Axios: ABŞ Ukrayna ilə sülh sazişini razılaşdırıb, Rusiyadan “aydın cavab” gözləyir

post-img

ABŞ administrasiyası və Ukrayna rəsmiləri Rusiya–Ukrayna münaqişəsinin mümkün nizamlanması ilə bağlı sülh planını razılaşdırıblar. Bu barədə Axios nəşri mənbələrə istinadən məlumat yayıb. Vaşinqton hazırda Moskvanın sülh təşəbbüsünə dair “aydın və konkret mövqe” ortaya qoymasını gözləyir.

Nəşrin yazdığına görə, ABŞ Ukrayna tərəfi ilə sülh planının demək olar ki, bütün əsas məqamları üzrə razılıq əldə edib. Danışıqlar zamanı iki ən həssas məsələyə xüsusi diqqət yetirilib: Ukrayna üçün təhlükəsizlik zəmanətləri və Kiyevin mümkün ərazi güzəştləri. Məhz bu məqamlar indiyədək danışıqlarda əsas mübahisə mövzusu olub.

Razılaşdırılmış planın yenilənmiş variantı ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner tərəfindən Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevə təqdim edilib. Tərəflər Parisdə görüşüblər. Bu görüş ABŞ nümayəndələrinin Ukrayna və Avropa ölkələrinin təmsilçiləri ilə apardığı iki günlük məsləhətləşmələrdən sonra baş tutub.

Ağ Ev indi Rusiya Prezidenti Vladimir Putinin dəyişdirilmiş sülh planına münasibətini açıqlamasını gözləyir. Vaşinqton hesab edir ki, Moskvanın mövqeyi münaqişənin diplomatik yolla həllində həlledici rol oynayacaq.

Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl Fox News telekanalına müsahibəsində bildirmişdi ki, Kiyev tərəfindən hazırlanmış 20 maddəlik sülh planı Qərb tərəfdaşları ilə demək olar ki, 100 faiz razılaşdırılıb. Onun sözlərinə görə, Ukrayna beynəlxalq təhlükəsizlik zəmanətləri əsasında ədalətli və davamlı sülhün əldə olunmasında maraqlıdır.

Müşahidəçilər hesab edirlər ki, ABŞ-ın təşəbbüsü beynəlxalq diplomatik fəallığın artdığını göstərir. Lakin prosesin real nəticə verməsi üçün Rusiya tərəfinin mövqeyi hələ də əsas açar amil olaraq qalır.

S.ELAY

XQ

Dünya