2011-ci ildən etibarən Bakı və ətraf rayonlarda nəqliyyatın intellektual idarəetmə sisteminə keçid başlanıb. İctimai nəqliyyatın vəziyyətini nizamlı və müasir səviyyəyə qaldırmaq məqsədilə bir sıra yeniliklər tətbiq olunub, dayanacaqlarda “ağıllı” monitorlar quraşdırılıb. İlk baxışda bu ekranlar texnoloji tərəqqi və müasir urban mədəniyyətinin nümunəsi kimi görünür.
Lakin sərnişinlər onlara yaxınlaşdıqca, bu ilkin təsəvvür pərən-pərən düşür. Ekranlar çox vaxt qaranlıq, donmuş, üzəri illərin tozu ilə örtülmüş, köhnəlmiş vəziyyətdədir. Nə avtobusun gəlişi bəlli olur, nə də onun hansı marşrut üzrə hərəkəti. Sərnişin bu “ağıllı” qurğudan heç bir cavab ala bilmir.
Əslində bu monitorlar bəzək üçün deyil. Dövlət hesabına quraşdırılmış “intellektual nəqliyyat sistemi”dir. Onlar ictimai asayişi nizamlamalı, sərnişinlərin rahatlığına xidmət etməli, vaxt baxımından qeyri-müəyyənliyini aradan qaldırmalıdır. Amma sözün əsl mənasında, səssiz-səmirsiz dayanıblar. Şəhər sakinləri də bu monitorların yararsız vəziyyətə düşməsindən gileylənirlər.
Xalidə BAĞIROVA,
Bakı sakini:
– İllər öncə bu monitorlar quraşdırılanda çox sevinmişdik. Monitorların işləməməsi yaşlılar üçün lap çətindir. Çünki gənclər mobil telefonlarla avtobusun gediş-gəlişi izləyə bilirlər, amma biz yaşlılar onu bacarmırıq.
Cahid HƏSƏNZADƏ,
Bakı sakini:
– Mən 2 aydır ki, Bakıya köçmüşəm. Demək olar ki, bütün avtobus dayanacaqlarında elektron lövhələrə rast gəlirəm. Amma təəssüf ki, heç biri işləmir. Ya sərnişinlərdən, ya da sürücülərdən soruşmalıyam ki, bu avtobus hara gedir? Bir neçə dəfə dayanıb gözləmişəm, sonra öyrənmişəm ki, səhv dayanacaqdayam. Amma lövhələr işləsə, nə vaxt itirər, nə də səhv dayanacaqda gözləyərik.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirdi ki, ümumiyyətlə, bu qurğuların uzunmüddətli istifadəsi mümkün olmayıb:
– Bu monitorlar keçmiş Nəqliyyat Nazirliyi (red. Hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) tərəfindən ölkəyə gətirilib. Lakin qısa müddət sonra məlum oldu ki, onların istismara yararlılığı ciddi sual altındadır. Monitorlar bir çox ölkələrdə, məsələn, Avropa və Amerikada artıq ikinci və üçüncü dərəcəli texnologiya hesab olunur, praktik istifadəsi isə məhduddur.
Yaşlı və texnologiyaya az bələd olan sərnişinlər üçün isə monitorların işləməməsi daha ciddi problem yaradır. Onlar uzun müddət dayanacaqlarda gözləməli olur, məlumat əldə edə bilmirlər. Problem yalnız monitorların işləməməsi deyil, bəzi avtobus dayanacaqlarında, hətta ən sadə məlumat lövhələri də yoxdur.
Sərnişin dayanacağa yaxınlaşanda hansı avtobusun buradan keçdiyini öyrənə bilmir. Belə vəziyyət həm də inzibat planlaşdırma problemi hesab olunur.
İndiki vəziyyətdə həmin monitorları işə salmaq da sərfəli deyil. Onları atmaq lazımdır. Mövcud texniki infrastruktur sıfırdan yeni sistem qurmaqla daha effektiv və iqtisadi cəhətdən sərfəli şəkildə əvəz edilə bilər. Müasir mobil tətbiqlər və süni intellekt əsaslı sistemlər bu problemi əhəmiyyətli dərəcədə həll edir və sərnişinlər üçün daha əlverişli və təhlükəsiz mühit yaradır. Yeni texnologiyalar, xüsusilə mobil tətbiqlər və süni intellekt əsasında hazırlanmış nəqliyyat izləmə sistemləri, sərnişinlərə avtobusların marşrutunu, keçid vaxtlarını dəqiq və rahat şəkildə təqdim edir. Sadəcə müəyyən tədbirlər həyata keçirməklə çalışmalıyıq ki, hər kəs bundan faydalana bilsin.
“BakuBus” MMC-dən XQ-yə bildirildi ki, qurumun istismarında olan bütün avtobuslarda dayanacaqların səsləndirilməsi sistemi mövcuddur və bu sistemin fasiləsiz işləməsi sərnişinlərin marşrut üzrə rahat hərəkəti baxımından vacib hesab olunur. Lakin bəzi hallarda sistemin fəaliyyətində texniki səbəblərdən qısamüddətli fasilə yarana bilər. Belə hallarda problem dərhal həll oluna bilməsə də, sürücülər avtobusu depoya təhvil verərkən mövcud nasazlıq barədə mexanikə məlumat verirlər. Məlumat əsasında dərhal texniki xidmət göstərilir və problem qısa müddətdə aradan qaldırılır. Sistemlərin fasiləsiz işləməsi üçün davamlı monitorinq və texniki nəzarət həyata keçirilir.
Amma avtobus dayanacaqlarında quraşdırılmış intellektual monitorların idarə olunması və istismarı “BakuBus” MMC-nin yox, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) səlahiyyətlərinə aiddir.
Bu səbəbdən problemi ətraflı və dəqiq öyrənmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumdan verilən məlumata görə, paytaxtın müxtəlif ərazilərindəki dayanacaqlarda quraşdırılan avtobus informasiya terminalları illər öncə problem yaşandığından hazırda işləmir.
Sərnişinlərə göstərilən xidmət keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə AYNA tərəfində innovativ həllər tətbiq olunur. Belə ki, bu ötən ilin sonlarında “AYNA MaaS” tətbiqi istifadəyə verilib. Tətbiq səmərəli səyahəti və istifadəçilərə nəqliyyat növlərindən istifadə ilə bağlı seçim imkanlığını təmin etmək və ictimai nəqliyyat xidmətlərini təkmilləşdirmək üçün nəzərdə tutulmuş mobillik proqramıdır.
Bu rəqəmsal nəqliyyat platforması müxtəlif nəqliyyat növlərini (avtobus, metro, dəmiryolu, skuter, velosiped) vahid tətbiqdə birləşdirir. Platforma istifadəçiyə bir tətbiq vasitəsilə müxtəlif nəqliyyat növləri arasından ən uyğun marşrutu seçməyə, səfər planlamasını həyata keçirməyə, ödəniş üsulları, real vaxt rejimində qrafik və nəqliyyatın gəlmə vaxtı barədə məlumat əldə etməyə imkan verir. Tətbiqə Bakı şəhərində fəaliyyət göstərən bütün mikromobillik operatorları da inteqrasiya edilib.
“AYNA MaaS” vasitəsilə “Nəqliyyat” bölməsindən dayanacağı seçərək yaxınlaşan nəqliyyat vasitələrini real zamanda görmək mümkündür. Tətbiqdə nəqliyyat qrafiki və mövcud vasitələr barədə məlumatlar daim yenilənir. Tətbiq nəqliyyat növləri arasında problemsiz keçidi təmin edir, gözləmə vaxtını minimuma endirir.
Eyni zamanda, sərnişinlərin ictimai nəqliyyatla bağlı məlumatları rahat şəkildə əldə edə biləcəyi “Map AYNA” sistemi də yenilənib və funksionallığı daha da artırılıb. İctimai nəqliyyat barədə rəqəmsal informasiyalar ayna.gov.az internet resursunda “Avtobus marşrut xətləri” başlığı altında yayımlanmaqdadır. Hazırda platforma vasitəsilə sərnişinlər seçdikləri dayanacaq məntəqəsi, həmin dayanacaqdan keçməklə fəaliyyət göstərən marşrutların daşıyıcısı, hərəkət sxemi, tarifi və dayanacaqları haqqında məlumat əldə edə bilərlər.
Mövcud problemlər göstərir ki, doğru planlama, məsuliyyətli yanaşma və müasir texnologiyaların məqsədyönlü tətbiqi ilə “bu avtobus hara gedir?” sualına vaxtında və tam doğru cavab tapmaq mümkün olacaq.
Fidan ƏLİYEVA
XQ




