Sərhəddən başlanır Vətən!

post-img

18 Avqust Sərhəd Qoşunları Günüdür


Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları peşə bayramlarını qeyd edirlər. 1918-ci ildə Azərbaycanda ilk dəfə Poylu sərhəd postu yaradılıb. Düz 105 il əvvəl, avqustun 18-də isə AXC hökumətinin “Azərbaycan Respublikasının gömrük baxımın-dan sərhəd mühafizəsinin təsis edilməsi haqqında” Qanununa əsasən, daha 99 post vasitəsilə sərhədlərimizin mühafizəsi təşkil olunub.

Ulu öndər Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli sərəncamı ilə avqustun 18-i sərhədçilərin peşə bayramı günü kimi rəsmi status alıb. Daha 2 il sonra isə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin əsasında Dövlət Sərhəd Xidməti yaradılıb və Sərhəd Qoşunlarının komandanı təyin edilib. Bu gün DSX çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir silah və texniki vasitələrlə təchiz olunmuş və üzərinə qoyulan vəzifələri şərəflə icra edən mühüm dövlət təsisatıdır.

...“Sərhəd” müqəddəs anlayışdır və  aid olduğu ərazinin bütövlüyünü, toxunulmazlığını ehtiva edir. Vətən və dövlət sərhəddən başlanır. Vətən keşikçisi sərhədi namusu kimi qoruyur ki, torpağın üzərində qürurla gəzə bilsin. Yurdun hüdudlarından quşu belə keçməyə qoymur ki, dövlətin bayrağı əlçatmaz olsun, vüqarla dalğalansın. Lazım gələndə bu yolda canından keçir və nəşi bayrağa bükülərək, yaylım atəşləri ilə dəfn edilir.   

Hələ1992-ci ilin oktyabr ayının 18-də Naxçıvan Sərhəd Dəstəsində Azərbaycan Respublikası milli sərhədçilərinin ilk andiçmə mərasimi keçirilib. Ulu öndər sərhədçiləri təbrik edərək, deyib: “Siz müstəqil Azərbaycanın sərhədlərinin toxunulmazlığını, respublikamızın ərazi bütövlüyünü təmin edən sərhəd qoşunlarının sıralarında xidmət etməyə başlayırsınız. Siz indi müstəqil Azərbaycan dövlətinə sədaqətlə xidmət etmək andı içdiniz. Bu and müqəddəs anddır”. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladığı ilk vaxtlardan Ulu öndərin milli sərhəd siyasətini uğurla davam etdirir. Dövlət başçısı sərhədçilərlə çoxsaylı görüşlərində onların müqəddəs işini layiqincə dəyərləndirib.  

“Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş Eldar Məmmədov I Qarabağ müharibəsində şəhadətə yüksəlib. Əmiraslan Əliyev, İntiqam Atakişiyev, Bəhruz Mansurov, Faiq Cəfərov, Eltun İsgəndərov da bu fəxri adla təltif  ediliblər.   

Sərhədçilərimiz 2020-ci ilin 44 günlük Zəfər salnaməsinə də misilsiz  töhfələr veriblər. Xudafərin körpüsünü və Zəngilanın Ağbənd qəsəbəsini düşmən işğalından azad edən Azərbaycan sərhədçiləri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşanın azad olunmasında da rəşadət göstəriblər. Sərhəd keşikçiləri bir neçə günə 105 kilometr ərazini yağı tapdağından təmizləyiblər. Qazanılmış Zəfər sayəsində 132 kilometrlik Azərbaycan-İran sərhədi, eləcə də daha uzun ərazidə olan Azərbaycan-Ermənistan sərhədi Silahlı Qüvvələrimizin nəzarətinə keçib. Əlbəttə, qurbansız qələbə olmur. Müharibə zamanı DSX-nin 47 hərbi qulluqçusu şəhid olub, neçə nəfər ağır yaralanıb. 176 sərhədçi igidlik nümunəsinə görə müxtəlif ordenlərlə, 5 203 nəfəri isə müxtəlif medallarla təltif edilib. Sonrakı əməliyyatlarda daha 9, Qaraheybət poliqonunda helikopter qəzasında 14  sərhədçi şəhadətə ucalıb. 

Müharibədən sonra azad olunmuş ərazilərdə yeni zastavalar yaradılıb, hər birində Azərbaycan bayrağı ucaldılıb, sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlanıb. Bütün bunlar elə də asan başa gəlməyib. Döyüşə-döyüşə irəli getməyin, 30 il erməni faşistlərinin viran qoyduğu ərazilərimizi işğaldan azad edə-edə sərhəd çəkməyin nə qədər çətin olduğunu hər kəs yaxşı bilir.Yeni yaradılmış zastavalarda qaldırılan üçrəngli bayrağın altında Ali Baş Komandana raport verməyin isə necə şərəfli və qürurverici olduğunu sərhədçilərimiz daha gözəl anlayırlar.

Artıq 4-cü ildir ki, sərhədçilərimiz peşə bayramlarını ərazisi bütöv Azərbaycanın qəhrəman müdafiəçiləri kimi ruh yüksəkliyi ilə qarşılayırlar. Quru sərhəd mühafizə dəstələrinin,  hərbi dəniz və səma keşikçilərinin, digər struktur bölmələrin  hərbçilərinin bu günü fərəhlə bayram etməyə tam haqları var. 

Zəfər Yürüşündə fərqlənən 12 nəfər Azərbaycan sərhədçisi “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Bunlar Amin Novruzov, Nail İbrahimli, Azər Yusifli, Şahin Allahyarov (4-ü də ölümündən sonra), eləcə də Elvin Səfərov, Anar Məmmədov, Röyal Quliyev, Şahin Hüseynquliyev, Vüsal Sultanov, Babək Qurbanov, Babək Ələkbərov və İlham Mehdiyevdir. Şəhadətə qovuşanlar daim ehtiramla yad edilir, bu gün sıralarımızda olan canlı əfsanələrsə gənc nəslin vətənpərvərlik tərbiyəsində əsl nümunə kimi urvatda tutulurlar. 

Müharibədən sonra cənab İlham ­Əliyevin azad olunmuş ərazilərdə sərhədçilərlə unudulmaz görüşləri olub. 2021-ci il aprelin 26-da, oktyabrın 5-i, 21-i və 25-də Cəbrayıl, Zəngilan və Qubadlıda Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinin açılışları, yaradılan şəraitlə tanışlıq bu sıradandır. Dövlət başçısının sərhədçilərin ünvanına söylədiyi yüksək fikirlər onları Vətənin keşiyində daha ayıq-sayıq dayanmağa ruhlandırıb. 

Bu ilin əvvəlində Azərbaycan  ­Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında iştirak edib. Xəstələrə ən yüksək səviyyədə çoxfunksionallı xidmət göstərən möhtəşəm şəfa mərkəzində həm müalicələr, həm də  uçuş heyətinin, dalğıcların, digər kateqoriyaların yüksək müayinəsi üçün hər cür şərait yaradılıb. Bu, DSX-ya və sərhədçilərə göstərilən diqqətin, qayğının daha bir təzahürü idi.  

...Sərhəd qoşunlarından danışarkən II Qarabağ müharibəsində igidliyi və səngərdə gözəl səsli ifası trend olan Xudayar Yusifzadəni xatırlamaya bilmərik. Çünki ölümündən sonra “Azərbaycan Bayrağı” ordeninə, eləcə də Cəbrayılın və Zəngilanın azad olunmasına görə və “Vətən uğrunda” medallarına layiq görülmüş Xudayar da məhz şərəfli sərhədçi adını daşıyıb, DSX Sərhəd Qoşunlarının kiçik giziri olub. 11 il Bərdə şəhərindəki Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alsa da, əsgərlikdən sonra hərb sənətinə könül verib, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. İgidliklə əbədiyyətə qovuşduğu Ağbənd döyüşlərindən 2 gün öncə səngərdə “Vətən yaxşıdır” təsnifini elə oxuyub ki, Əliağa Vahidin sözlərinə bəstələnmiş bu musiqinin yaradıcısı, Xalq artisti Əlibaba Məmmədovun razılığı ilə ifası “Xudayar təsnifi” adlandırılıb.

Xəzər dənizitək eşqimlə coşdum,
Xülyalar içində sanki bihuşdum.
Vətən arzusuyla nəğmələr qoşdum,
Tufanlar qarşımda dastana döndü...

Bəli, igidləri dastan yaradan Silahlı Qüvvələrimizin mühüm təsisatı olan DSX, eyni zamanda, böyük hərbi vətənpərvərlik mərkəzidir. Elm və Təhsl, Gənclər və İdman nazirlikləri ilə hazırlanmış birgə plan əsasında müxtəlif məzmunlu tədbirlər həyata keçirilir. Bu məqsədlə sərhəd məntəqələrinə ekskursiyalar, DSX-nin aparatında tələbələrlə görüşlər, “Sərhəd” hərbi-idman oyunları, müxtəlif mövzularda təsviri və tətbiqi incəsənət, musiqi və ədəbiyyat müsabiqələri keçirilir, filmlər çəkilir, kitablar buraxılır.

Bir neçə gün əvvəl – avqustun 15-də DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin növbəti andiçmə mərasimləri olub. Azərbaycan Sərhəd Mühafizəsinin 105-ci ildönümü ərəfəsində onlar təntənəli şəkildə Vətənə son dərəcə sədaqətli olmaq barədə hərbi andı qəbul ediblər. Sonra DSX-nin rəisi, general-polkovnik Elçin Quliyevin təbriki tədbir iştirakçılarına çatdırılıb. Qəti əminlik ifadə olunub ki, sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlər nümunəvi hərbi qulluqçu kimi dövlətə, xalqa və tariximizin ən böyük sərkərdəsi, müzəffər Ali Baş Komandana daim sadiq qalacaq, ərazi bütövlüyü və suverenliyi bərpa edilən Vətənimizin sərhədlərini göz bəbəyi kimi qoruyacaqlar. Mərasimlər gənc əsgərlərin təntənəli ­marşla tribuna önündən keçidi ilə yekunlaşıb.

Avqustun 16-da yubiley tədbirləri çərçivəsində şəhid olmuş sərhədçilərin əziz xatirələrinin anılmasına, qazilərimizə diqqət və qayğı göstərilməsinə xüsusi yer verilib. DSX-nın rəhbər vəzifəli şəxsləri İkinci Fəxri xiyabanda və bölgələrdə şəhidlərin məzarları ziyarət ediblər.

Dünən isə Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi hеyəti Fəxri ­xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər. Ulu öndərin və xanımı, akademik 
Zərifə ­Əliyevanın, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qоyulub. İlk sərhədçi Milli Qəhrəman Еldar Harun oğlu Məmmədоvun məzarı ziyarət еdilib.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin ən böyük amalı, ən vacib missiyası Vətəni qorumaq, dövlət sərhədlərinin quruda, havada və suda mühafizə və müdafiəsini təmin etməkdir. Bu şərəfli işin etibar olunduğu sərhədçi qəhrəmanlarımız onlara əmanət edilən Vətənin keşiyində  ayıq-sayıq durmağı yalnız vəzifə öhdəliyi hesab etmirlər. Bu, həm də onlar üçün mənəvi ucalıq və qürur mənbəyidir.

Bayramınız mübarək, Vətən oğulları!

Əli NƏCƏFXANLI 
XQ

 



Ordu