Media Ana dilinin fəal keşikçisidir

post-img

Dünən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin 2026-cı ildə ilk iclası keçirilib.

Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, Prezident İlham Əliyev ötən il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yığıncaqdakı çıxışında ana dilimizin qorunmasının vacibliyini vurğuladı. O rəhbərlik etdiyi qurumun noyabrın 7-də bununla bağlı Medianın İnkişafı Agentliyi ilə birgə “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfrans keçirdiyini xatırlatdı.

Şura sədri qeyd edib ki, İdarə Heyətinin 2025-ci ildə keçirilmiş son iclasında da Prezident İlham Əliyevin fikirlərindən irəli gələn məsələlər müzakirə edildi və müvafiq olaraq Mətbuat Şurasının dil komissiyasının tərkibi yenidən formalaşdırıldı.

Dövlət başçısı yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində ana dilimizin qorunması məsələsinə daha geniş yer verdi.

MŞ sədri qurumun dil komissiyasının bu gün keçiriləcək genişləndirilmiş iclasında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərlə bağlı daha geniş müzakirənin aparılacağını, konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdiriləcəyini vurğuladı. Bundan əvvəl isə İdarə Heyəti mütəxəssislərin dil komissiyasında təmsilçiliyi məsələsinə baxmalıdır. R.Məcid namizədlərin adlarını açıqladı və onların komissiyaya üzvlüyü təsdiqləndi.

***

Həmin gün Mətbuat Şurası dil komissiyasının genişləndirilmiş iclası keçirildi. Komissiya sədri, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı bildirib ki, formalaşdırılan heyət dövlət başçısının dilimizin qorunmasının vacibliyinə dair tələbini cavablandıran fəaliyyəti hədəf seçib. Komissiyanın işinin daha səmərəli qurulması üçün onun tərkibinə dilçi alimlər və mütəxəssislər cəlb olunub.

Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli, dil komissiyasının üzvləri – Bakı Dövlət Universitetinin professorları Qulu Məhərrəmli, Tofiq Hacıyev, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, əməkdar artist Nərgiz Cəlilova, AMEA Dilçilik İnstitutunun şöbə müdiri, dosent Rasim Heydərov, İTV telekanalının aparıcısı Vüsalə Məmmədova, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, Mətbuat Şurası İdarə Heyətinin üzvləri Müşfiq Ələsgərli və Yeganə Hacıyeva media məkanında ana dilindən istifadə sahəsindəki pozuntularla bağlı xarakterik tendensiyalara diqqət çəkib, belə halların aradan qaldırılması üçün sistemli monitorinqlərin aparılmasının, onların nəticələrinin cəmiyyətə çatdırılmasının vacibliyi, habelə, jurnalistlərə konkret dil xətalarının əksini tapdığı tövsiyə mətnlərinin ünvanlanmasının əhəmiyyəti üzərində dayanıblar.

Qabil YUSİFOĞLU
XQ



Sosial həyat