Ölkəmizdə təhsilverənlərin sertifikatlaşdırılması prosesi davam edir. Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, ümumi sertifikasiyada iştirak edən müəllimlərin 88 faizi uğur qazanıb. Yüksək nəticə göstərən müəllimlərin sayı sertifikasiyada qənaətbəxş nəticə göstərməyənlərdən iki dəfə çoxdur.
Test imtahanı mərhələsində 120 dəqiqə müddətində onların tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra elan edilir.
Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində 50 baldan yuxarı nəticə göstərən müəllimlərin vəzifə maaşına 35 faiz, keçid balını toplayan müəllimlərin vəzifə maaşına isə 10 faiz aylıq əlavələr edilir.
Faktiki olaraq, 2022–2024-cü illərdə, ümumilikdə, 65 min nəfərə yaxın müəllim sertifikatlaşdırmaya cəlb edilib. Bu prosesdən 55 min nəfər uğurla keçib, 17 min nəfərdən çox müəllimin əməkhaqqına 35 faiz, 38 mindən çox müəllimin əməkhaqqına isə 10 faiz əlavə tətbiq edilib. Nəticədə, əməkhaqqına 35 faiz əlavə tətbiq olunmuş müəllimlər üzrə orta aylıq 1295 manat, 10 faiz əlavə tətbiq olunmuş müəllimlər üzrə isə orta aylıq əməkhaqqı 980 manat təşkil edib.
Cari ildə əlavə 20 mindən çox müəllimin bu prosesə cəlb olunması və bu məqsədlə dövlət büdcəsində əlavə 60,8 milyon manat olmaqla, ümumilikdə, sertifikatlaşdırma çərçivəsində əməkhaqqı əlavələri üçün 154,4 milyon manat vəsait nəzərdə tutulub.
Sertifikasiya savadlı və ixtisasını bilməyən müəllimlər arasında fərq qoya bilən imtahandır. Burada kəsilən müəllimlərə şərait yaradılır ki, növbəti ildə təkrar imtahanda iştirak etsin. Amma təkrar sertifikasiya nəticəsi uğursuz olan müəllimlərin əmək müqaviləsinə xitam verilir. Hər iki sertifikasiyadan uğur qazanmayan müəllimlər həssas əhali qrupuna aiddirsə, onlara məktəblərdə qeyri-pedaqoji vəzifələr təklif edilir. Burada məqsəd kimlərinsə işdən çıxarılması deyil, gələcək nəsilin savadlı və əmin əllərdə olmasını təmin etməkdir.
İndiyədək imtahan vermiş pedaqoqlardan, təxminən, 5 mini uğurlu nəticə göstərmədiyi üçün əmək müqaviləsinə xitam verilib. Görünən budur ki, sertifikasiyadan keçə bilməyən müəllimlərin, təxminən, 60 faizi ucqar rayonlarda, kəndlərdə dərs deyənlərdir. Ekspertlər sertifikasiyadan uğur qazanmayan müəllimlərin çoxunun ucqar ərazilərdən olmasına səbəb kimi müəyyən mənada mərkəzdən kənarda qalmasını, təlimlərdə tam iştirak edə bilməməsini, materiallarla lazımınca əhatə olunmamasını və digər səbəbləri əsas gətirirlər.
Təhsil eksperti Elçin Murad “XQ”yə bildirib ki, şagirdlərə daha bacarıqlı və bilikli müəllimlərin dərs deməsi vacib şərtdir. Müəllim sinfə daxil olarkən daha peşəkarcasına dərs deməlidir. Hər gün öz üzərində işləyən və sinifdə yaradıcı fəaliyyət göstərən müəllimlərin sertifikasiya imtahanından keçmək problemi yoxdur.
Məlumat üçün qeyd edək ki, bu il sertifikasiyaya 22 min müəllim cəlb olunacaq. 2025-ci ildə biologiya, kimya, fizika, coğrafiya, informatika üzrə, 2026-cı ildə isə tarix, texnologiya, təsviri incəsənət və fiziki tərbiyə üzrə sertifikatlaşdırılmanın birinci mərhələsi keçiriləcək.
Rizvan FİKRƏTOĞLU
XQ