Türk Dünyası Gənc Yazarlarının I Forumu

post-img

Bu günlərdə 25 yaşı tamam olan Dünya Gənc Türk Yazarlar Birliyinin Bakı Forumu keçirilib. Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğız Respublikası və Güney Azərbaycan nümayəndələri məclisdə “Türk dünyası ədəbi-mədəni əlaqələrin inkişafı – yeni ideyalar, yeni çağırışlar” mövzusu ətrafında geniş müzakirələr aparıblar.

İctimai birliyin başqanı İntiqam Yaşar qurumun hesabat məruzəsi ilə çıxış edib, görülən işlərdən danışıb. Sosial Tədqiqatlar Mərkəzinin media və kommunikasiya departamentinin müdiri Əziz Əlibəyli bildirib ki, əsas missiya gənc türk yazarlarının yaradıcılığına dəstək göstərməkdir. Bu baxımdan Dünya Gənc Türk Yazarlar Birliyi Türk dünyasının gənc yazarlarını ortaq platforma üzərinə toplamış təşkilatdır.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun icraçı direktoru, dosent Mehman Həsən yetərincə işlərin görülməsinə baxmayaraq, Türk dünyası ədəbiyyatının dərin tədqiqə ehtiyacı olduğunu diqqətə çatdırıb, bu istiqamətdə müxtəlif tərcümə işlərinin, kitab çapının, konfrans və simpoziumlar keçirilməsinin vacibliyini vurğulayıb. Qazaxıstan Yazıçılar Birliyinin katibi Devletkerey Kapulı Türk dünyasının şeir, sənət, ruh dünyası olduğunu söyləyib.

Layihə çərçivəsində çap olunmuş “Türk dünyası gənc yazarları” kitabının redaktoru, Bakı Dövlət Universitetinin doktorantı Məleykə Mirzəli, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçuyev, ustad yazıçı və şairlər gənclərə uğurlar arzulayıblar. Mərasimin sonunda Dünya Gənc Türk Yazarlar Birliyinə verdiyi informasiya dəstəyinə görə “Xalq qəzeti”inə, eləcə də bir qrup media qurumuna plaketlər təqdim edilib.

R.FİKRƏTOĞLU
XQ

Mədəniyyət