Yaxın Şərq: Hərbi qarşıdurma davam edir

post-img

Başıbəlalı Yaxın Şərq yenə odun-alovun içindədir. Qəzza zolağı 10 ay 11 gündür ki, raket zərbələri altındadır. Buradakı inzibati bina və yaşayış evlərinin, məktəb və xəstəxanaların böyük hissəsi dağıdılıb. Qeyri-dəqiq məlumatlara görə, Qəzzada müharibə başlanan gündən bu vaxtadək ölən və yaralanan fələstinlilərin sayı isə 40 mini ötüb. İsrailin də xeyli itkisi var.  

İndi Qəzza sakinlərinin vəziyyəti çox acınacaqlıdır.  BMT-nin Fələstin ərazilərindəki Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb ki, Qəzzada içməli suyun təmizlənməsi üçün istifadə edilən natrium hipoxlorit ehtiyatı cəmi bir ay kifayət edəcək.

“Əlavə tədarük olmadan, mövcud təchizatın cəmi bir ay kifayət edəcəyi gözlənilir ki, bu da suyun dezinfeksiya edilməsi ilə bağlı ciddi narahatlıq doğurur”, – deyə məlumatda xəbərdarlıq edilib.

İsrail Ordusunun əsas hədəflərindən biri də Livanın cənubunda yerləşən Hizbullahdır. Qətərin “Əl-Cəzirə” telekanalı dünən İsrail aviasiyasının Livanın Nəbatiyyə şəhərinə zərbələr endirdiyi barədə görüntülər yayımlayıb. Azı, 10 nəfərin öldüyü bildirilir. Çox sayda yaralılar var. 

Hazırda Yaxın Şərqin başqa bir “qaynar nöqtə”si Qırmızı dəniz sayılır. Belə ki, ABŞ, Böyük Britaniya başda olmaqla bir çox Qərb dövlətlərinin aviasiyası öz qırıcı təyyarələrini vaxtaşırı husi terrorçularının gəmilərinə tərəf tuşlayırlar. Məsələn, dünən ABŞ hərbçiləri husilərə məxsus pilotsuz gəmini vurublar. Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) özünün “X” sosial şəbəkəsində məlumat yayıb.

Xatırladaq ki, ötən il oktyabrın 10-da HƏMAS yaraqlılarının İsrail ərazisinə qəfil hücumu bölgədə yeni zorakılıqlar dalğasının başlanmasına səbəb olub. Husilər fələstinlilərə dəstək nümayiş etdirərək 2023-cü ilin noyabrından Qırmızı dəniz və Ədən körfəzində Qərb dövlətlərinin mülki və hərbi gəmilərinə hücum edirlər. 

Bu arada ABŞ Prezidenti Co Bayden israillilərlə fələstinlilər arasında  keçirilən danışıqların Dohada davam etdiriləcəyini bildirib. Qeyd edib ki, Qətərin baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani və Misir Prezidenti Əbdülfəttah əs-Sisi ABŞ-nin danışıqları davam etdirməsi ilə bağlı təklifinə dəstək ifadə ediblər.

Regiondan atəşkəslə bağlı ara-sıra ümidverici xəbərlər də yayılır. Dünən “The New York Times” qəzeti məlumat yayıb ki, İran və Livanın “Hizbullah” hərəkatı Qəzza zolağında mümkün atəşkəslə əlaqədar Dohada aparılan danışıqlar fonunda öz raket bölmələrinin döyüş hazırlığı səviyyəsini aşağı salıblar. 

Nəşr, həmçinin qeyd edir ki, İsrail kəşfiyyat xidmətləri “Hizbullah" və İranın “yumşaldığı” qənaətinə gəliblər. Bununla belə, rəsmi Təl-Əviv Tehranın  mümkün zərbələrinin gələcəkdə baş tuta biləcəyini istisna etmir. Təsadüfi deyil ki, İsrail hökuməti kəşfiyyat məlumatlarının daim dəyişdiyini bəyan edir.

Xatırladaq ki, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda və “Hizbullah” lideri Həsən Nəsrullahın baş müşaviri Fuad Şükrün Beyrutda öldürülməsindən sonra Yaxın Şərqdə vəziyyət daha da gərginləşib. 

İran və “Hizbullah” qətlə yetirilən şəxslərin qisasını almağa söz veriblər. Bundan sonra bir çox iri aviaşirkətlər bölgəyə uçuşları dayandırmağa başlayıb. ABŞ iqtidarı İranı regionda eskalasiyanı gücləndirməməyə çağırıb. Tehran isə, öz növbəsində, qarşı tərəfi günahlandırır. 

Məsaim ABDULLAYEV 
XQ

 

Dünya