərrüfatı və xammal ixracatında güclü olduğunu nəzərə alsaq, Azərbaycan emal, logistika və regional paylama mərkəzi kimi çıxış edə bilər. Xüsusilə ərzaq təhlükəsizliyi və alternativ təchizat zəncirləri kontekstində Bakı üçün yeni əməkdaşlıq modellərinin formalaşması mümkündür. Üçüncüsü, Avropanın “Mercosur” ilə razılaşma çərçivəsində daha çox çevik və praqmatik ticarət siyasəti yürütməsi Azərbaycanın Aİ ilə danışıqlarında da əlavə arqumentlər yarada bilər. Bu, enerji, yaşıl keçid və rəqəmsal transformasiya sahələrində əməkdaşlığın genişlənməsinə təkan verəcək. Beləliklə, Aİ–Mercosur azad ticarət razılaşması ətrafında gedən müzakirələr qlobal ticarətin artıq Avropanın daxili birliyinin, siyasi iradəsinin və qlobal ambisiyalarının sınağına çevrildiyini göstərir. Fransanın etirazı, İtaliyanın tərəddüdü və Avropa Parlamentindəki mübahisələr Aİ-nin qarşıdakı illərdə hansı istiqamətdə inkişaf edəcəyinə dair mesajlar verir. Bu zaman prosesləri diqqətlə izləyən və doğru mövqe tutan ölkələr isə yeni imkanlar qazana bilər.
Nəzrin ELDARQIZI
XQ


