Milli Qəhrəman Nazim Quliyevin xatirəsinə böyük ehtiram

post-img

Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Horadiz şəhərində yerləşən “Qəhrəmanlar Parkı”nda Milli Qəhrəman Nazim Quliyevin xatirəsi anıldı. Rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Füzuli rayon təşkilatının nümayəndələri, şəhid ailələri, qazilər, ziyalılar, gənclər, şəhidin ailə üzvləri və döyüş yoldaşları tədbirdə iştirak etdilər.

Əvvəlcə “Qəhrəmanlar Parkı”nda şəhidlərin əziz xatirəsinə ucaldılmış abidə kompleksləri və şəhid şəkillərindən ibarət lövhələr ziyarət olunaraq, qarşılarına tər çiçəklər düzüldü. 

Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüqar Teymurov və Gülbahar Eyvazova, YAP  rayon təşkilatının sədri Nazimə Şamıyeva, şəhid ataları Əfsər Qurbanov, Qulu Quliyev, şəhid anaları Rəfiqə Novruzova, Göyçək Nəsirova çıxış etdilər. Natiqlər şəhidlərin qəhrəmanlıq dolu döyüş yollarının gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əsas mənbə olduğunu, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan ordusunun qazandığı böyük Zəfər nəticəsində torpaqlarımızın işğaldan azad edilməsinin bütün şəhidlərimizin ruhuna rahatlıq gətirdiyini, şəhidlərin əziz xatirəsini hər zaman anılmasının hər kəsin vətəndaşlıq borcu olduğunu diqqətə çatdırdılar.

Rayon İcra Hakimiyyətinin əməkdaşı Xalisə Məmmədova Milli Qəhrəman Nazim Quliyevlə bağlı məlumatlardan ibarət təqdimatı səsləndirdi.

Daha sonra şəhidin ailə üzvləri və döyüş yoldaşları Milli Qəhrəman Nazim Quliyevlə bağlı xatirələrini bölüşdülər. İştirakşılar bütün şəhidlərə Allahdan rəhmət, qazilərə sağlamlıq arzuladılar.

Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Nazim Quliyev 7 fevral 1965-ci ildə Beyləqan rayonunun Örənqala kəndində anadan olmuşdur. O, 1982-ci ildə Örənqala qəsəbə tam orta məktəbini bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır.

1988-ci ilda Nazim könüllü müdafiə dəstələrindən birinin tərkibində döyüşlərə qatılıb və 1991-ci ildə Füzuli rayonunda polis nəfəri kimi işə qəbul olunub. 1992-ci ildə Kovşad kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanaraq 27 yaşında şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Quliyev Nazim Qabil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Ölümündən sonra adının əbədiləşdirilməsi məqsədilə Beyləqan rayonunun Örənqala qəsəbə tam orta məktəbi və Füzuli rayonunun Yağlıvənd kənd tam orta məktəbinə adı verilmişdir.

M.NƏRİMANOĞLU,

XQ-nin bölgə müxbiri







Sosial həyat