G20: Qlobal problemlərin növbəti müzakirəsi

post-img

Dünən İyirmilik Qrupu (G20) ölkələrinin xarici işlər nazirlərinin Cənubi Afrikanın Yohannesburq şəhərində ikigünlük iclası işə başlayıb. Uzun illərdən sonra ilk dəfə bu görüşə ABŞ qatılmayıb. Dövlət Departamentinin rəhbəri Marko Rubionu tədbirdə ABŞ-ın Cənubi Afrikadakı səfiri Dana Braun əvəzləyib. İclasda Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edib. Çinin XİN başçısı Van İ də iştirakçılar arasındadır. Türkiyəni Yohannesburq görüşündə xarici işlər naziri Hakan Fidan təmsil edib.

Cənubi Afrika Respublikasının lideri Cyril Ramaphosa xarici işlər nazirlikləri rəhbərlərinin görüşünü şəxsən açıb: “Nəhayət, siz dünyanın indiyədək mövcud olan ən gözəl ölkəsinə gəlmisiniz”, – deyə onları saslamlayıb. Ölkəsinin dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından biri olduğunu vurğulayan C.Ramaphosa deyib: “G20 sammitinin ilk dəfə Afrika torpağında keçirilməsi əlamətdardır. Bu, Afrika ölkələri ilə dünya arasında əməkdaşlığı inkişaf etdirmək üçün əla fürsətdir. Bu sammitin yeri Afrikanın səsinin eşidilməsinə ehtiyac olduğunu vurğulayır”.

CAR prezidenti qeyd edib ki, geosiyasi gərginlik və artan dözümsüzlük, münaqişələr və müharibələr, iqlim dəyişikliyi, pandemiya, enerji və ərzaq təhlükəsizliyi məsələləri – bütün bunlar “onsuz da kövrək olan qlobal birgəyaşayışı” təhdid edir. O, əminliklə bildirib ki, G20 kimi forumlar bu problemləri birlikdə həll etməyə kömək edir.

C.Ramaphosa açılış nitqində Rusiya və Ukrayna arasındakı, eləcə də Yaxın Şərq və Afrika qitəsindəki münaqişələri xatırladaraq qısaca qeyd edib ki, G20-nin vəzifəsi bu münaqişələrin diplomatik yolla həllinə tərəfdar olmaqdır. Cənab Ramaphosa çıxışında daha sonra iqlim dəyişikliyinə toxunaraq bu məsələni “təhlükə deyil, hətta real fəlakət” adlandırıb.

Mətbuata açıq hissədən sonra görüş, bütövlükdə, bağlı qapılar arxasında keçirilib və qlobal geosiyasi vəziyyətin müzakirəsinə həsr olunub.

Tədbir çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. “Anadolu” agentliyinin məlumatına görə, görüş zamanı Rusiya–Ukrayna müharibəsinə son qoyulması prosesi müzakirə olunub: “Nazirlər Rusiya–Ukrayna müharibəsinə son qoyulması prosesini dəyərləndirib və bu çərçivədə son danışıqları müzakirə ediblər”, – deyə Türkiyə XİN-in bununla bağlı məlumatında qeyd edilir.

Çinin xarici işlər naziri Van İ də bildirib ki, ölkəsi Rusiya və ABŞ-ın əldə etdikləri son “konsensus” da daxil olmaqla, Ukraynada davam edən genişmiqyaslı müharibəyə son qoymaq səylərini dəstəkləyir. O, bu barədə G20 sammiti çərçivəsində RF XİN başçısı Sergey Lavrovla görüşdə deyib.

Çin xarici işlər nazirinin sözlərinə görə, Pekin “maraqlı tərəflərin bir-birinin narahatlıqlarını nəzərə alan uzunmüddətli və davamlı həll yolu tapa biləcəyinə ümid edir”.

Van İ bildirib: “Çin sülhə nail olmaq üçün bütün səyləri, o cümlədən ABŞ və Rusiyanın əldə etdiyi son konsensusa dəstək verir”. O əlavə edib ki, ölkəsi sülh danışıqlarında “konstruktiv rol” oynamağa hazırdır.

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi isə rusiyalı həmkarı Sergey Lavrovun G20 ölkələri diplomatlarının qapalı iclasındakı çıxışından sonra Moskvanın Ukrayna ilə sülh bağlamaq arzusunda olmadığını bildirib. “Reuters”in məlumatına görə, o deyib ki, dünyanın ən böyük iqtisadiyyatlarının xarici işlər nazirlərinin görüşü G20 üzvləri arasında Ukrayna müharibəsi ilə bağlı mübahisənin kölgəsində qalıb.

Britaniya rəsmisi Londonun ABŞ-dan təhlükəsizlik zəmanəti olmadığı halda Ukraynaya sülhməramlıların daxil edilməsinə dəstək verib-verməyəcəyi ilə bağlı sualı cavablandırıb: “Biz danışıqlar yolu ilə nizamlamaya daha yaxın deyilik. Və deməliyəm ki, mən rusların və Lavrovun burada dediklərinə qulaq asanda, əslində, bu sülhə nail olmaq üçün heç bir istək görmürəm”.

P.ƏMİRCANOV
XQ

Dünya