Avropa Türkiyənin Aralıq dənizində güclənməsindən niyə narahatdır?

post-img

Türkiyə son beş ildə ilk dəfə Avropa İttifaqı XİN başçılarının qeyri-rəsmi toplantısında iştirak edib. Danışıqlara dəvət Ankaraya belə ümid verib ki, fikir ayrılıqlarına baxmayaraq, Brüssel Türkiyə ilə yaxınlaşmağa marağını artıracaq. Ancaq bəzi siyasi şərhçilər o qədər də nikbin proqnoz irəli sürmürlər.

Məsələ ondadır ki, bu yaxınlar­da Aİ-nin Xarici İşlər və təhlükə­sizlik siyasəti üzrə ali nümayəndə­si Jozep Borrel iddia edib ki, guya Ankara Şimali Afrikada təsirini gücləndirərək “Aralıq dənizi ni­zamını” dəyişdirir. Ancaq reallıq budur ki, Türkiyənin regionda güc­lənməsi miqrantlar və təhlükəsizlik problemlərilə üz-üzə qalan “Qoca qitə”nin də maraqlarına cavab ve­rir.

Brüsseldə keçirilən danışıqlar­da Türkiyə tərəfini xarici işlər na­ziri Hakan Fidan təmsil edib. Tür­kiyə KİV-nin məlumatına görə, XİN rəhbəri toplantıda Brüsselə münasibətlərin möhkəmləndiril­məsi istiqamətində konkret ad­dımların atılmasının vacibliyini çatdırıb. O, Brüsseldə Aİ xari­ci işlər nazirlərinin qeyri-rəsmi toplantısına qatıldıqdan sonra qiymətləndirmələrini “Anadolu” agentliyinin müxbiri ilə bölüşüb. Cənab Fidan bildirib ki, Brüssel­dəki görüş Aİ ilə Türkiyə əlaqələ­rinin canlanması baxımından əhə­miyyətlidir. İki saata yaxın davam edən görüşdə Türkiyə ilə Aİ ara­sında əlaqələrin inkişaf etdirilmə­si yolları, qlobal və ümumbəşəri əlaqələr sahəsində əməkdaşlıq, eləcə də regional məsələlər ətraflı müzakirə olunub. 

Hakan Fidan müsahibəsində bildirib ki, Aİ Türkiyə ilə bütün sahələrdə müntəzəm dialoq və məsləhətləşmələrin davam etdi­rilməsinin vacibliyini vurğula­yıb. Nazir qeyd edib ki, qarşıdakı dövrdə münasibətlərin sürətlənmə­si üçün texniki məsələlərlə bağlı konkret addımlar atılmalıdır. Onun fikrincə, ilk növbədə, 2019-cu ildə dayandırılmış dialoq mexanizm­lərinin işini bərpa etmək lazımdır: “Biz Gömrük İttifaqının yenilən­məsini səbirsizliklə gözləyirik”. O deyib ki, prioritet məsələlərdən biri viza rejiminin liberallaşdırıl­masıdır. Fidan bildirib ki, artıq 66 meyar yerinə yetirilib, aidiyyəti qurumlar qalan 6 meyarın yerinə yetirilməsi üzərində işləyir: “Vi­zanın liberallaşdırılmasına nail olunmasa da, biz vətəndaşlarımızın Şengen vizasının alınması prose­sində qarşılaşdıqları çətinlikləri və maneələri aradan qaldırmaq üçün işimizi davam etdiririk”.

Türkiyənin xarici işlər naziri əlavə edib ki, Türkiyə ilə Aİ ara­sında münasibətlərin canlanması bütün tərəflərin maraqlarına uy­ğundur. Cənab Fidan Aİ üzvlüyü­nün Türkiyə üçün strateji hədəf olduğunu vurğulayıb. Nazir xatır­ladıb ki, Prezident Rəcəb Tayyib Ərdoğan bu mövqeyi açıq şəkildə ifadə edib: “Biz müsbət gündəmlə irəliləmək istəyirik. Aİ eyni müs­bət yanaşma nümayiş etdirsə, bu, bütün tərəflərin maraqlarına uyğun olacaq”.

TRT mənbələri son 5 ildə ilk dəfə Türkiyənin dəvət edilməsini Aİ-nin əməkdaşlığa artan marağı­nın əlaməti adlandırırdılar. Lakin bəzi türkiyəli politoloqların qeyd etdikləri kimi, danışıqlar ərəfəsin­də Brüssel o qədər də dostluq siq­nalları göndərmirdi. Məsələn, bir həftə əvvəl Borrel belə açıqlama vermişdi: “Biz Afrikada baş verən­lərdən narahat olmalıyıq. Mən Brüsselə gələndə o vaxt Liviyada fransızlar və italyanlar var idi. On­lar həmişə bir-birləri ilə yaxşı yola getmirdilər, amma orada idilər. Bu gün Liviyada bir nəfər də olsun avropalı qalmayıb – yalnız türk­lər və ruslar”. Azərbaycana qarşı da qərəzli mövqe nümayiş etdirən Borrel daha sonra belə deyib: “Li­viya sahillərindəki bazalar artıq Avropanın deyil. Onlar Türkiyə və Rusiyaya məxsusdur. Bu, bizim təsəvvür etdiyimiz Aralıq dənizi nizamı deyil”. Göründüyü kimi, Aİ Türkiyənin Şimali Afrika regi­onunda möhkəmlənməsindən ciddi narahatdır.

Liviya Ankaranın Afrikada son illər öz mövqelərini gücləndirməyə çalışdığı yeganə yer deyil. Tür­kiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, ötən il Ankara ilə qitə ölkələri arasında ticarətin həcmi 32 milyard dollara çatıb ki, bu da 2013-cü illə müqayisədə təxminən 50 faiz çoxdur. Qardaş ölkənin regionda tərəfdaşlarının sayı da artır. Türk inşaat podratçı­ları digər xarici şirkətlərin təhlükə­sizlik baxımından uzaq durmağa meyilli olduqları ölkələr də daxil olmaqla ən azı 1800 infrastruktur layihəsində çalışıb. Birləşmiş Ərəb Əmirliyinin “The National” nəş­ri Afrika bazarına bələd olan türk biznes elitasının nümayəndələrin­dən birinə istinadla yazır: “Türkiyə özəl sektorunun Afrikada öz təsir rıçaqları var: bu, çox praqmatik­dir. Türk şirkətləri Afrikanı həm ucuz, həm də keyfiyyətli mal və xidmətlərlə təmin edir. Çinlilərlə asanlıqla rəqabət apara bilirlər”. Bu il Türkiyənin uranın işlənməsi ilə bağlı bəzi Qərb ölkələrinin yeri­ni doldurmağa hazır olduğuna dair əlamətlər də var. 

Eyni zamanda, Türkiyə Niger­dən Somaliyə qədər geniş spektrli aktorlarla təhlükəsizlik əlaqələri də qura bilib. Belə şəraitdə Avropa İttifaqı son illərdə qitənin sürətlə dəyişən hissələrində öz mövqelə­rini gücləndirə bilən regiondankə­nar oyunçularla qarşılıqlı əlaqədə maraqlı olmalıdır. Buna görə də politoloqlar bildirirlər ki, Borrelin iddialarına baxmayaraq, Aİ Tür­kiyənin Afrikadakı artan rolunu nəzərə alaraq Ankara ilə bu sahə­də əməkdaşlığını gücləndərməyə məcburdur. Çünki “Qoca qitə”nin üzvləri “qara qitə”də yaxşı qarşı­lanmırlar. 

S.ELAY
XQ

Dünya