Bu dövlətlər respublikamıza 7 milyard dollar sərmayə yatırıb
Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının (GCC) Palatalar Federasiyası sentyabrın 25-26-da Bakıda II “Körfəz – Azərbaycan” İqtisadi Forumunu təşkil edəcək.
Federasiyanın yaydığı məlumata əsasən, “Dayanıqlıq, investisiya, tərəfdaşlıq” adlanacaq forumun məqsədi Körfəz ölkələri ilə Azərbaycan arasında bir sıra perspektivli iqtisadi sahələrdə ticarət əlaqələrini inkişaf etdirməkdir.
Forum Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə əməkdaşlıq çərçivəsində İqtisadiyyat Nazirliyi və Körfəz Əməkdaşlıq Şurasının Baş Katibliyinin dəstəyi ilə reallaşacaq. Tədbirdə ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı, bərpaolunan enerji mənbələri, logistika və nəqliyyat, eləcə də tərəflər arasında ticarət və investisiyaların artımını dəstəkləyən sektorlar da daxil olmaqla bir sıra iqtisadi sahələrdə əsas investisiya imkanları və birgə layihələr təqdim ediləcək.
Federasiyanın prezidenti Faisal bin Abdullah Əl-Ravvas qeyd edib ki, forum Körfəz ölkələri ilə Azərbaycan arasında ticarət əlaqələrinin möhkəmləndirilməsi və inkişafının, o cümlədən iki tərəf arasında ticarət mübadiləsinin həcminin artırılmasının vacibliyini əks etdirir. Əl-Ravvas əlavə edib ki, 2023-cü ildə Körfəz ölkələri ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1,8 milyard ABŞ dollarına çatıb. Körfəz ölkələrinin Azərbaycan iqtisadiyyatına sərmayələri isə, təxminən, 7 milyard ABŞ dolları təşkil edib.
Birinci “Körfəz – Azərbaycan” İqtisadi Forumu 2017-ci ildə keçirilib.