Güclü külək isə alovun ram edilməsinə mane olur
Türkiyənin İzmir vilayətində baş verən meşə yanğınları bölgədə əsən güclü küləyin təsiri ilə genişlənərək, təəssüf ki, bir sıra yaşayış yerlərinə çatıb. Belə ki, Qarşıyaka rayonunun Yamanlar məhəlləsində 16 ev yanıb, 87 evin sakinləri təxliyə ediliblər. Yaxınlıqdakı Bayraklı və Çiğli rayonlarında isə 3 məhəllə boşaldılıb. Ümumilikdə, vilayətdə 4 minə yaxın sakin təxliyə edilib.
Qardaş ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) mediaya verilən məlumatda deyilir ki, İzmir, Aydın, Bolu, Muğla və Manisa vilayətlərində meşə yanğınlarının söndürülməsi istiqamətində gərgin işlər davam edir. Bu bölgələrə, ümumilikdə, 90 aviatexnika, 1218 yanğına qarşı texniki vasitə və 4717 nəfərdən ibarət canlı qüvvə cəlb edilib. Ölkənin digər regionlarındakı aidiyyəti qurumların əməkdaşları bu bölgələrə səfərbər ediliblər.
İzmir valisi Süleyman Elbanın mətbuata açıqlamasında deyilir ki, ərazidə sürəti saatda 80 kilometrə çatan güclü külək dünən sutka ərzində söndürülmə işlərinə mane olub.
İnzibati orqanlar ölkənin şimal–qərb və qərb bölgələrinin böyük bir hissəsini əhatə edən meşə yanğınlarının əsas başvermə səbəblərini araşdırırlar. Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bu barədə belə bildirib: “Meşə yanğınları ilə bağlı İzmirin Yamanlar məhəlləsində 3 nəfər, Ödəmişdə 2 nəfər, Boluda isə 4 nəfər şübhəli bilinərək nəzarətə alınıb”. Nazir xoşbəxtlikdən “can itkisi”nin olmadığını qeyd edib. Bildirib ki, Yunanıstana dəstək üçün Türkiyədən göndərilən təyyarə və helikopterlər artıq ölkəyə qayıdıb və yanğınların söndürülməsi əməliyyatlarında iştirak edir.
İ.Yamaklı, həmçinin 72 yanğından 69-nun artıq nəzarət altına alındığını açıqlayıb: "Hazırda 6 aktiv yanğın var. Onları da tezliklə ram edəcəyik”.
Xoşbəxtlikdən ərazidə dünən gecə saatlarında küləyin sürəti azalıb, rütubət isə 10 faizi keçib. Bu yanğınsöndürənlərə odla daha effektiv mübarizə aparmağa imkan verir. İzmirdə 1 min 600 hektar meşə sahəsi gün ərzində nəzarətə götürüləcək. Söndürülmə və soyutma işləri davam edəcək.
Türkiyə Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, İzmirdəki yanğınlarda 78 nəfər xəsarət alıb, onlardan 29-nun müalicəsi hazırda xəstəxanalarda davam etdirilir.
P.ƏFƏNDİYEV,
Q.QASIMOV
XQ