Düz bir il, 1 gün əvvəl, yəni 2023-cü il oktyabrın 7-də HƏMAS yaraqlıları Qəzzadan İsrailin nəzarətində olan ərazilərə gözlənilmədən hücum edərək onlarla adamı qətlə yetirmiş və əsir aparmışdılar. İsrailin Müdafiə Ordusu dərhal yerüstü hərbi əməliyyatlara başlamış, Qəzzaya qoşun yeritmişdir. Məhz həmin gündən regionda son onillərin ağır zorakılıqlarla müşahidə olunan ən böyük savaşı başlamışdır.
Əslində bunun adı qisas və nifrətdən doğan amansız müharibədir. İsrail hərbçiləri İranın siyasi və hərbi cəhətdən tam dəstəklədiyi HƏMAS, “Hizbullah” və Yəməndəki husi yaraqlıları ilə vuruşur. Birbaşa İran-İsrail müharibəsinin də başlanması ehtimalı böyükdür. Bir sözlə, bölgədə eskalasiya günbəgün güclənir.
Hörmətli oxucu, icazənizlə indi dediklərimizi əyani sübuta yetirən bəzi operativ xəbərlərə nəzər yetirək. BBC yazır ki, dünən İsrail Hərbi Hava Qüvvələri Beyrutda radikal “Hizbullah” təşkilatının hərbi obyektlərinə növbəti dəfə zərbələr endirib. Bu zərbələrdən sonra orada silahların olduğunu göstərən partlayışlar qeydə alınıb. Təbii ki, baş verən güclü partlayış zamanı dağıntılar altında qalan çox sayda insan var. Eyni zamanda, Livan da “borclu” qalmır. Bu ölkədən açılan artilleriya atəşləri nəticəsində İsrailin şimalında 10 nəfər yaralanıb.
İsrailin Hərbi Hava Qüvvələri dünən Qəzza zolağının şimalında Fələstin qaçqınlarının Cəbaliyə düşərgəsi ərazisinə də aviazərbələr endirib. Məlumata görə, hədəf HƏMAS tərəfdarlarının silahlı birləşmələri, xüsusilə yeraltı infrastruktur obyektləridir.
Ürəkağrısı ilə bildirmək lazımdır ki, son aylar Qəzza bölgəsində faktiki olaraq humanitar fəlakət yaşanır. İsrail Ordusunun aramsız aviazərbələri nəticəsində burada ölən və yaralananların sayı artıq 42 mini ötübdür. Aralarında minlərlə ahıl, qadın və uşaqlar da var.
Böyük güclər isə regionun ən böyük dövləti olan Türkiyənin İsrail ilə fələstinlilər arasında sülh danışıqlarına təcili başlanılması ilə bağlı təkliflərini görməzdən gəlir. Ankara və demək olar ki, bütün sivil dünya problemin yalnız “iki millət, iki dövlət” prinsipi əsasında həll oluna biləcəyini düşünür.
Son həftələr bir çox ərəb dövlətləri də “iki barışmaz rəqibi” bir araya gətirməyə cəhd edirlər. Bir müddət əvvəl Misir və Qətər liderləri regionda sülhlə bağlı planlarını açıqlayıblar. Onların da təşəbbüsləri qulaqardına vurulur. BMT Təhlükəsizlik Şurasında qəbul olunan qərar və qətnamələrə isə heç kim məhəl qoymur.
Bəli, bir əsrin üçdə ikisi qədər yaşı olan Fələstin – İsrail münaqişəsini durduran, yaxud durdurmaq istəyən yoxdur. Silahlar sussa, əmin-amanlıq yaransa, yerli xalqlar inkişaf və tərəqqi edə bilərlər. İndi isə bu zavallı millətlər neft sataraq pulları silah və sursat almağa verirlər. Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur.
Görünən odur ki, ABŞ bölgədə ən yaxın müttəfiqi olan İsraili İranın mümkün hücumlarından qorumaq üçün əraziyə xeyli sayda əsgər və hərbi texnika göndərib. Ehtimal olunur ki, daha böyük miqyaslı savaşlar irəlidədir.
Ekspertlər hesab edirlər ki, “kollektiv Qərb” Rusiya-Ukrayna münaqişəsini donduraraq, əsas gücünü “Yaxın Şərq düyünü”nü çözməyə yönəltmək niyyətindədir. Şıdırğı silah alveri gedir. İmperialistlərin daha çox qazanmaq şansı yaranıb. Çünki lokal və qlobal savaşları körükləyən üçün müharibə böyük biznes deməkdir. Həyatın acı reallığı budur!
Bir sözlə, dünya yeni qlobal düzənə hamilədir. Beynəlxalq münasibətlərdə haqq-ədalət zəfər çala bilərmi? Bu suala birmənalı cavab vermək çox çətindir. Bütün millətlər üçün məqbul, ədalətli qanunlar, təəssüf ki, heç vaxt yazılmayıb. Ümid edək ki, nə vaxtsa, yazılacaq.
Məsaim ABDULLAYEV
XQ