Ötən əsrin 80-ci illərində sovet xalqlarının milli-adət ənənələrinin, tarixi keçmişinin, şəxsiyyətlərinin unutdurulması prosesinə start verilmişdi. Bu qərar Suslov nəzəriyyəsinə əsaslanırdı. Məqsəd vahid sovet xalqı formalaşdırmaq idi. Bu günədək humanitar elmlər sahəsində müdafiə edilən dissertasiyaların əksəriyyətində problemlərin öyrənilməsinə daha çox fikir verilsə də, şəxsiyyətlərin öyrənilməsinə az diqqət göstərilib. Bu SSRİ dövründən qalma ənənədir.
Bu fikirləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyanın doktorant və dissertantları, gənc alim və mütəxəssisləri üçün “Azərbaycan elmi: Humanitar və rəqəmsal təfəkkürün qovşağında” adlı ustad dərsində bildirib.
Akademik qeyd edib ki, o dövrdə Sovetlər İttifaqı ümumi vətən hesab olunur, cəmiyyətə sovet vətəndaşı ideyası aşılanırdı: “Elmlər akademiyalarında mövzular əsasən problemlər üzərində qurulur, şəxsiyyətlər isə arxa plana keçirilirdi. Bu isə xalqların tarixi keçmişinin unutdurulmasına gətirib çıxarırdı. Milli iftixar hissi doğuracaq böyük yazıçılar, sərkərdələr, hökmdarlar haqqında səthi məlumatlar verilirdi. Təəsüf ki, hələ də bizim elmimizdə o ənənənin elementləri qalmaqdadır. Təsəvvür edin ki, bizdə Qarabağ tarixi haqqında xeyli kitablar yazılıb, Qarabağnamələr çap olunub, amma Pənahəli xan barədə ciddi əsər yoxdur. Məsələn, Qaraqoyunlu, Ağqoyunlu dövlətlərində ordu siyasəti, iqtisadiyyat, beynəlxalq əlaqələr haqqında kitablar var, amma hökmdarlar, onların şəxsiyyəti, fəaliyyəti, taleyi və şəcərəsi haqqında kitablar yoxdur. Nadir şah, Şah İsmayıl barədə kitabların çoxu Səfəvi və Əfşar dövlətləri barədədir. Lakin şəxsiyyətlərin özü və şəcərəsi barədə məlumatları biz daha çox xarici müəlliflərin əsərlərinin tərcümələrindən əldə edirik”.
İ.Həbibbəyli əlavə edib ki, bu baxımdan AMEA Rəyasət Heyətinin 2023-cü ildə verdiyi qərarla institutların qarşısında vəzifələr qoyulub və milli, ədəbi-tarixi şəxiyyətlərimizin yenidən öyrənilməsi konsepsiyası davam etdirilir. Bu baxımdan milli-tarixi şəxsiyyətlərimizin daha dərindən araşdırılması və xalqımıza tanıdılması üzərində alimlərimiz ciddi əmək sərf edirlər. Əlbəttə ki, humanitar sahələrdə dövrləri, problemləri araşdırmaq vacibdir. Lakin bu fəaliyyət ədəbi-tarixi şəxsiyyətlərimizin unudulması və ya arxa plana keçirilməsinə gətirib çıxarmamalıdır.
Anar Turan

