Yay turizminin açdığı geniş qapılar, ölkələrarası gediş-gəlişin artması yoluxucu xəstəliklərin də sürətlə yayılmasına səbəb olub. Son vaxtlar yayılmağa başlayan meymunçiçəyi virusu da ölkə-ölkə “addımlayır”, səhiyyə təskilatlarının qarşısında yeni problem kimi baş qaldırır.
Mütəxəssislər “M poks” adı verilən bu virusun nadir infeksiya mənbəyi olduğunu söyləyirlər. Bildirilir ki, meymunçiçəyi suçiçəyinə bənzəyir. Xəstəlik qızdırma, başağrısı, şişkinlik, bel-əzələ ağrısı və zəifliklə müşayiət olunur.
Ötən gün Türkiyənin Sakarya şəhərində bir nəfər meymunçiçəyi xəstəliyinə yoluxma şübhəsi ilə karantinə alınıb. Bu barədə ölkə mediasının yaydığı xəbərdə bildirilir ki, özündə zəiflik, bel ağrısı, halsızlıq hiss edən Seneqal vətəndaşı həkimə müraciət edib. Afrikalıda meymunçiçəyi virusunun əlamətləri təsdiqlənib və o, xəstəxanaya yerləşdirilib.
Bundan əvvəl Pakistanda da meymunçiçəyinə yoluxma halı qeydə alınıb. 2022-ci ildə Avropada aşkarlanan bu təhlükəli virusa ilk dəfə Amerika Birləşmiş Ştatlarında rast gəlinib. Daha sonra İspaniyada, Portuqaliyada və Böyük Britaniyada yoluxmalar qeydə alınıb.
“M poks” virusunun sürətlə yayıldığı Afrika İttifaqının Səhiyyə Xidməti isə qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib. Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi xəstəliyinin yayılmasını fövqəladə hal adlandırıb. Qurumun yaydığı son məlumatda dünyada meymunçiçəyi xəstəliyinə 77 min 264 yoluxma və bu səbəbdən 36 ölüm qeydə alındığı bildirilir. Hazırda yoluxmanın 90 faizi Afrika qitəsində, xüsusən, Konqo və ətraf ölkələrdə müşahidə edilir.
Yeni epidemiyaya həssaslıqla yanaşan Ümumdünya Şəhiyyə Təşkilatı yoluxmanın ötən ilə nisbətən bu il daha sürətlə yayılmasını təhlükəli hal kimi dəyərləndirib. Buna görə də təşkilat bütun ölkələri infeksiya ilə birgə mübarizəyə çağırıb.
Ölkəmizdə meymunçiçəyinə yoluxma qeydə alınmayıb. Ölkə infeksionistləri təhlükəni qabaqlamaq üçün onun yayılma vəziyyətini diqqətlə izləyirlər.
Zərifə HÜSEYNOVA
XQ