NASA 25 ilin taymlapsını təqdim etdi- VİDEO

post-img

Bu yaxınlarda təqdim edilən NASA taymlapsı bütöv iki yarım onillik ərzində yaradılıb. Söhbət planetimizdən təxminən 17 min işıq ili uzaqlıqda yerləşən Keplerin fövqəlnova qalığının tədqiqindən gedir.

Taymlapsın əsasını NASA-nın orbital rentgen rəsədxanası olan “Çandra” tərəfindən əldə edilmiş rentgen məlumatları təşkil edir. Bundan əlavə, Havay adalarında yerləşən Pan-STARRS teleskopu ilə çəkilmiş optik görüntülər də layihəyə daxil edilib. “Çandra” üçün uzunmüddətli müşahidələr aparmaq və eyni kosmik obyektlərə dəfələrlə qayıtmaq adi haldır, lakin bu taymlaps məşhur teleskopun fəaliyyəti tarixində zaman baxımından ən uzunmüddətli müşahidə olub.

“Çandra” Keplerin fövqəlnova qalığını,- astronomlar tərəfindən ilk dəfə 1604-cü ildə gecə səmasında müşahidə edilmiş obyekti,- 2000, 2004, 2006, 2014 və nəhayət 2025-ci illərdə qeydə alıb. Fövqəlnova qalıqları astronomlar və astrofiziklər üçün xüsusi maraq doğurur, çünki bunlar ulduz partlayışından sonra qalan maddə buludlarıdır.

Bu cür fövqəlnova qalıqları alimlər tərəfindən Kainatın genişlənmə sürətini ölçmək üçün istifadə olunur. Məhz bu konkret qalığın genişlənmə sürəti taymlapsın əsas elementinə çevrilib. 25 il ərzində baş verən dəyişiklikləri qeydə alan tədqiqatçılar maddə buludunun müxtəlif hissələrinin necə və hansı sürətlə hərəkət etdiyini ölçə biliblər. Ən sürətli fraqmentlər işıq sürətinin təxminən 2 faizi ilə, saatda təqribən 21,5 milyon kilometr sürətlə yayılır. Bu sahə taymlapsın aşağı hissəsində görünür. Eyni zamanda, görüntünün yuxarı hissəsində yerləşən ən yavaş sahə cəmi işıq sürətinin 0,5 faizi ilə, saatda təxminən 5,4 milyon kilometr sürətlə hərəkət edir. Doğrudan da olduqca ləngdir.

NASA qeyd edib ki, fövqəlnova qalığının müxtəlif bölgələri arasındakı bu qədər böyük sürət fərqi maddənin qeyri-bərabər sıxlığı ilə izah olunur. Bu isə öz növbəsində ulduz partlayışının necə baş verdiyi barədə mühüm ipucları verir.

Hazırladı:

S.ELAY

XQ


Maraqlı