Bakıda neft ticarəti və logistikası forumu

post-img

Dünən Bakıda Xəzər və Mərkəzi Asiya regionlarında neftin ticarəti və logistikasına həsr olunmuş ikinci forum keçirilib. Forumun məqsədi regional neft ticarəti və logistikası sahəsində peşəkar dialoqun inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması və işgüzar əlaqələrin qurulmasından ibarət olub. Toplantıda dəyişən qlobal mühitdə nəqliyyat və infrastruktur, maliyyə aspektləri və əməliyyatları, eləcə də ticarət strategiyaları, resurs bazası, emal və digər məsələlər barədə də geniş müzakirələr aparılıb.

Forumda Azərbaycan Dövlət Neft Şirkətinin törəməsi – “SOCAR Trading” şirkətinin kommersiya məsələləri üzrə direktoru Tağı Tağızadə bildirib ki, dünya son 6 ildə “super dövr” adlandırıla biləcək mürəkkəb bir mərhələdən keçir. Səudiyyə Ərəbistanında baş verən hadisələrin, ardınca COVID-19 pandemiyası və Rusiya–Ukrayna münaqişəsinin qlobal iqtisadiyyata ciddi təsir göstərdiyini xatırladan T.Tağızadə hazırda dünyanın neft tədarükü üçün ən kritik nöqtə sayılan Hörmüz boğazındakı müharibə şəraiti ilə üz-üzə olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, hazırda Körfəz regionundan gündəlik 13-15 milyon barel civarında neft tədarükü çatışmazlığı müşahidə olunsa da, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr alternativ boru kəmərləri və quru yolları vasitəsilə vəziyyətdən çıxış yolları tapıblar. Onun sözlərinə görə, bu addım “OPEC plyus”, Beynəlxalq Enerji Agentliyi tərəfindən görülən tədbirlər, strateji neft ehtiyatlarından istifadə, neft emalı zavodlarının yüklənməsinin azaldılması və ayrı-ayrılıqda kiçik görünə biləcək digər addımlarla birlikdə, ümumilikdə, vəziyyətin və mövcud böhranın yumşaldılmasına kömək edir.

Butün bunlara baxmayaraq, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin region üçün daha təhlükəsiz və dəyərli ixrac marşrutu olduğunu vurğulayan natiq deyib ki, neftin keyfiyyəti, daşınma müddəti, nəqliyyat xərcləri, qiymət formalaşması və sığorta xərcləri kimi amillər sözügedən kəməri region üçün daha təhlükəsiz və dəyərli ixrac marşrutuna çevirir.

Dünyanın hələ də iqtisadi inkişaf və texnoloji yeniliklərin təmin olunması üçün enerji və emal olunmuş məhsullardan asılı olduğunu bildirən T.Tağızadə daha sonra qeyd edib ki, məhz bu səbəbdən hazırkı vəziyyət bütün bazarlarda və ümumilikdə, qlobal iqtisadiyyatda ciddi təsir və dalğalanma yaradır.

Qazaxıstanın “Petrocouncil.kz” şirkətinin İdarə Heyətinin sədri Asılbek Cakiyev çıxışında ölkəsinin Xəzər dənizi vasitəsilə neft nəqli marşrutunun dəstəklənməsində, neft-kimya məhsullarının ixracını Orta Dəhliz vasitəsilə Azərbaycana yönləndirəcəyini diqqətə çatdırıb. Bu məsələdə əsas problemin Qazaxıstanın Xəzərdə infrastrukturun genişləndirilməsinə təkbaşına bir neçə milyard ABŞ dolları yatıra bilməməsindən ibarət olduğunu bildirən şirkət rəhbəri buna görə avropalı və amerikalı tərəfdaşlarla müvafiq işlərin aparıldığını bildirib: “Biz çox yaxşı başa düşürük ki, bütün Qazaxıstan neftinin 80 faizi yalnız bir boru kəməri ilə nəql olunur. Geosiyasi risklər həddən artıq çoxdur. Biz baş verən hadisələr qarşısında olduqca həssas olduğumuzu gördük. İstənilən halda bizim iki alternativ yolumuz var. Birinci və prioritet yol Xəzər vasitəsilə Azərbaycana gedən Orta Dəhliz, ikincisi isə Çinə gedən yoldur”.

Asılbek Cakiyev qeyd edib ki, Qazaxıstanda neft-kimya və emal sahəsində planlaşdırılan layihələrin ümumi büdcəsi yaxın 5 il ərzində 15 milyard ABŞ dolları təşkil edəcək. Qeyd olunub ki, 2030-cu ilə qədər neft hasilatını ildə 100 milyon tona çatdırmaq kimi iddialı məqsədlər var. Bu gün ölkə dünyada 10 ən böyük neft və qaz istehsalçısı sırasında yer alır.

Pakistan Neft İnstitutunun rəhbəri Şəhriyar Omar söyləyib ki, Xəzər və Mərkəzi Asiya regionundan enerji ixracında əsas perspektiv istiqamət cənub bazarlarıdır. Onun sözlərinə görə, 5-10 ildən sonra Avropa bazarları–Qərb marşrutları region üçün əsas çıxış yolu olmayacaq: “Çünki Avropada əhali azalır və bu region fosil yanacaqlardan tədricən imtina edir. Region ölkələri diqqəti daha çox cənub istiqamətinə yönəltməlidir. Cənubda, təxminən, 2 milyardlıq, sürətlə artan əhali və inkişaf edən iqtisadiyyatlar mövcuddur. Bu isə gələcək üçün böyük bazar potensialı deməkdir”.

Qonaq ölkəsinin bu baxımdan mühüm tranzit imkanları təqdim etdiyini vurğulayaraq deyib ki, Pakistandan Ərəb dənizinin isti sularına çıxış mümkündür. Bu ideyanın uzun illərdir ki, müzakirə olunmasına baxmayaraq, indiyə qədər real nəticə əldə edilmədiyini bildirən institut rəhbəri artıq şirkətlərin məhsullarını Qərbə və yaxud Şərqə deyil, Cənuba yönəldəcək infrastruktur layihələrinə investisiya etməyin vaxtının çatdığını diqqətə çatdırıb.

“SOCAR Trading” şirkətinin məsləhətçisi Mevlüt Çetinkaya isə bildirib ki, gələcəkdə xammalın çoxfunksionallığı və “yaşıl” enerjinin inteqrasiyası yeni neft-kimya zavodlarının texnoloji inkişafını müəyyən edən əsas amillər olacaq. Onun sözlərinə görə, birinci amil xammal bazasından istifadə imkanlarının genişləndirilməsi ilə bağlıdır. “Bu gün bir konkret xammal növü deyil, geniş resurs spektrindən istifadəyə imkan verən texnologiyalar hazırlanır. Bu, istehsalı daha çevik və bazardakı dəyişikliklərə daha davamlı edir”, – deyə o qeyd edib.

Bununla yanaşı, şirkət rəsmisi bərpaolunan enerji mənbələrinin neft-kimya proseslərinə inteqrasiyasını ikinci əsas istiqamət adlandıraraq bildirib ki, burada söhbət “yaşıl enerji”nin istehsal zəncirlərində maksimum tətbiqindən gedir. Hazırda əsas texnoloji həllər məhz bu istiqamətdə cəmlənib, lakin onların tam kommersiyalaşdırılması üçün vaxt lazım olacaq. O əlavə edib ki, xam neftin birbaşa kimyəvi məhsullara emalı texnologiyalarına, eləcə də hidrogen energetikasının inkişafına xüsusi diqqət yetirilir, bu istiqamətlər neft emalı və neft-kimya sənayesinin inteqrasiyasının əsas elementləri kimi nəzərdən keçirilir.

“SOCAR Georgia Petroleum” şirkətinin kommersiya şöbəsinin rəhbəri Mirza Şavqulidze Gürcüstan tamamilə xarici yanacaqdan asılı olduğunu və idxalın əsasən Rusiya, Bolqarıstan, Rumıniya və Azərbaycanın payına düşdüyünü diqqətə çatdırıb. Onun sözlərinə görə, ümumi idxalın 48 faizini yanacaq təşkil etsə də, sonrakı yerlərdə Ai-95 və Aİ-92 markalı avtomobil benzini qərarlaşır.

Forum öz işini bu gün davam etdirəcək.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat