“İnsan öləndə belə dirilərin əlindən canını qurtara bilmir”. Bu fikri neçə illər bundan qabaq Əziz Nesinin hansısa kitabında oxumuşam və həmişəlik yaddaşıma hopub. O, sağlığında narahat bir həyat yaşadı, neçə dəfə sürgün olunmaq zorunda qaldı. Ölümündən sonra da dirilər ona dinclik vermədi. Oğlu atası üçün 8 yerdə məzar qazdırmışdı ki, düşmənləri onun dəfn olunduğu yeri tapmasınlar.
Əziz Nesinin yaşadığı ömrün son qənaəti kimi səslənən, ölümündən sonra da təsdiqlənən bu fikrin özəyində çox böyük, həm də sadə mətləblər gizlənir. Ölümündən sonra da dirilər tərəfindən zaman-zaman haqlı-haqsız mühakimə olunan və özlərini müdafiə etmək imkanı olmayan zərərçəkmişləri həmin goreşənlərin əlindən xilas etmək mümkün olmur.
Ədəbiyyatda dünyasını çoxdan dəyişmiş insanların pasportu ilə yaşayan və onların artıq çoxdan tamamlanmış ömrünün davamını yaşayan qəhrəmanlara da rast gəlmişik. Bu obrazlar adətən, dedektiv əsərlərdə oxucunun rastına çıxır. Bu halda yazıçı əsərdə bir insanın həyatını ikinci dəfə sanki “istismar” edir. Bədii əsərdə də ölmüş qəhrəman diri yazıçının əlindən canını biryolluq qurtara bilmir.
Yazıçının öldürüb-diriltdiyi obrazlar əsər çap olunandan sonra da tənqidçilərin əlinə keçir, tənqidçilər də hər iki dünyasından olmuş bu didərgin obrazlar üzərində növbəti əməliyyatlar aparırlar. Tarixi şəxsiyyətlərin obrazını yaradan yazıçılar da öz müstəsna hüquqlarından yararlanıb onları görmək istədikləri kimi təsvir edirlər və nəticədə oxucu düşüncəsində çox böyük ziddiyyətlər əmələ gəlir.
XVII əsr Fransasında dövlət xadimi kimi yetişmiş Kardinal Rişelye Avropa tarixinin gedişatına çox güclü təsir göstərmiş şəxsiyyətlərdən olub. Lakin Fransız yazıçısı Aleksandr Düma “Üç müşketyor” əsərində Rişelyenin obrazını məqsədli şəkildə mənfi planda təsvir edib. Özünün də bu haqda fikri var: “Mən Rişelyenin obrazını elə yaradacağam ki, hamı ona nifrət eləsin”. Düma niyyətinin səbəbini açıqlamayıb və bu sualın cavabı hələ də açıq qalır. Dümanın Rişelyesi ilə eyni taleyi bölüşən, ədəbiyyata təhrif olunmuş şəkildə düşmüş tarixi şəxsiyyətlər çoxdur, onlar bu hermetik mühitdən çıxa bilmirlər. Onların ölümlərindən sonrakı talelərini sığortalamaq üçün nə imkanları var, nə də belə bir təşkilat mövcud deyil.
Fantastik romanlar ilə vaxtı qabaqlamış Herbert Uelsin “zaman maşını” da ölüləri gələcəyə apara bilmir. Yalnız yaddaşımız vasitəsilə keçmişə qayıdıb “ölənləri sağ görmək” (Ramiz Rövşən) imkanımız var. Amma gerçək mənada da nisbilik nəzəriyyəsi zamanla geriyə dönməni istisna etmir. Digər tərəfdən, bu dünya ilə bağları qırılmaqda olan insanı keçmiş yox, gələcək düşündürür. O, gələcəklə bağlı nigarançılıqlarını da özüylə birgə qəbrə aparır. Gələcək onun xeyrinə, yoxsa ziyanına işləyəcək? Zaman həyat lövhəsindən onun adını siləcək, ya saxlayacaq? Bu sualların cavabı onlara ayrılmış zamanın xaricindədir.
Bəlkə də o dünyadan qayıdıb gəlsələr və onlar haqqında yazılmış romanları oxusalar, özlərini o əsərlərdə tapa bilməzlər. Sağlıqlarında heç ağıllarının ucundan keçməyən fikirlərin onların adına yazılmasını yəqin ki, həmin yazıçılara bağışlamazlar. Amma yazıqlar olsun ki, kütlə öz tarixi şəxsiyyətini tarix kitablarında yox, bədii əsərlərdə olduğu kimi qəbul edir.
Ədəbiyyatdan kənara çıxaq, yenə eyni mənzərənin şahidi olacağıq. Çox uzağa getməyək, sovet ideologiyası uzun illər repressiyaya məruz qalmış klassiklərimizin adına min cür ləkə yaxdı, onların adını tarix kitablarından, yaddaşlardan sildi. Onların tarixi xidmətləri bilərəkdən unutduruldu. Əziz Nesinin sözüylə desək, sağlıqlarında çəkdikləri zillətlər bəs deyilmiş kimi, öləndən sonra da dirilərin əlindən xilas ola bilmədilər.
Bu ölülər səltənətinin müfəttişləri əslində özləri də bilmədən onların ölümdən sonrakı həyatlarına donorluq edirlər. Digər tərəfdən insanın (xüsusən yaradıcı insanın) özündən sonra qoyub getdiyi həyat anarxist xassəlidir, zaman-zaman müzakirə obyektinə çevrilən yaşanıb bitmiş ömür hər dəfə dəyişən, yeniləşən dəyərlər prizmasından çözülür. Biz bəzən sələflərimizə kontekstdən çıxarılmış mətn kimi yanaşırıq və bu da yanlış nəticələrə gətirib çıxarır. Bu, həm də keçmişlə gələcək zaman arasında “sınmış körpülər“ deməkdir, yəni keçmişdəki insanlar gələcəyə salamat gedib çıxa bilmirlər.
XVIII əsrdə yaşamış məşhur avantürist, macəraçı, şəhvət düşgünü Cakomo Kazanovanın həyatını xatırlayın. Bu adam tarixdə misli görünməmiş fırıldaqçı olub. Stefan Sveyq “Öz nəğməsini oxuyanlar” kitabında Kazanovanın portretini ustalıqla yaradıb. Sveyqin bu cümləsi Kazanovanın ziddiyyətli şəxsiyyətini çox aydın xarakterizə edir: “İnsanlığın həyat enerjisi ilə dolu, qanlı-canlı və arzuyla dolub-daşan belə bir örnəyinin psixoloji cəsədi yarılsa, ilk olaraq ortaya çıxan mənzərə heç bir əxlaqi orqanın tapılmaması olacaq”.
Bütün müqəddəs, insani hisslərdən məhrum olan Kazanova özünün fitnəkar təbiətilə bütün bağlı qapılara açar sala bilirdi. O, ömrünün sonuna yaxın tarixin zibilliklərindən on iki cildlik “Xatirələr”i ilə çıxdı. Sveyq yazır ki, “Kazanovanın dühasını göstərən şey həyatını danışmaq və yazmaq forması deyil, yaşama formasıdır. Bir başqasının icad etmək zorunda qaldığı şeyi o, öz nəfəsilə hiss etmişdir, başqasının beynində planlaşdırdığı şeyi o, isti və şəhvətli bədənilə gerçəkləşdirmişdir, buna görə də burada qələmin və xəyal gücünün reallığı sonradan süsləməsinə gərək yoxdur: forma baxımından tam anlamıyla dramatik olan belə bir həyatın içərisində hər hansı bir anı təsvir etməsi yetərlidir. Öz zamanının heç bir yazarı (o gündən bu yana bəlkə Balzakdan başqa, demək olar ki, heç bir yazar) Kazanovanın həqiqətən yaşadığı qədər fərqli hadisələr və vəziyyətlər icad edə bilməmişdir...”
Kazanova həyatda sudan necə quru çıxırdısa, ölümündən sonra da özünə misilsiz bir bəraətnamə qoyub getdi; nə az-nə çox, on iki cildlik xatirələr! Onun xatirələrində hər cür alçaqlığa “haqq qazandırmaq” mümkündür. Bu dahi fırıldaqçı ölümündən sonrakı həyatını da xatirələrilə bir növ, sığortalayır. Kazanova üçün günah hissi və tövbə deyilən bir məfhum yoxdur. Onun sanki həyatda bir sadiq dostu olub - şeytan. O şeytan da yan-yörəsində yox, içində idi və bütünlüklə onun ruhuna hakim kəsilmişdi. Bütün qüvvəsi tükənəndən sonra ölüm ayağında onun əlinə qələm verib on iki cildlik kitab yazdıran da elə həmin sadiq dost idi. O kitab əslində şeytanın yazdığı bir əsər idi. Həyatın son mərhələsi olan qocalıq onun bədənini mühasirəyə alsa da, şeytani xislətini islah edə bilmədi.
Alman filosofu və riyaziyyatçısı Leybnis deyirdi ki, biz dünyaların ən yaxşısında yaşayırıq. Vaxtilə Volter bu fikrə ironiya ilə yanaşmışdı. Hər halda yaşadığımız dünyadan ayrısı bizə tanış deyil və buna görə də müqayisə etmək imkanımız yoxdur. “Dünyaların ən yaxşısı” olan bu dünyada hər kəsin öz həqiqəti var və hər kəs yaşadığı ömrü özü üçün müəyyənləşdirdiyi həqiqət prinsiplərinə uyğun yaşamağa çalışır. Amma dəyişməyən əbədi həqiqətlər də var. Onlardan biri də budur: necə yaşamısansa, elə də xatırlanacaqsan.
Tarixdə müfəttişlər yox, təftiş obyektləri qalır. İnsanlara təlqin edilən uydurma həqiqətlər gec-tez dövriyyədən çıxır və yerini sabit həqiqətlərə verir. Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Əhməd Cavadın və məhbəslərdə, sürgünlərdə haqsız yerə çürüdülən insanların haqqını tarix onlara qaytardı. Qoca tarix Nazim Hikmətin öz vətənində vətəndaşlığının bərpa edilməsini gözlərimiz önündə sərgilədi. Zaman uzun, həyatsa qısadır, buna görə onlar bu tarixi qələbədən xəbərsiz qaldılar.
Əziz Nesin isə deyirdi: “Həyat acı bir zarafatdır”.
Kənan HACI,
yazıçı-publisist