Son iki ildə əməyin mühafizəsi ilə bağlı 167 dövlət standartı hazırlanaraq təsdiqlənib

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrlik etdiyi “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitə tərəfindən 2024-2025-ci illər ərzində əməyin mühafizəsi ilə bağlı 167 dövlət standartı hazırlanaraq təsdiq edilib.

Bu standartlar Beynəlxalq Əmək Təşkilatının “Əməyin təhlükəsizliyi və gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının tələblərinə uyğun olmaqla, ölkəmizdə əməyin mühafizəsi sahəsində sistemli yanaşmanın gücləndirilməsinə, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunmasına, əməyin mühafizəsi qaydalarının qabaqcıl beynəlxalq təcrübə əsasında  təkmilləşdirilməsinə xidmət edir.

Məsələn, qeyd edilən standartlardan biri olan “Əmək sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemləri” üzrə AZS ISO 45001 standartı iş prosesində yarana biləcək təhlükələrin öncədən müəyyən edilərək, sistematik yanaşma əsasında preventive tədbirlərin tətbiqini nəzərdə tutur. Eyni zamanda, standart iş yerlərində rəhbərliyin əməyin mühafizəsi prosesinə birbaşa cəlb olunmasını və işçilərin təhlükəsizlik qərarlarında yaxından iştirakını tələb edir.

Bu il də əməyin mühafizəsi ilə bağlı daha 60 yeni dövlət standartlarının hazırlanaraq qəbul edilməsi nəzərdə tutulur.

Sosial həyat