NATO-nun sabiq baş katibi Yens Stoltenberq “Financial Times” qəzetinə oktyabrın 4-də dərc maraqlı müsahibə verib. Cənab Stoltenberq bildirib ki, gəncliyində Norveçdə işləyən SSRİ Dövlət Təhlükəsizlik Komtəsi (DTK) zabiti ilə müntəzəm görüşüb. O, 1980-ci illərdə Norveç Fəhlə Partiyasının gənclər təşkilatı olan İşçi Gənclər Liqasına rəhbərlik edərkən Osloda DTK ilə əlaqə saxlayıb. “Bu, çox qəribə idi. Atam mənə dedi ki, Rusiya səfirliyində yalnız DTK-nın adamları ilə danışmaq lazımdır, çünki yalnız onların hər hansı təsiri var”, – Stoltenberq bildirib.
Cənab Stoltenberq müsahibədə deyib ki, utandıracaq heç bir iş görməyib: “Mən heç vaxt utanacağım bir iş görməmişəm. Ancaq əsas ideya ondan ibarət idi ki, onlar məni şam yeməyinə dəvət etdilər. Osloda eyni restoranda ayda bir dəfə Kirillov adlı bir oğlanla eyni masada böyük krevetli sendviç yeyirdim. O da DTK-dan idi. Buna heç bir şübhə yox idi”. NATO-nun sabiq baş katibi deyib ki, Norveçdə diplomatik pərdə altında olan DTK agenti Viktor Qruşkonu tanıyan atası oğluna Norveç kəşfiyyat xidmətləri ilə hər belə görüşə razılıq verməyi məsləhət görüb.
Sabiq NATO katibinin sözlərinə görə, 1991-ci ildə Norveç əks-kəşfiyyatı onunla əlaqə saxlayıb və belə bir təklif verib: “Kirillovu qaçqın olmağa inandırmaqda bizə kömək edə bilərsinizmi?” Mən bu adamı 10 ildir tanıyıram. Sonuncu nahar zamanı dedim: “Mən səni tanıyıram, sən məni tanıyırsan, bu yana keçmək istəyirsənsə, mənimlə əlaqə saxla: Norveç gözəl ölkədir. Onlar sizin qayğınıza qalacaqlar”.
Kirillov bu təklifi qəbul etməyib. Stoltenberq daha sonra açıq DTK arxivlərindən öyrənib ki, sovet kəşfiyyatı ona “Steklov” kod adını verib. Norveçin NRK televiziya kanalı 2000-ci ildə Norveçdə diplomatik pərdə altında işləyən DTK agenti Boris Kirillovun 1991-ci ildə Yens Stoltenberqi casusluğa cəlb etməyə çalışdığını bildirib. Norveç mətbuatının yazdığına görə, cənab Stoltenberq 1989-cu ildə DTK-nın diqqətini çəkib və hətta xüsusi dosye də açıb. “Belə dosyelər, adətən, “hazırlıq mərhələsində” olan və ya artıq DTK-nın “məxfi əlaqələri”ndən biri hesab edilən insanlar üçün nəzərdə tutulurdu”, – NRK bildirib.
Kirillovun Stoltenberqi casusluğa cəlb etməyə cəhd etməsi faktını Qərbə qaçan DTX agenti Mixail Butkov bildirib və Norveçdəki DTK şəbəkəsini ifşa edib. “Kommersant” qəzeti hələ 2000-ci ildə yazmışdı ki, Butkovun ifşaedici bəyanatlarından sonra Kirillov da daxil olmaqla bir neçə sovet diplomatı “diplomatik statusa uyğun gəlməyən fəaliyyətə” görə Norveçdən qovulub. 2000-ci ilin oktyabrında Rusiya Xarici Kəşfiyyat Xidmətinin nümayəndəsi Tatyana Samolis DTK-nın Stoltenberqi (o vaxt o, Norveç hökumətinə rəhbərlik edirdi) casusluğa cəlb etməsi ilə bağlı xəbərləri şərh etməkdən imtina edib: “Bütün ölkələrin kəşfiyyat xidmətlərində formalaşmış ənənəyə görə, biz bu və ya digər şəxsin bizim agentliyimizdə iştirakı və ya olmaması ilə bağlı şərh vermirik”.
Yens Stoltenberq jurnalist kimi karyerasına 1979-cu ildə “Arbeiderbladet” qəzetində başlayıb, lakin iki ildən sonra siyasətə yönəlib. 1981-ci ildə Norveç Fəhlə Partiyasının mətbuat katibi olub. 1980-ci illərin ortalarından partiyanın mərkəzi idarə heyətinin üzvü, onun gənclər qanadına rəhbərlik edib, Gənc Sosialistlərin Beynəlxalq İttifaqının vitse-prezidenti seçilib. 1990-cı ildə Norveçin Ətraf Mühit Nazirliyinin dövlət katibi vəzifəsini tutub. 2000-ci ildə o, Norveç tarixində ən gənc baş nazir olub (41 yaş). 2014-cü ildə
NATO-nun baş katibi seçilib. Cari il oktyabrın 1-də postunu tərk edib. Onu bu vəzifədə Hollandiyanın keçmiş baş naziri Mark Rutte əvəzləyib.
S.ELAY
XQ