Qeyri-neft sektoru yüksəliş meydanıdır

post-img

Birləşmiş Millətlər Təşkilatı (BMT) 2026-cı ildə Azərbaycanın iqtisadi artımını 2,7 faiz, 2027-ci ildə isə 2,6 faiz proqnozlaşdırır. Qurumun məlumatına görə, ötən il ölkə iqtisadiyyatı cəmi 1,6 faiz böyüyüb. BMT vurğulayır ki, 2026-cı ildə bu artım tempinin sürətlənməsi əsasən təbii qaz hasilatı və ixracının artması ilə yanaşı, qeyri-neft-qaz sektorunda davamlı yüksəliş hesabına baş verəcək. Qeyd edək ki, bu proqnozlar iqtisadiyyatın perspektivini nəzərə alaraq gözləntilər əsasında verilir.

İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2026-cı ildə ÜDM 2,9 faiz, 2027-ci ildə isə 3,3 faiz artacaq. Beynəlxalq reytinq agentlikləri daha ehtiyatlıdır: S&P Qlobal 2026-cı il üzrə 2 faiz, Fitch Ratings və Moody’s hər biri 2,5 faiz artım gözləyir. Digər beynəlxalq təşkilatlar da oxşar şəkil çəkir. Məsələn, Asiya İnkişaf Bankı 2026-cı ili təxminən 2 faiz artım səviyyəsində qiymətləndirir, Avropa Yenidənqurma və İnkişaf Bankı 2,5 faiz proqnoz verir, Dünya Bankı isə 2026-cı ildə 2,4 faiz artım gözləyir. Bu rəqəmlər ölkə iqtisadiyyatının neftdənkənar hissəsinin irəliləməsinə əsaslanmalıdır.

Proqnozlarda nəzərdə tutulan artımın önəmli hissəsi şübhəsiz ki, qeyri-neft sektorunun hesabına reallaşmalıdır. İqtisadiyyat Nazirliyi 2026-cı il üçün qeyri-neft-qaz sektorunda 5 faiz artım, neft-qaz sektorunda isə 2,4 faiz azalma proqnozlaşdırır. Yəni neft-qaz hasilatı azalsa da, qeyri-neft sahələrindəki inkişaf bu itkiləri kompensasiya edəcək. Artıq bu sahədə nəticələr görünür. Avropa Yenidənqurma və İnkişaf Bankının məlumatına əsasən, 2024-cü ildə qeyri-neft sektoru 6,1 faiz böyüyüb və cari dövrdə iqtisadiyyatın üçdə iki hissəsindən çoxunu təşkil edir. BMT də qeyd edir ki, 2026-cı ildə iqtisadi artım məhz təbii qaz ixracı ilə yanaşı, qeyri-neft sektorundakı yüksəlişdən qaynaqlanacaq. Xüsusilə tikinti, ticarət, turizm və informasiya texnologiyaları sahələrində canlanmanın davamı gözlənilir ki, bu da iqtisadiyyatın şaxələnməsinə təkan verəcək.

İnflyasiya üzrə proqnozlar daha da nikbindir. Xatırladaq ki, BMT 2025-ci ildə inflyasiya ilə bağlı proqnozu 3,6 faiz olaraq açıqlamışdı. Cari il üçün isə bu rəqəm 4 faizdir. 2027-ci ildə isə yenidən 3,5 faizə düşməsi gözlənilir. İqtisadiyyat Nazirliyinin hesablamalarına görə isə orta illik inflyasiya 2026-cı ildə 4,8 faiz, 2027-ci ildə 4,5 faiz təşkil edəcək. Mərkəzi Bankın son proqnozuna əsasən, 2026-cı ildə inflyasiya təxminən 5,7 faiz səviyyəsində qalacaq. Beynəlxalq maliyyə qurumları isə daha yüksək və aşağı rəqəmlərlə çıxış edir:

Hollandiyanın ING bank qrupu 2026-cı il üçün 5,3 faiz, 2027-ci il üçün 8,9 faiz gözləyir, Dünya Bankı 2025–2026-cı illər üzrə orta inflyasiyanı cəmi 2,3 faiz qiymətləndirir. Fitch Solutions 2026-cı ildə 5,5 faiz, 2027-ci ildə 4,8 faiz inflyasiya proqnozlaşdırır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə ilboyu inflyasiya 2,2 faiz olub, 2025-ci ilin yanvar-noyabrında isə 5,7 faizə yüksəlib. Yəni 2025-ci ildə qiymət artımı 2024-ə nisbətən sürətlənib, gələn il üçün müəyyən dərəcədə yumşalma ehtimalı qalır.

Nəticə etibarilə, 2026–2027-ci illər üçün proqnozlar ölkə iqtisadiyyatının qeyri neft sektorunun inkişafına güvənir. Artım tempinin 2–3 faiz aralığında qalacağı gözlənilir və bu da hazırkı qlobal duruma uyğun hesablanır. Dövlət proqnozlarına görə, növbəti illərdə sənayeləşdirmə və investisiyaların paylanması nəticəsində 2030-cu ilə qədər ÜDM-də qeyri-neft-qaz sektorunun payı təxminən 80 faizə yaxınlaşa bilər. Lakin neft-qaz ixracından asılılıq hələ qalmaqdadır. Dünya bazarındakı idxaldan asılı xammal və maliyyə şəraitində dəyişikliklər hələ də risk amili sayılır. Eyni zamanda, artan inflyasiya da daxili tələbi məhdudlaşdıra və tədbirləri gərginləşdirə bilər. Buna görə proqnozlar qeyri-neft sektorunun real inkişaf templərinə, hökumətin şaxələndirmə siyasətinin effektiv icrasına və dünya bazarındakı vəziyyətə birbaşa bağlıdır. Ümumilikdə, dayanıqlı inkişaf üçün sənaye, xidmət və kənd təsərrüfatı sahələrinə investisiyaların artırılması, idxaldan asılılığın azaldılması və maliyyə-sənaye sektorunun gücləndirilməsi zəruridir. Bu şərtlər altında Azərbaycanda 2026–2027-ci illərdə azalmış neft gəlirlərinin qarşısı qeyri-neft iqtisadiyyatının sürətli artımı ilə alınmağa çalışılacaq. Mənbələr göstərir ki, bu istiqamətdə atılan addımlar uzunmüddətli perspektivdə iqtisadi artımı və rifahı möhkəmləndirə bilər.

XQ

İqtisadiyyat