Son illər ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin təkmilləşdirilməsi, içməli su təchizatının yaxşılaşdırılması və bu sahəyə yeni texnologiyaların cəlb olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin su təhlükəsizliyi, əhalinin içməli su təminatının yaxşılaşdırılması və bu sahəyə yeni texnologiyaların cəlb edilməsi məqsədilə 2023-cü il aprelin 12-də imzaladığı “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” sərəncamı xüsusi əhəmiyyət daşıyır.
Xatırladaq ki, ötən müddətdə dəniz suyunun duzsuzlaşdırılması layihəsinə dair tədbirlərin koordinasiyalı icrasının təmin edilməsi üçün aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə işçi qrup yaradılıb, bununla bağlı ətraflı müzakirələr aparılıb. Eyni zamanda, layihə üzrə müvafiq sənədlərin hazırlanması istiqamətində lazımi işlər görülüb, investorların cəlb olunması üçün müsabiqənin keçirilməsi qərara alınıb. İqtisadiyyat Nazirliyinin elan etdiyi müsabiqəyə əsasən dövlət-özəl tərəfdaşlığı çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması zavodunun inşasını həyata keçirəcək şirkətlər müəyyənləşdirilib.
Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin rəhbərlik etdiyi konsorsiumun təklifi müsabiqədə 1-ci yeri tutub. Xatırladaq ki, konsorsium tərəfindən qoyulacaq investisiya hesabına Sumqayıt Sənaye Parkında gündəlik istehsal gücü 300 min kubmetr olan zavodun tikintisi planlaşdırılır. Müəssisənin 2,5 il ərzində tikilməsi nəzərdə tutulur. Müqaviləyə əsasən, layihənin müddəti 27,5 ildir.
Prezident İlham Əliyev yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində yaxın vaxtlarda ölkəmizdə dəniz suyunun duzsuzlaşdırılması zovodunun inşasına başlanılacağını bildirib. Dövlət başçısı deyib ki, Azərbaycanın “yaşıl” enerji sahəsində fəal investorlarından olan “ACWA Power” şirkətinin yerli qurumlarla əməkdaşlıq əsasında maraq göstərdiyi layihələrdən biri də Xəzər dənizinin suyunun duzsuzlaşdırılması zovodunun inşası ilə bağlıdır. Onun sözlərinə görə, ölkəmizdə ilk dəfə inşa ediləcək müəssisənin investoru məhz Səudiyyə Ərəbistanı şirkəti olacaq.
Coğrafiya elmləri doktoru Zaur İmrani bildirdi ki, dəniz suyunun duzsuzlaşdırılması dedikdə, həmin suyun içməli və təsərrüfatın bəzi sahələri üçün yararlı vəziyyətə gətirilməsi nəzərdə tutulur. Bu istiqamətin Azərbaycan hökümətinin əsas hədəflərindən biri olduğunu diqqətə çatdıran alimin sözlərinə görə, dünyada baş verən qlobal iqlim dəyişiklikləri fonunda su çatışmazlığı ilə bir sıra ölkələr, hətta regionlar qarşılaşır. Məhz bu baxımdan, Xəzər dənizi suyunun duzsuzlaşdırılması prioritet istqamət kimi qəbul edilməlidir. Bu tip layihələrin əsas üstün cəhəti isə gələcək su qıtlığının qarşısını almaq və ətraf ərazilərin su təchizatını yaxşılaşdırmaqdan ibarətdir.
Onun fikrincə, Xəzər dənizinin suyundan daha effektiv şəkildə istifadə edərək biz içməli və təsərrüfat suyu çatışmazlığı problemini qismən də olsa həll edə bilərik: “Dəniz suyunun duzsuzlaşdırılması bizə su təhlükəsizliyinə təminat verər, içməli su qıtlığının aradan qaldırılmasına nail olmaq olar, kənd təsərrüfatı əkin sahələri üçün yeni imkanlar yarada bilər. Bütün bunlarla yanaşı, bəzi mütəxəssislər hesab edir ki, Xəzər dənizi suyunun duzsuzlaşdırılması quraqlıq risklərinin minimuma endirilməsində də həlledici rol oynaya bilər”.
Yeri gəlmişkən, “ACWA Power”in Türkiyə və Azərbaycan üzrə müdiri Səlim Güvən mətbuata açıqlamasında ölkəmizin təmsil etdiyi şirkət üçün, sadəcə, bazar deyil, strateji tərəfdaş olduğunu vurğulayıb. O deyib ki, şirkət Azərbaycanda 300 min kubmetr dəniz suyunu duzsuzlaşdırmaq gücünə malik olan yeni layihəyə hazırlaşır. Səlim Güvənin sözlərinə görə, zavodun 2028-ci ilin iyununda tam hazır olacağı planlaşdırılır.
Qeyd edək ki, layihə Bakı şəhəri və Abşeron yarımadasının içməli suya artan tələbatını təmin etmək, şirin su mənbələrini şaxələndirmək, içməli su təchizatı sahəsində beynəlxalq təcrübəni və texnologiya transferini stimullaşdırmaq və xarici sərmayə cəlbi baxımından mühüm töhfədir. Eyni zamanda, pilot layihənin uğurlu icrası ölkəmizdə gələcəkdə dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində infrastruktur layihələrinin reallaşdırılmasına əlverişli imkan yaradacaq.
Rövşən ABBASOV,
coğrafiya üzrə fəlsəfə doktoru
Alternativ su mənbəyi kimi dəniz suyunun duzsuzlaşdırılması böyük əhəmiyyət daşıyan və strateji xarakterli fəaliyyətdir. Dəniz suyunun duzsuzlaşdırılması onun həm içməli su, həm də suvarma məqsədləri üçün yararlı vəziyyətə gətirilməsi deməkdir. Bu proses zamanı suyun tərkibindəki duz kənarlaşdırılır və əldə olunan sudan müxtəlif sahələrdə istifadə imkanı yaranır.
Bu istiqamətdə ölkəmizdə genişmiqyaslı işlər həyata keçirilir. Məlum olduğu kimi, Azərbaycan əhalisinin böyük hissəsi Abşeron yarımadasında məskunlaşıb. Həmin ərazinin isə şirin su mənbələri məhduddur və Xəzər dənizi faktiki olaraq alternativ su mənbəyi kimi çıxış edir. Gələcəkdə əhalinin suya olan tələbatının ödənilməsində, xüsusilə Bakı iqtisadi rayonunda dəniz suyunun rolu daha da artacaq.
Məhz bu zərurətdən irəli gələrək dəniz suyunun duzsuzlaşdırılması layihələrinin icrasına başlanılıb. Dəniz suyunun duzsuzlaşdırılmasının iqtisadi mahiyyəti ondan ibarətdir ki, bu proses yüksək enerji sərfi və əlavə xərclər tələb edir. Bu amil duzsuzlaşdırılmış suyun maya dəyərini artırır. Lakin nəzərə alsaq ki, Xəzər dənizinin suları okean suları ilə müqayisədə daha az duzludur. Bu da ölkəmizdə yaradılan duzsuzlaşdırma müəssisələrinin iqtisadi xərclərinin İsrail, ABŞ və Səudiyyə Ərəbistanı kimi ölkələrlə müqayisədə daha aşağı olmasına imkan verir.
Belə ki, dünyada orta hesabla bir kubmetr suyun duzsuzlaşdırılması üçün, təxminən, 2 ABŞ dolları vəsait tələb olunduğu halda, bu göstərici Azərbaycanda 1–1,5 ABŞ dolları səviyyəsində dəyişə bilər. Bu isə iqtisadi baxımdan rəqabətqabiliyyətli hesab olunur və perspektivdə xərclərin daha da azalması mümkündür. Xüsusilə vurğulanmalıdır ki, ölkəmiz enerji sektorunda alternativ mənbələrə keçidi sürətləndirir. Xarici investisiyalar hesabına iri günəş və külək elektrik stansiyaları inşa edilir ki, bu da gələcəkdə enerji təminatının dayanıqlılığını artırmaqla yanaşı, duzsuzlaşdırma prosesində enerji xərclərinin azalmasına şərait yaradacaq.
Bütün bu amillərin təhlili göstərir ki, Xəzərin suyunun duzsuzlaşdırılması iqtisadi, sosial və ekoloji baxımdan səmərəli istiqamət kimi qiymətləndirilə bilər. Ekoloji baxımdan bu proses hər bir kubmetr suyun çaylardan götürülən su həcminin azalması deməkdir. Bu isə Kür çayı və digər kiçik çayların ekosisteminin qorunmasına xidmət edir.
Dəniz suyunun duzsuzlaşdırılması suya olan tələbatın ödənilməsi ilə yanaşı, ekoloji tarazlığın qorunmasına, ölkənin xarici su mənbələrindən asılılığının azalmasına və strateji dayanıqlılığın təmin edilməsinə mühüm töhfə verir. Hesab edirəm ki, gələcəkdə Azərbaycanın 825 kilometrlik sahil xətti boyunca yerləşən yaşayış məntəqələrində də oxşar duzsuzlaşdırma qurğularının istifadəyə verilməsi real və məqsədəuyğun perspektiv kimi dəyərləndirilə bilər.
Mirbağır YAQUBZADƏ
XQ


