Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın təşkilatçılığı və Xidmətin dəstəyi ilə ölkəmizdə təhsil alan əcnəbi tələbələr üçün maarifləndirmə tədbiri keçirilib.
XQ xəbər verir ki, tədbir "Azərbaycan Respublikasının mədəni sərvətləri – tarix və memarlıq abidələri ilə bağlı qanunvericiliyin tələbləri" mövzusuna həsr olunub.
Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar ölkəmizdə təhsil alan əcnəbi gəncləri Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış etmək, həmçinin tarixi və memarlıq abidələrinin qorunması istiqamətində mövcud olan hüquqi bazanı onlara izah etmək olmuşdur.
Tələbələrə həmçinin, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir sərvətlərimiz – qədim və orta əsrlərin şəhər mədəniyyətini özündə təcəssüm etdirən İçərişəhər və Şirvanşahlar sarayı kompleksi, əzəmətli ruhunu indiyədək qoruyan Qız Qalası, həmçinin Şəkinin tarixi mərkəzi və Xan sarayı haqqında da ətraflı məlumat verilib.
Belə maarifləndirmə tədbirləri ölkəmizdə təhsil alan əcnəbilərin cəmiyyətimizə sürətli inteqrasiyasına və mədəniyyətlərarası dialoqa töhfə verir.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ilə bağlı maarifləndirici video-çarx nümayiş olunub.


