Sosial şəbəkədə əxlaqi və hüquqi məsuliyyət

post-img

Avstraliya və Çin modellərinin üstünlükləri

Bir vaxtlar “uşaqlıq dünyamız” oynadığımız küçələri, oyun meydançalarını əhatə edirdisə, indi bu sərhədlər, sadəcə, bir ekranla məhdudlaşıb. Hətta rəqəmsal era uşaqlığımızı da əlimizdən alıb desək, yanılmarıq. Hər nə qədər texnologiyanın inkişafının müsbət tərəfləri vurğulansa da, onun bərabərində gətirdiyi riskləri gözardı etmək olmaz.

Yeni nəsil artıq smartfon ekranlarından gələn bildirişlər, sosial şəbəkələrdəki “like”, “comment” və “share” anlayışları ilə böyüyür. Onlar üçün “Instagram” hekayələri, “TikTok” trendləri, “Snapchat” filterləri və “YouTube Shorts” gündəlik reallıq kimi qəbul edilir. Rəqəmsal məkan artıq uşaqlar üçün kimlik, sosial status məsələsinə çevrilir. Bir çoxları bunun fərqinə varmasa da, problem həyati risk həddinə çatıb. Məhz bu səbəbdən son illərdə dünyanın müxtəlif ölkələrində 16 yaşına qədər uşaqlar üçün sosial mediaya girişin məhdudlaşdırılması və ya tam qadağan edilməsi məsələsi dövlət siyasətinin prioriteti kimi müəyyənləşdirilib.

Sözsüz ki, bu qadağalar cəmiyyətin öz gələcəyini necə qorumaq istəyi ilə bağlı fundamental suallar doğurur. Maraqlıdır, uşaqları nə dərəcədə “qorumalı”, nə vaxt “azad buraxmalı” və bu iki anlayış arasında hansı incə tarazlığı saxlamalıyıq? İlk növbədə vurğulanmalıdır ki, uşaqlar üçün sosial şəbəkələr onların özlərini necə gördüyünü, başqaları ilə münasibət qurma üsulunu, hətta dəyər anlayışlarını formalaşdırır. Alqoritmlər uşağın diqqətini cəlb etmək əvəzinə, onu mümkün qədər uzun müddət ekranda saxlamaq üçün işləyir. Erkən yaşda davamlı müqayisə, “bəyənilmə” ehtiyacı və virtual təsdiq asılılığı uşaqlarda özünəinam problemlərinə, sosial təcridə və emosional dalğalanmalara səbəb olur. Reallıqla virtual dünya arasında yaranan uçurum xüsusilə yeniyetməlik dövründə psixoloji gərginliyi artırır.

ARAYIŞ: Amerikalı psixoloq Con M.Tveng “Uşaqlar və yeniyetmələrdə sosial mediadan istifadə ilə depressiya arasında əlaqələr” adlı məqaləsində qeyd edir ki, 2010-cu ildən sonra yeniyetmələr arasında depressiya, narahatlıq və özünəqəsd düşüncələrinin artması məhz sosial şəbəkədən istifadənin kütləviləşməsi ilə paralel gedir. Onun digər arqumenti sosial medianın uşaqlarda daimi sosial müqayisə mühiti yaratmasıdır. Məhz bu səbəbdən uşaqlar və yeniyetmələr öz həyatlarını filtrdən keçmiş, idealizə olunmuş obrazlarla müqayisə etməyə məcbur qalırlar. Bu isə erkən yaşlarda özünüqiymətləndirmənin zəifləməsinə və daxili narazılıq hissinin dərinləşməsinə səbəb olur.

Sosial medianın daha təhlükəli tərəflərindən biri də kiberzorakılıqdır. Bir çox hallarda uşaqlar virtual məkanda təhqir, lağ obyektinə çevrilir, sosial təcrid riski ilə üz-üzə qalırlar. Ən narahatedici məqam isə odur ki, bu zorakılıq evin təhlükəsiz mühitində belə uşağı izləyir və fasiləsiz psixoloji təzyiq yaradır. M.Tveng bu cür təcrübələrin uzunmüddətli emosional travmalara səbəb ola biləcəyini vurğulayır. Bütün bunlarla yanaşı, sosial medianın uşaqlarda asılılıq yaradan mexanizmlər üzərində qurulması da xüsusi risk daşıyır. Daimi bildirişlər, mükafatlandırma sistemi uşaqların hələ tam formalaşmamış özünüidarə bacarıqlarını zəiflədir. Nəticədə, real həyatda səbir, diqqət və emosional dayanıqlılıq tələb edən fəaliyyətlər cazibəsini itirir.

Qeyd etdik ki, bu səbəbdən bəzi ölkələrdə 16 yaşından kiçik uşaqların sosial mediaya girişinə qadağalar tətbiq olunur. Hazırda azyaşlıların sosial mediadan istifadəsinə ən sərt və açıq hüquqi mexanizmi tətbiq edən ölkələr Avstraliya və Çindir. Avstraliyada qəbul edilən qanunvericilik aktı sosial media platformalarını birbaşa məsuliyyət daşıyan tərəf kimi müəyyən edir. Yəni qadağa platformalara yönəlib. “Instagram”, “TikTok”, “Snapchat” və oxşar platformalar yaşı 16-ya çatmamış şəxslərin hesab açmasına imkan verməməli, buna nəzarət üçün texnoloji mexanizmlər qurmalıdır. Sosial mediaya sərt nəzarət mexanizmlərinin tətbiq olunduğu ölkələrdən digəri də Çindir. Burada Qərb sosial media platformaları, ümumiyyətlə, qadağandır. Yerli platformalar isə dövlət nəzarəti altında fəaliyyət göstərir. Uşaqlar üçün sosial media istifadəsi həm yaş, həm də zaman baxımından ciddi şəkildə məhdudlaşdırılıb. Çin modeli demokratik azadlıqlardan çox dövlət nəzarətinə əsaslanır və bir həqiqəti açıq şəkildə göstərir ki, sosial media artıq təhlükəsiz və neytral məkan kimi qəbul edilmir. Skandinaviya ölkələri də ənənəvi olaraq sosial siyasətdə balanslı və psixoloji rifaha əsaslanan model tətbiq edir. Norveç bu baxımdan diqqətçəkən nümunədir. Hökumət sosial mediaya dair “rəqəmsal razılıq yaşını” 13-dən 16-ya qaldırmağı rəsmi şəkildə təklif edib. Bu, o deməkdir ki, 16 yaşına qədər uşaqlar valideyn razılığı olmadan sosial şəbəkələrdən istifadə edə bilməyəcəklər. Cənubi və Qərbi Avropada da oxşar tendensiya güclənir. İspaniya sosial mediaya dair məhdudiyyətləri “rəqəmsal asılılıqdan qorunmaq” anlayışı çərçivəsində formalaşdırır. Burada əsas hədəf uşaqların sosial mediada üzləşdiyi psixoloji risklərin hüquqi mexanizmlərlə minimuma endirilməsidir. İrlandiya Avropa İttifaqının məlumatların qorunması siyasətini sərt tətbiq edən ölkələrdən biridir. Bu ölkədə 16 yaş rəqəmsal razılıq yaşı kimi müəyyən edilib və bu, sosial media platformalarının uşaqlarla bağlı məsuliyyətini artırır.

Beləliklə, sosial media ilə bağlı qəbul edilən qərarlar cəmiyyətlərin öz gələcəyi ilə bağlı verdiyi siyasi və mənəvi seçimlərə çevrilir. Bu seçim formalaşacaq insan tipini, ünsiyyət mədəniyyətini və sosial davranış modelini müəyyən edir.

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

Yetkinlik yaşına çatmayanların zərərli informasiyalardan qorunması mövzusu media üçün həmişə aktual olub. Bu baxımdan azyaşlılarla bağlı yayılan məlumatlarda medianın necə davranmalı olduğunu ehtiva edən qaydalar həm jurnalistlərin etik kodeksində, həm də informasiya dövriyyəsinə aid olan qanunlarda əks etdirilib. “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Kodeksi”ndəki III Prinsip bu mənada xəbər istehsalçılarına istiqamət verir. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu da uşaqlarla bağlı informasiyalara xüsusi həssaslıqla yanaşmağı tələb edir. Həmin qanunda informasiya verilməsinin, xüsusilə yetkinlik yaşına çatmayan auditoriyanın zərərli informasiyalardan qorunması haqqında çox ciddi müddəalar mövcuddur. “Media haqqında” Qanunda məsələ daha konkretdir, aydın istiqamət verir. Amma bu qayda və qanunlar sosial şəbəkələr üçün nə dərəcədə keçərlidir? Problem bu mərhələdə başlayır. Əksəriyyət elə anlayır ki, qanunlar yalnız peşəkar media üçün nəzərdə tutulub. Çox təəssüf ki, peşəkar mediada bu məsələlər həssaslıqla yanaşılıb, nəzərə alınsa da, sosial media platformaları üzərindən yayılan informasiyalarda bu məsələlər nəzərə alınmır. Uşaqlar kifayət qədər zərərli informasiyalar almış olurlar. Düzdür, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsi yayılması qanunla məhdudlaşdırılan məlumatların “internet informasiya resurslarında yerləşdirilməsini” qadağan edir. Bu baxımdan, həmin maddənin dolayısı ilə sosial şəbəkə platformalarında yayılan uşaqlarla bağlı məzmuna da aidiyyəti vardır. Amma bu, birbaşa deyil, dolayı təsnifatdır və əksər sosial şəbəkə istifadəçiləri həmin boşluqdan istifadə edərək, uşaqlar üçün zərərli olan məlumatları sosial şəbəkələr üzərindən yayırlar. Hazırda mövcud olan bu qanun yalnız peşəkar medianı əhatə etdiyi üçün sosial şəbəkələrdə bu sahədə neqativlər üzə çıxır. Düşünürəm ki, sosial şəbəkələrin yaydığı məzmunda da uşaqların bu cür zərərli informasiyalardan qorunması haqqında qanunvericilikdə müəyyən düzəlişlərin edilməsinə ehtiyac var. Bütün bunları təkcə məktəbin, valideynin üzərinə yıxmaq olmaz. Hesab edirəm ki, bununla bağlı müəyyən ölçülərin götürülməsinin zamanı çatıb.

Nəzrin ELDARQIZI
XQ



Sosial həyat