Tarif müharibəsi ABŞ-Avropa münasibətlərinə necə təsir göstərəcək?

post-img

Tərəflər münasibətlərin korlanmasını da istəmirlər

ABŞ-ın vitse-prezidenti Cey Di Vens ilk xarici siyasətini Avropadan başladı. Onun “qoca qitə”yə səfəri Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında tarif müharibəsinin başlandığı dövrə təsadüf etdi. Hələlik tərəflərin tezliklə kompromis əldə edəcəyinə dair heç bir əlamət yoxdur. Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen xəbərdarlıq edir ki, Aİ polad və alüminium tariflərinə mütləq əks tədbirlərlə cavab verəcək. Amerikalı vitse-prezident də açıq şəkildə bildirdi ki, metallurgiya Ağ evin Avropadakı ən yaxın müttəfiqlərinə belə “iqtisadi zərbə” tətbiq etməyə hazır olduğu yeganə sahə deyil. Bununla belə ilk görüş barədə səsləndirilən fikirlər strateji tərəfdaşların münasibətlərin korlanmasına səbəb olacaq kəskin addımlar atmamağa meyllidirlər.

Prezident Donald Trampın komandasının üzvlərindən ibarət nümayəndə heyəti Aİ ölkələrinə göndərildi. Heyətin ən təsirli üzvü, əlbəttə ki, vitse-prezident Cey Di Vensdir. Onun Avropaya səfərinin ilk dayanacağı Parisdə keçirilən Süni İntellekt Sammitində iştirak etmək oldu. Bu, ABŞ-ın vitse-prezidentinə bir çox Avropa dövlətlərinin liderləri və Aİ rəhbərliyi ilə, xüsusən də Aİ-nin tarif məsələlərində siyasətini böyük ölçüdə müəyyən edən Ursula Fon der Lyayen ilə ünsiyyət qurmaq imkanı verdi. Vitse-prezident Vens Avropa turnesini mahiyyət etibarilə Rusiya-Ukrayna münaqişəsinin müzakirəsinə həsr olunacaq 61-ci Münhen Təhlükəsizlik Konfransında iştirak etməklə başa vuracaq. Bu baxımdan, ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun bu tədbirdə iştirak etməsi təbiidir. Bundan əvvəl media onun Münhendə Ağ evin hazırladığı münaqişənin həlli üçün sülh planını təqdim edəcəyi barədə məlumat yaymışdı. Ancaq  Kelloq bunu qəti şəkildə təkzib etdi.

Bu arada “The Telegraph” mənbələrə istinadən yazır ki, prezident Trampın planı artıq həyata keçirilir. ABŞ prezidentinin Aİ ilə razılığa gələnə və Rusiya ilə Ukrayna arasında gələcək sülh sazişlərində Brüsselin rolunun nə olacağını başa düşənə qədər başqa heç nə etməmək qərarına gəldiyi iddia olunur. Həm prezident Trampın özü, həm də komandasının üzvləri bildirirlər ki, Avropada baş verən münaqişələr ilk növbədə avropalıların işi olmalıdır. Bu yaxınlarda ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolz bildirmişdi ki, Aİ hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynanın təhlükəsizliyinin təminatçısı kimi çıxış etməlidir. Bunun tam olaraq necə görünəcəyi hələ tam aydın deyil. Söhbət Aİ ölkələrinin qoşunlarının Ukraynada yerləşdirilməsindən gedir? Mütəxəssislərin sözlərinə görə, əgər belədirsə, avropalıları buna inandırmaq asan olmayacaq. Ukrayna prezidenti Vladimir Zelenskiyə gəlincə, o, NATO-ya üzv olmaqda ölkəsinin təhlükəsizliyinin təminatını görür. Yəni Kiyev ilk növbədə Şimali Atlantika Alyansının lideri olan ABŞ-ın dəstəyinə arxalanır.

Nəhayət, Amerikanın müdafiə naziri Pit Heqset də Avropadadır. Onun səfərinin əsas hissəsi Ukraynaya hərbi dəstək verən ölkələri birləşdirən Rammsteyn formatlı toplantıda iştirak etməsindən ibarət olacaq. Görüş Fevralın 12-də Böyük Britaniyanın sədrliyi ilə keçiriləcək və danışıqların çətin olacağı iddia edilir. Pentaqon rəhbəri Ukraynanın müdafiə naziri Rüstəm Ömərovla vəzifəyə başlayandan bəri ilk dəfə danışacaq və iki ölkənin Tramp yanında müdafiə əməkdaşlığı ilə bağlı toplanmış suallara şəxsən cavab verəcək. “Vaşinqton Post”un məlumatına görə, Heqset ukraynalılara yeni silah tədarükü elan etməyəcək. Görünür, prezident Tramp Rusiya ilə Ukrayna arasında sülh razılaşmalarının perspektivlərini aydınlaşdırana qədər fasilə verməyi doğru addım sayır.

Vitse-prezident Vensin Avropaya gəlişindən sonra verdiyi ilk açıqlamalar göstərir ki, Heqset və Kelloq kimi onun da missiyası rahat getməyəcək. Parisdə keçirilən sammitdə o, mahiyyət etibarı ilə Aİ rəhbərliyinin müdafiə etdiyi xəttə qarşı çıxdı. O, süni intellektlə əlaqəli hər şeyi tənzimləmək səylərini tənqid etdi. Amerikalı vitse-prezident həddindən artıq tənzimləmənin “inkişaf etməyə başlayan sənayeni öldürəcəyini” vurğuladı. Beləliklə, onun dinləyiciləri ABŞ-ın Parisdə keçirilən sammitdə qəbul edilən və əksər Avropa ölkələri, eləcə də Hindistan və Çin tərəfindən imzalanan süni intellektlə bağlı sazişə qoşulmamaq qərarına təəccüblənmədi. Vensin mövqeyi Böyük Britaniya tərəfindən də dəstəkləndi. London da müqaviləni imzalamayan ölkələr sırasına qoşuldu.

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen ABŞ-ın vitse-prezidenti  Vens ilə görüşdü. Görüş süni intellekt mövzusuna həsr olunmuş sammitdən sonra baş tutdu. Digər məsələlərlə yanaşı, Avropa Komissiyasının (AK) sədri amerikalı qonaqla görüşdə Brüsselin Ukrayna üçün ədalətli və davamlı sülhə sadiqliyindən danışdı. Görüş barədə yayılmış bəyanatda deyilir: "Prezident Fon der Lyayen və vitse-prezident Vens Aİ-ABŞ münasibətlərinin gücünü və bugünkü geosiyasi mənzərədəki həyati rolunu bir daha təsdiqlədilər. Prezident Fon der Lyayen Aİ-nin Ukrayna üçün ədalətli və davamlı sülhə sadiqliyini vurğuladı. O, Ukraynaya sarsılmaz dəstək vermək üçün davamlı birliyin zəruriliyini qeyd etdi”. 

Tərəflər, həmçinin ümumi çağırışlar üzrə əməkdaşlığı müzakirə etdilər. “Prezident Fon der Lyayen Aİ-nin ədalətli ticarət əlaqələrinə sadiqliyini bir daha təsdiqlədi, eyni zamanda, hər iki tərəf enerji də daxil olmaqla, qarşılıqlı maraq doğuran iqtisadi sahələrə üstünlük vermək niyyətində olduqlarını bildirdilər", - AK-nin mətbuat xidmətinin məlumatında vurğulanır.  Xatırladaq ki, görüşdən əvvəl xanım Lyayen sərt şəkildə bildirmişdi ki, “Aİ-yə qarşı əsassız tariflər cavabsız qalmayacaq - onlar qəti və mütənasib əks tədbirlərə səbəb olacaq”. Bununla da AK prezidenti Aİ-nin Trampın çağırışını qəbul etdiyini nümayiş etdirmişdi. Lakin görüşdən sonar hər iki daha mülayim bəyanatlar səsləndirdilər. Belə görünür, okeanın hər iki tərəfində də strateji əməkdaşlığın korlanmasının heç kimə sərfəli olmayacağını dərk edirlər.

S.ELAY

XQ

 

 

 

Dünya