III MƏQALƏ
Məhsuldar liderlik
Bu mövzuya həsr edilmiş I və II məqalələrdə ifadə edilən fikirləri uğurlu liderlik kontekstində ümumiləşdirsək, “nəticəverici liderlik” anlayışının izahına ehtiyac yaranır. Çünki Azərbaycan Prezidenti konkret faktlarla 2025-ci ildə ölkəmizin əldə etdiyi nailiyyətləri müsahibədə geniş şərh etmişdir. Məhz bu əsasda dünyanın ən güclü dövlətinin rəhbərliyinin də Prezident İlham Əliyevə olan inamı və etibarı yüksək səviyyədədir, Azərbaycan dövlət başçısının liderliyini tam qəbul etmişdir. II məqalədə həmin bağlılıqda gətirdiyimiz faktların davamı olaraq bir məqamı da vurğulayaq.
Ölkə rəhbəri müsahibəsində ifadə etmişdir: “Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasındakı coğrafi bağlantının yaradılması da məhz həmin gün reallaşdı. Yəni Zəngəzur dəhlizinin açılması artıq Amerika Prezidenti tərəfindən də təsdiqlənmişdir. Artıq mən də əminəm, Azərbaycan vətəndaşlarında şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq. Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir”.
Zəngəzur dəhlizi məsələsini ayrıca vurğulamağımız təsadüfi deyildir. Çünki Zəngəzur artıq yalnız region dövlətləri üçün aktual olan və mühüm nəticələri ola biləcək məsələ deyildir. Azərbaycan rəhbərliyinin çox aktiv fəaliyyəti sayəsində Zəngəzur dəhlizi qlobal geosiyasətin ən aktual məsələlərindən biri səviyyəsinə yüksəlmişdir. İndi o, ABŞ, Aİ, Rusiya, Çin, İran və Türkiyə kimi güclü dövlətlərin siyasi gündəmində ön sıradadır. Bu səviyyədə aktuallığı olan bir məsələ ilə bağlı Vaşinqtonda razılığın əldə olunması, əlbəttə, müasir dünya siyasətində mühüm hadisədir. Deməli, öncəki məqalədə vurğuladığımız faktlarla yanaşı, Zəngəzur dəhlizi məsələsini də uğurlu nəticəverici liderliyin mühüm əlaməti kimi qəbul etmək lazımdır.
Nəhayət, ABŞ ilə münasibətlərə Ermənistanla normallaşma prosesi, əməkdaşlıq və təhlükəsizlik kontekstində baxanda ümumi səviyyədə iki aspektin vəhdətini görə bilərik. Onların hər birini müsahibədə dövlət başçısı dəqiq ifadə etmişdir.
Birincisi, “Beləliklə, bizə Ermənistanla normallaşma prosesi çərçivəsində lazım olan bütün məsələlər istədiyimiz kimi öz həllini tapdı”.
İkincisi, “Dediyim, sadaladığım bu məsələlər işlərin xronologiyasıdır. Bu, ictimaiyyətə açıq olan tərəfdir. Amma, eyni zamanda, bu gün çox fəal diplomatik hərəkət var”.
İkinci tezisin konseptual anlamı üzərində dayanmağa ehtiyac görürük. Çünki o, liderliyin fəlsəfəsinə aid olan vacib bir özəlliyə malikdir.
Strateji xartiya: münasibətlərdə yenilik
Məsələnin bu tərəfinin təhlilinə Prezident İlham Əliyevin müsahibədə ifadə etdiyi fikirlərin məntiqi və faktları prizmasında yanaşmaq ən yaxşısıdır. Dövlət başçısı ABŞ ilə münasibətlərə aid olan hissədə fikirlərini aşağıdakı kimi yekunlaşdırmışdır: “Azərbaycanla Amerika arasındakı əlaqələr çox praktik və nəticəyə hesablanmış istiqamətdə cərəyan edir. Oktyabr ayından bu yana mənim tərəfimdən Amerikaya nazirlərdən və özəl sektor nümayəndələrindən, digər məsul şəxslərdən ibarət dörd rəsmi heyət ezam edilmişdir. Demək olar ki, əsas istiqamətlər üzrə strateji xartiyanın hazırlanması və qarşılıqlı sərmayə qoyuluşu, onun təşkili və münasibətlərimizin iqtisadiyyat, ticarət, nəqliyyat, hərbi-sənaye istiqamətlərinin əhatə edilməsi məsələləri müzakirə olunur. Yəni ümidlərimiz böyükdür, nəticələr də kifayət qədər təsirlidir. Ona görə bu nöqteyi-nəzərdən 2025-ci ili təbii ki, çox uğurlu və tarixi il saymaq olar”.
İfadə edilən fikirlərə həm konkret iki dövlət arasındakı münasibətlərin XXI əsrdə təkamül dinamikası, həm də praktiki siyasi-diplomatik fəaliyyətin xüsusiyyətləri kontekstlərində baxmaq olar.
Situasiyanın daha aydın olması üçün Azərbaycan liderinin işlətdiyi terminlərdən birinin politoloji izahını verməyə ehtiyac vardır. Biz, “xartiya” terminini nəzərdə tuturuq. Çünki məhz bu terminin daşıdığı fəlsəfi, hüquqi və politoloji məna çalarları Azərbaycan liderinin konseptual, tarixi və praktiki-diplomatik aspektlərdə nəticəverici liderliyinin əhəmiyyətli xüsusiyyətlərini əks etdirir.
“Xartiya” sözü “papirus yarpağı”, “kağız” deməkdir. Orta əsrlərdə və Yeni dövrdə Avropada bir sıra ictimai-hüquqi xarakterli (məsələn, Konstitusiya) sənədlərini Xartiya adlandırıblar. O sənədlərdə siyasi hüquqlar da yer almışdır. Beynəlxalq hüquqda xartiya yazılı formada verilmiş hüquqi aktdır (beynəlxalq müqavilə, saziş).
Məsələn, Avropa təhlükəsizlik xartiyası vardır. Həmin sənəddə XXI əsrdə dünya ictimaiyyətinin təhlükəsizlik konsepsiyası yer almışdır. Enerji xartiyası da hazırlanmışdır. Bu sənəd siyasi qətnamə xarakterlidir, Orada Şərqlə Qərb arasında enerji sahəsində əməkdaşlıq təşviq edilir (1999-cu ildə ATƏT-in İstanbul sammitində qəbul edilmişdir). Bu sənədi mütəxəssislər “vahid və bölünməz” Avropa təhlükəsizlik sisteminin yaradılması prosesinin mərhələsi kimi xarakterizə edirlər.
Deməli, xartiya həm geniş funksionallığa, həm də ciddi hüquqi statusa malik beynəlxalq sənəddir. O cümlədən, iki dövlət arasında strateji xarakterli xartiya hazırlamaq, onlar arasında münasibətlərdə tarixi yenilik etmək deməkdir. Bunun təməlində bir neçə mühüm məqam dayanır.
Birincisi, dövlət olaraq xartiya hazırlayan ölkələrin bir-birinə tam inamı olmalıdır.
İkincisi, həmin ölkələr münasibətləri strateji səviyyəyə yüksəltməyin perspektivinə əmindirlər.
Üçüncüsü, məsələ strateji kontekstdə qoyulursa, dövlətlər münasibətlərin məzmun və məqsədlərinin əbədi olmasına qərar vermişlər.
Dördüncüsü, dövlətlərin liderləri bir-birini legitimliyi və inklüzivliyini tam olaraq qəbul edirlər.
Beşincisi, strateji xartiya mahiyyətcə sosial, siyasi, hüquqi, təhlükəsizlik, müdafiə, iqtisadi və digər fəaliyyət istiqamətlərinin hər birini əhatə etməlidir. Əks halda strateji aspektdə sənəd natamam olur.
İndi hansı səbəbə görə strateji xartiyanın iki dövlət üçün tarixi olay olduğunun detallarına baxaq.
ABŞ-ın yeni yanaşması
Tarixdən məlumdur ki, son 300 ildə Amerika Osmanlı və Səfəviyə münasibətdə əməkdaşlıq etməkdən çox onları zəiflətmək mövqeyində olmuşdur. Bunun faktları çoxdur. Yalnız bir neçəsini xatırladaq.
XVII əsrdə Vestfal sazişini imzalayandan sonra da (1648-ci il) Qərb dövlətlərinin müsəlman dövlətçiliyinə münasibətində pozitiv bir məqam özünü göstərməmişdir. Ümumi halda səlibçilik əsas yer tutmuşdur.
1823-cü ilin dekabrında isə ABŞ-ın o dönəm prezidenti Ceyms Monro xarici siyasətlə bağlı yeni doktrinanı bəyan etmişdir. Onun dörd əsas prinsipi vardı:
Birincisi, ABŞ Avropanın işlərinə qarışmayacaq.
İkincisi, ABŞ Amerikadakı müstəmləkələri tanıyır və onların işlərinə qarışmayacaq. Üçüncüsü, Qərb yarımkürəsi gələcək müstəmləkə üçün qapadılır.
Dördüncüsü, əgər hər hansı Avropa güclü dövləti Amerika qitəsində hansısa ölkənin işinə qarışmaq istəsə, qarşısı dərhal alınacaq.
Lakin sonrakı dönəmlərdə baş verənlər göstərdi ki, Vaşinqton əslində dövlətlər arasında ayrı-seçkilik edir. Onun bariz təzahürü 1918-ci ildə hazırlanmış “Vilson prinsiplər”ində əksini tapmışdır. Birinci Dünya müharibəsinin nəticələrinə həsr edilmiş 14 punktdan ibarət sənədin 12-ci bəndində yazılmışdır ki, Osmanlı imperiyasının “türk hissələri”nin suverenliyi təmin edilməlidir, lakin imperiyada yaşayan bütün xalqların da mütləq müstəqil inkişafı olmalıdır. Yəni faktiki olaraq Osmanlının parçalanmasına hüquqi don geyindirmişlər. Başqa heç bir dövlətə qarşı belə münasibət sənəddə yoxdur.
Eyni zamanda, Vudro Vilson Qərbi Azərbaycandan azərbaycanlıların deportasiya edilmələri, kütləvi qətlə yetirilmələri və orada süni olaraq erməni dövləti yaratmaq cəhdlərini bir kəlmə ilə də qeyd etməmişdir. Sanki ABŞ üçün belə bir proses yoxdur.
Deməli, XX əsrin əvvəllərində Amerika Səfəvi məsələsinin faktiki həll edildiyini (yəni parçalandığını, bir dövlət kimi aradan qaldırıldığını) doğru sayırdı və azərbaycanlıların tarixi ərazilərinin bir qismi üzərində süni erməni dövləti yaradılmasını təqdir edirdi. Hətta Osmanlının da parçalanaraq, ermənilərə ərazi verilməsinə yaşıl işıq yandırırdı. V.Vilson həm də bu səbəbdən “Osmanlıda yaşayan hər bir xalqa mütləq azadlıq” şərtini qoyurdu.
Keçən əsr boyu Amerikanın ermənilərə verdiyi birtərəfli dəstək və indi hamıya məlum olan bədnam “907-ci düzəliş” Vaşinqtonun əsrlərlə yeritdiyi antitürk və antimüsəlman siyasəti ənənəsinin məntiqi nəticəsidir.
Ancaq 2025-ci ilin avqustunda Vaşinqtonda tamamilə fərqli bir razılaşmanın şahidi olduq. ABŞ rəhbərliyi Azərbaycanla münasibətlərin tarixi ənənəsinin yanlış tərəfindən tamamilə imtina edərək, qarşılıqlı faydalı münasibətlər qurulmasına start verdi. Bundan bir qədər sonra ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrak diplomatik səviyyədə etiraf etdi ki, keçən əsrin əvvəllərindən ABŞ-ın Osmanlıya münasibəti doğru olmamışdır, indi onu dəyişməyin zamanıdır. Bu rəsmi etiraf həm də Səfəviyə, o cümlədən Azərbaycana münasibətin yanlış olduğunun təsdiqidir.
Zəfərin daha bir töhfəsi
Səbəbi nədən ibarətdir? Bu suala cavab diqqətləri avtomatik olaraq Azərbaycanın fəaliyyətinə çəkir. Çünki ABŞ hətta ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi real olaraq münaqişənin ədalətli həll edilməsi istiqamətində təsirli addım atmamışdır. Lakin təcavüzkar Ermənistanı müxtəlif qondarma “arqumentlər”lə dəstəkləməyə çalışmışdır (Fransa və Rusiya ilə birlikdə). Bütün bu ədalətsizliyin sonu Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbədən və bütövlükdə postmüharibə mərhələsində Azərbaycan Prezidentinin qətiyyətli fəaliyyətindən sonra gəlməyə başladı. 2025-ci ilin avqustunda Vaşinqtonda Prezident İlham Əliyevə “Sizin gücünüz vardı, niyə Ermənistanın ərazisində hərbi əməliyyatları davam etdirmədiniz” sualı təsadüfən verilməmişdi.
Deməli, II Qarabağ müharibəsi və antiterror əməliyyatından sonrakı mərhələdə Azərbaycanın güclü və sülhsevər dövlət kimi özünü təsdiqləməsi rəsmi Vaşinqtonun əsrlərlə davam edən haqsız və ədalətsiz mövqeyini dəyişməsinə səbəb olmuşdur. Məhz Azərbaycan Prezidentinin güclü liderliyi, yüksək zəkası, mükəmməl və əsaslı dövlət quruculuğu kursuna malik olması, milli maraqları tam nəzərə alması, yenilməz iradəsi dünyanın ən güclü dövlətini strateji xartiya hazırlamağa sövq etmişdir. Bu, Azərbaycanın həm haqlı olduğunun və həm də güclü dövlət identikliyini tam qəbul etdirdiyinin göstəricisidir!
Vurğulanan məqamlar fonunda strateji xartiyanın Azərbaycan dövlətçiliyi baxımından tarixi hadisə olduğuna şübhə yeri qalmır. Azərbaycan lideri elə bir mühüm addım atmışdır ki, onun əhəmiyyəti stratejidə dövlətimiz və cəmiyyətimiz üçün faydalı olacaqdır.
Eyni zamanda, 2025-ci ildə həyata keçirilən uğurlu siyasətin məzmunu ABŞ ilə münasibətlərdəki tarixi yeniliklə məhdudlaşmır. Azərbaycan Prezidenti digər mühüm faktları da müsahibəsində vurğulamışdır. Onlar sistem halında bütövlükdə 2025-ci ilin siyasi kontekstdə hansı anlamda tarixi olduğunu ifadə edirlər.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

