Sərhədsiz söz dünyası

post-img

Bakı EKSPO Mərkəzində ziyarətçilərin böyük marağına səbəb olan yubiley sərgisi çeşidli tədbirlərlə zəngindir. Yazıçı və şairlərlə birbaşa ünsiyyət, nəşriyyatların işi ilə tanışlıqlar hər bir iştirakçıda xoş təəssüratlar yaradır.

Sərgi çərçivəsində yazıçı-publisist Nüşabə Məmmədlinin “Zəfər zənguləsi” 60 çiçək+bir çələng” və “Heydər Əliyev. Azərbaycanın zəngin mədəniyyəti var” və Vəsimə İsmayılqızının “Heydər Əliyevin Vətən səfərləri” çoxcildliyinin təqdimat mərasimləri, yazıçı-dramaturq Elçin Hüseynbəylinin, şair Qəşəm Nəcəfzadənin, sərginin fəxri yazarı Rövşən Abdullaoğlunun və onlarla başqalarının oxucularla görüşləri, populyar yazıçı Elxan Elatlının “Ölümsüz qətl” romanının müzakirəsi, qəhrəman hərbçilərimizin iştirakı ilə “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı” adlı kitab sərgisi yaddaqalan olub.

Şuşanın azad olunmasında fədakarlıq göstərmiş xüsusi təyinatlıların komandiri və Şuşaya Azərbaycan Bayrağını sancan polkovnik Rəşad Aslanovdan bəhs edən “Şuşaya bayraq asan cəngavər” kitabı da ekspozisiyada yer alıb. Kitabın müəllifi hərbçi şair Zəminə Xınalıdır. Oçerklərdə Vətən müharibəsindəki şücaətlərinə görə “Qarabağ” ordeni və medallarla təltif edilmiş polkovnikin döyüş yolu geniş işıqlandırılıb. Onu da deyək ki, sərginin tərəfdaşı olan “Azərtac”ın stendi ilə tanışlıq zamanı hərbçilərə Vətən müharibəsində xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan agentliyin əməkdaşı Məhərrəm İbrahimov barədə də söhbət açılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Dövlət Dillər, Pedaqoji, Mədəniyyət və İncəsənət universitetlərinin stendlərinə baxanlar çox olub. Elm və təhsil ocaqlarının sərgilədikləri əsərlər Azərbaycanın elmi-mədəni ictimaiyyəti üçün çox önəmlidir. Bu stendlər vasitəsilə ölkənin elmi-pedaqoji potensialı ilə bağlı ətraflı məlumat ala bilirlər. Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə keçirilən “Günlərdən şeir” təqdimatlarına da çoxlu ziyarətçi toplaşır.

Dünya şöhrətli detektiv yazıçı Çingiz Abdullayevin sərgi barədə təəssüratları maraqlıdır:

– Bu gözəl EKSPO sərgisinin ən maraqlı məqamlarından biri kitabsevərlərin arasında olmaq, gənc oxucuların gəlib avtoqraf almaları, bizimlə şəkil çəkdirmək istəmələridir. Burada yüzlərlə uşağı kitablarla görmək mənim üçün ən böyük zövqdür. Uşaqlar varlığımıza məna verir və gələcəyə zəmanət yaradırlar. Onu da deyim ki, general Polad Həşimovdan tutmuş, Qarabağı azad edən zabit və əsgərlərimizədək nə qədər qəhrəman mənim oxucum olub. Şəhid anaları mənə bu barədə çox danışır. Bu o deməkdir ki, mən boş yerə yaşamamışam.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Nəşriyyatlar Baş İdarəsinin şöbə müdiri Ahmet Özekmekçi qardaş ölkəyə aid stend barədə məlumat verərək deyib:

– Türkiyədən 8 nəşriyyatı özümüzlə gətirmişik. Onlar burada Azərbaycan nəşriyyatları ilə əlaqələr yaradır, görüşlər keçirirlər. Yarmarkada İstanbul Ticarət Palatası ilə birlikdə 2 minə yaxın kitabımız sərgilənir. Baş İdarənin “Türk ədəbiyyatının xarici dünyaya açılması” adlı layihəsi var və bu layihəyə əsasən Azərbaycanda 28 nəşriyyata 135 yazıçının 217 əsəri ilə dəstək göstərilib. Həmin əsərlərdən 172-si çap olunub, digərləri çap prosesindədir. Yeri gəlmişkən, ötən müddət ərzində Azərbaycan Milli Kitabxanasının məsul işçiləri bizimlə bir neçə dəfə görüşüblər, qarşılıqlı peşəkar fikir mübadiləsi aparılıb. Ümid edirəm ki, yaxın günlərdə kitabxanaçılıq və xidmət sahəsində əməkdaşlığımız daha da güclənəcək.

Sərgi çərçivəsində Qazaxıstan Prezidentinin müşaviri, Malik Otarbayevin Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunan “Gözlədiyimiz xoşbəxtlik” kitabı da oxuculara təqdim olunub. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel və digər natiqlər əsərin əhəmiyyətindən danışıblar. Sonda imza sessiyası keçirilib.

Qazax ədəbiyyatının tanınmış nümayəndəsi Malik Otarbayev insanların mənəvi zənginləşməsində görkəmli ədəbiyyatın əhəmiyyətini xüsusi qeyd edib:

– Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük Türk şairlərinə olan diqqət və dəstək əsl örnəkdir. Bu il Azərbaycanda məşhur qazax yazıçısı Berdibek Sokpakbayevin 100 illiyi qeyd olunub. UNESCO üzrə də yubileylə bağlı geniş tədbirlər proqramı hazırlanıb. Bu çərçivədə 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində yazıçının “Mənim Adım Kojadır” adlı məşhur əsəri ilk dəfə Azərbaycan dilində oxuculara təqdim olunub. Həmçinin bu il qazax şairlərinin ilham mənbəyi olmuş dəyərli şəxsiyyət Məhəmməd Füzulinin 530 illiyi qeyd edilir, onun əsərlərini gənclərimizə tanıtmaq çox vacibdir. Bu, yalnız Azərbaycan–Qazaxıstan münasibətləri üçün deyil, ümumilikdə Türk dünyasının mənəvi birliyinin və potensialının güclənməsi üçün böyük əhəmiyyət daşıyır. Keçən il böyük Azərbaycan yazarının əsərləri qazax dilinə tərcümə edilərək Qazaxıstanda təqdim edilib.

Builki sərgidə Türk dünyasının görkəmli yazıçıları tərəfindən qələmə alınan kitabların təqdimatları həmişə yaddaşlarda qalacaq. Kitabların tərcüməsi xalqların bir-birini daha yaxşı tanımasına və qardaşlıq bağlarının möhkəmlənməsinə xidmət edir. Sərgi çərçivəsində Qazaxıstanın tanınmış şairi, filoloq-alim, pedaqoq, Əməkdar mədəniyyət xadimi Dəuletkerey Kəpoğlunun “Üşüyən küçələr”, görkəmli qazax alimi, akademik Darxan Kidralinin “Daşa yazılan tarix” kitabının təqdimatları da bu baxımdan istisna deyil.

Dünya şöhrətli alman yazıçısı Vulf Dornun oxucularla görüşü və imza saatı da hər kəsə xoş təsir bağışlayıb. O, jurnalistlərə deyib:

– Bakıya ikinci dəfədir gəlirəm və paytaxtınıza heyranam. Bura həm də tarixi şəhərdir. Bu gün biz Xalça Muzeyində olmuşuq. Xalçalarda istifadə olunan simvollar əsrarəngizdir, hər birinin öz mənası var. Bundan əlavə, İçərişəhərə də getdim... Mən çox şadam ki, “Gecə qurdlarındır” adlı yeni kitabım indi Azərbaycanda təqdim olunur. Bu, mənim şəxsi hekayəm olub və COVID-19 pandemiyası nəticəsində baş vermiş itki haqqındadır”.

Qətər Dövlətinin Mədəniyyət Nazirliyinin nümayəndəsi Əhməd əl-Emadi, Mərakeşin “De Bros” nəşriyyatının prezidenti Tarik Slaiki, Omanın paytaxtı Məsqət şəhərindəki daimi Beynəlxalq Kitab Sərgisinin rəhbəri Ahmed Ayravaxi, Rusiya Tərcümə İnstitutunun direktoru, tanınmış şair Yevgeni Rezniçenko, eləcə də Azərbaycan Milli Kitabxanasında növbəti iclası keçirilən Asiya Hekayəçilik Komitəsinin üzvləri də 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinə ziyarətləri barədə fikirlərini məmnuniyyətlə bölüşüblər. Koreya, Qazaxıstan, Qırğız Respublikası, Monqolustan və Tacikistandan mədəniyyət nazirliklərinin nümayəndələri Azərbaycan kitab sənayesi ilə yaxından tanış olublar.

Nəhayət, qeyd edək ki, sərginin əsas özəlliklərindən biri maraqlı kitabların endirimli qiymətlərlə oxuculara təklif olunmasıdır. “Qanun”, “Əli və Nino”, XAN nəşriyyatları kitablara 20-90 faiz endirim aksiyaları ilə oxucuları sevindirirlər.

Naşirlər kitab sərgisini şirkətlərin çap məhsullarını nümayiş etdirmək və satmaq, habelə yerli və xarici nəşriyyatlarla, müəlliflərlə danışıqlar aparmaq və müqavilələr imzalamaq üçün unikal fürsət kimi dəyərləndirirlər.

Ə.ƏLİYEV
XQ



Mədəniyyət