Dağlar oğlu şeiriyyət ucalığında

post-img

Adil Cəmil – 70

Qələm dostumuz Adil Cəmilin özündən əvvəl imzasını tanımışam. Gözəl şeir və oçerkləri, yaraşıqlı görkəmi həmişə diqqət çəkib. Yaxından bələd olunca isə görmüşəm ki, şeirləri elə onun ürəyinin şəklidir, işıqlı duyğuları səmimi davranışlarının təcəllasıdır.

Ünsiyyətimiz elə çox olmasa da, Səməd Vurğun demişkən, gözüm gözündən uzaq olsa da, könüldən könülə yollar görünüb. Elə yubileyi ərəfəsində işıq üzü görmüş “Könüldən könülə” kitabı onun bir şair-tərcüməçi kimi növbəti yaradıcılıq hesabatıdır.

Tanınmış şair, ədəbiyyatşünas alim, tərcüməçi və publisist, Əməkdar jurnalist Adil Cəmilin artıq ömrünün 7-ci onluğunu “xərclədiyinə” inanmaq çətindir. Yəqin ki, ruhu xeyli cavan olduğu üçün “şübhə” yaradır. O da var ki, mətbuatda işıq üzü görən ilk şeiri “Bahar” (1970) olan şairin qoca görünməyə haqqı yoxdur. Bir də, insanın yaşı pasporta yazılmış tarixlərlə ölçülmür ki... Hələ 50 yaşında şair özü bu barədə yazıb:

Yaşamağı bacarana
Yer üzündə yer başqadır.
Nə yaşda bilsə özünü,
İnsan elə o yaşdadır.

Yaradıcılığını halal zəhmətindən rişələnən “qələm fəhləsi” Adil Cəmil öz ömrünü belə səciyyələndirib:

Doğranıb bir doğru söz qabağında,
Əyri əyrilərmiş düz qabağında.
Mənim ki həyatım göz qabağında –
Kim deyər yolumdan sapıb yaşadım.

Tanrının dərgahına günahsız gedəcəyinə əmin olan şairə arzu edirik ki, hələ yaşayıb-yaratsın, oxucularını yeni-yeni halal şeirləri ilə sevindirsin. Yubileyində biz ona gül vermək əvəzinə, o bizə dünya xalqlarının poeziya çələngi olan yeni kitabını ərməğan eləyib. Onun kitablarından biri belə adlanır: “Sözümün canı var”. Biz də istərdik ki, özünün, sözünün, közünün canı hər zaman ürəklərimizi isindirsin.

Cəmilin ilk kitabının təqdimatı 1980-ci ildə Kəlbəcər Mədəniyyət evində keçirilib. Kəlbəcərin işğalı ərəfəsində yazıb. Sabir Rüstəmxanlının buraxdığı “Azərbaycan” qəzetində dərc etdirdiyi səs-küylü məqaləsi də olub, yağı tapdağında qalmış torpaqlara poetik ağılar yazdığı da.

...“Manas” eposu və türk dastançılıq ənənəsi” mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb (2004). “Manas”ı dilimizə uyğunlaşdırıb. Eyni adlı dastan-poema yaradıb. Araşdırmasının ən mühüm cəhəti əsərin bir sıra məqamlarının oğuz türklərinin “Kitabi-Dədə Qorqud” dastanları ilə müqayisəli aspektdə öyrənilməsidir. Ömrünün 35 ilini bu işə həsr edib. Bişkekdə – “Manas”ın 1000 illiyində eposdan kiçik tərcüməsini Ulu öndər

Heydər Əliyevə göstərdiyində Ümummilli liderimiz ona deyib: “Elə monumental epopeyadan cəmi bunu tərcümə eləmisən?!” Əlavə də edib ki, bu işi davam etdirməyin yaxşı olardı. Ulu öndərin tövsiyəsi ilə Adil Cəmil həm tərcüməni davam etdirib, həm də epopeyanı dastan-poema şəklində fərdi yaradıcılıq süzgəcindən keçirib.

Onun elmi fəaliyyəti danılmazdır, amma, unudulmaz xalq şairi B.Vahabzadənin özü haqqında dediyi “Qatlayıb dizinin altına qoyar alim Bəxtiyarı şair Bəxtiyar” ifadəsini tam mənası ilə Adil Cəmilə də şamil etmək olar. Şairin “Seçilmiş əsərləri” də çıxıb və mənim bu ada bir “iradım var: buradakı birinci söz artıqdır, çünki Adil Cəmilin elə bütün əsərləri seçilmişdir, elə olmasaydı, üzə çıxarmazdı ki...

Bir neçə il əvvəl elə özü kimi şeirə könül verən övladı Orxan Cəmilin itkisi onu sarsıtsa da, “Mənim yas yerimə gələn kəsləri Mən özüm qapıda qarşılayıram” – deyə kədərlənsə də, Allahın verdiyi səbrlə mətanətli, dəyanətli olub. Bu gün Hüseyn Arifdən, Xəlil Rza Ulutürkdən, Qaçay Köçərlidən aldığı dözümü, Aşıq Şəmşirdən, Ənvər Rzadan, Məmməd Aslandan, Sücaətdən, Bəhmən Vətənoğludan aldığı estafeti mərdanə davam etdirir.

İndiyədək 20-dən artıq kitabın müəllifi, Azərbaycan ədəbiyyatını dünyada layiqincə təmsil edən, Beynəlxalq Aytmatov Akademiyasının fəxri akademiki,

TURKSOY-un Totkoqul Satılqanov, “H.B.Zərdabı”, “Araz”, “Qılınc və qələm”, “Qızıl kəlmə” mükafatçısı olan ünlü şair ötən il Kəlbəcərin görüşünə gedib, sevincdən ağlayıb. Oxucular Böyük Qayıdışdan sonra onunla növbəti Kəlbəcər görüşünü intizarla gözləyir, dağlar qoynunda vüsal şeirlərini dinləmək istəyirlər.

Oxucular Adil Cəmilin yeni tərcümə toplusunun səhifələrində milliyyətcə bolqar olan şair İvan Vazovun, çuvaş Georgi Yefimovun, Aleksandr Qalkinin, rus şairləri Valentin Pryaxinin, Nikolay Rıjovun, Vsevolod Azarovun, Konstantin Vanşenkinin, belarus Vasil Zuyonokun, özbək Osman Əzimin, qırğız Alıkul Osmanovun, eləcə də rusdilli Azərbaycan şairləri Leyla Əliyevanın, Aleksandr Xaldeyev, türkiyəli, filippinli, kubalı, əlcəzairli qələm sahiblərinin şairlərin şeirləri ilə sevə-sevə tanış olurlar.

Əlbəttə, şeir tərcüməsi nəsrdən xeyli çətindir. Gərək müəllifin duyğu aləminə sadiq qalasan, çevirdiyin misralar dilə yata, bir də forma eyniliyi ola, müəyyən qəlibi qoruyasan. Adil Cəmil kimi peşəkar tərcüməçi üçün bunu həssaslıqla etmək asan olmasa da, çətin də deyil. Kitabı oxuduqca tərcüməçinin zəhmətinin hədər getmədiyi özünü qabarıq göstərir. Onun çox oxunaqlı çevirmələri həm də üz tutduğu müəlliflərin yaradıcılığına rəğbətindən yoğrulub.

Bulaq istedadını dərya yaradıcılığına ustalıqla sərf edən Adil Cəmilə daha böyük uğurlar diləyi ilə:

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət