Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2024–2025-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinə daxil olan tələbələrə prezident təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, qəbul imtahanlarında ən yüksək nəticələri göstərən 102 tələbə prezident təqaüdü alacaq.
Bakı Ali Neft Məktəbi 33 nəfər Prezident təqaüdçüsü ilə Azərbaycan universitetləri arasında yenə də 1-ci yeri tutub. Bu ali təhsil ocağı 5-ci ildir ki, yüksək təqaüdə layiq görülən tələbələrinin çox olması ilə öncüllüyünü qoruyur. Ali məktəbə 697.5 balla qəbul olmuş Aytac Əliyeva təəssüratlarını bizimlə bölüşdü:
– 102 tələbədən biri olmağın sevinc və qürurunu yaşayıram. Əslində, gözlədiyim nəticə idi. Prezident təqaüdünü qoruyub saxlamağın özü də böyük məsuliyyətdir.
Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olan tələbələrdən 12 nəfəri Prezident təqaüdünə layiq görülüb. Builki ali təqaüdçülər arasında ilk dəfə olaraq, I ixtisas qrupu üzrə tələbə də yer alıb. Qəbul imtahanlarında 692,8 bal toplayan Nicat Şirinov rəqəmsal iqtisadiyyat fakültəsinin “İnformasiya təhlükəsizliyi” (tədris ingilis dilində) ixtisasına qəbul olub. Nicat dedi:
– Hər ixtisas qrupu üzrə 25 nəfərə verilən bu təqaüddə mənim də adımın olması qürurvericidir. Mən həm də universitet üzrə ən yüksək bal toplayan tələbəyəm və bu, mənim üzərimə ikiqat məsuliyyət qoyur. Gərək etimadı öz zəhmətimlə doğruldam.
Prezident təqaüdünü qazanmış digər 10 tələbə UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin maliyyə ixtisasına, 1 tələbə isə Maliyyə və mühasibat fakültəsinin maliyyə ixtisasına qəbul olub. 669.4 bal toplamış Elcan Hüseynov bu təqaüdə layiq görülməsinin sevincini belə ifadə etdi:
– Saatlı rayonu Qədim Abduloğlu adına Gomuşçu kənd tam orta məktəbin məzunuyam. Prezident təqaüdü almaq tələbə üçün qürurdur. Bu xəbəri eşidəndə çox sevindim. İlk olaraq ailəmə dedim. Onlar da bu uğuruma şad oldular.
Maliyyə ixtisasını seçən Ülvi Həbibli Lənkəran şəhər Həzi Aslanov adına 3 saylı tam orta məktəbi bitirdikdən sonra 681.6 balla tələbə adını qazanıb. O, dedi:
– Ölkəmizdə tələbələr üçün ayrılmış ən yüksək səviyyəli təqaüdü qazanmaq, sözsüz ki, mənim da arzum olub. Düşünürəm ki, bu uğurum təhsil həyatında müsbət dönüş yaradacaq.
– Ağcabədi rayon 2 saylı tam orta məktəbin məzunu Yunis Səfərli də 102 tələbədən biridir. O, 671.9 balla UNEC-in maliyyə ixtisasında təhsil alır. Təqaüdə layiq görüldüyü üçün Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.
Rizvan FİKRƏTOĞLU
XQ