“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsinin üzvləri Göygöl rayonunda yerli sakinlərlə ötən ilin son görüşünü keçiriblər. Rayon icra hakimiyyətinin dəstəyi ilə təşkil olunan tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, “AzerGold” QSC İdarə Heyətinin üzvləri və şirkətin məsul əməkdaşları iştirak ediblər.
Görüşdə hazırda “AzerGold” QSC tərəfindən hasilat işləri aparılan “Tülallar” qızıl mədəninin yaxınlığında yerləşən Tülallar və Zurnabad kəndlərinin sakinləri təmsil olunub. Tədbir çərçivəsində şirkətin regionda həyata keçirdiyi sosial-iqtisadi layihələr, məşğulluğun artırılması və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov çıxış edərək “AzerGold” QSC-nin rayon ərazisində icra etdiyi layihələrin sosial-ictimai və iqtisadi baxımdan mühüm əhəmiyyət daşıdığını vurğulayıb, bu istiqamətdə görülən işləri yüksək qiymətləndirərək şirkət rəhbərliyinə təşəkkürünü bildirib.
“AzerGold” QSC İdarə Heyətinin üzvü, sədrin müavini, KSM Komitəsinin sədri Xəyyam Fərzəliyev “Tülallar” qızıl mədəninin istismara verilməsinin bölgədə yeni iş yerlərinin yaradılmasına və yerli əhalinin məşğulluğunun təmin olunmasına mühüm töhfə verdiyini qeyd edib. O bildirib ki, şirkətin fəaliyyəti nəticəsində 158 nəfər Göygöl rayon sakini daimi işlə təmin olunub.
Görüş zamanı cari il ərzində uğurla icra edilən sosial yardım aksiyaları, aqrar təsərrüfatların inkişafına dəstək layihələri, maarifləndirmə tədbirləri, ətraf mühitin mühafizəsi və digər istiqamətlər üzrə görülmüş işlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda vətəndaşların müraciətləri dinlənilib, irəli sürülən təklif və təşəbbüslər müzakirə olunub. Sakinlər tərəfindən qaldırılan məsələlərin araşdırılması və “AzerGold” QSC-nin səlahiyyətləri, eləcə də mövcud qanunvericilik çərçivəsində həll edilməsi məqsədilə qeydiyyata alındığı bildirilib.
Qeyd olunub ki, hədəf qruplarına yönəlmiş sosial təşəbbüslər çərçivəsində yerli icmalarla ənənəvi görüşlərin təşkili növbəti illərdə də davam etdiriləcək.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri

