Bulaq  suyu,  dağ havası … Bəs  zibilliklər?

post-img

Təəssüf və çox təəssüf ki, bu sətirlərlə “Qız qalası” saytında gördüyüm  qısa videolentdəki “ab-havanı”  məhz o səviyyədə qələmə ala bilmirəm. Heç başqa həmkarlarımızın da qələmə ala biləcəyinə inanmıram. Sadəcə, dəhşətdir. Mən belə zibilxanaları əks etdirən videoları Paris haqqındakı tənqidi filmlərdə görmüşdüm. Emmanuel Makronun daxili siyasətdə bir nömrəli problemi olan məişət tullantılarının paytaxtdan yığışdırılmamasını dəfələrlə qınamış və gülmüşdüm. İndi sanki Allah bizi cəzalandırır. Həmin natəmizliklərin kiçik variantını Şuşa– Laçın yolunda görmək... ürək ağrısı yaradır. 

Çox arzulayardım ki, “Şuşadan Laçına gedən yol” adlı həmin materialı ermənilər və onlara havadarlıq edənlər görməyəydilər.  İndi hansısa separatçı, qarətçi, talançı, yurdumuzu viranəyə çevirmiş Haykaz, Aşot və ya Qurgen deyə bilər ki, əgər o yerləri o günə salacaqdınızsa, nə üçün minlərlə şəhid verdiniz? Hansısa Baqrat şəxsən məndən soruşsa, cavab verə bilmərəm. 

Haqqında söz açdığım videoda görünür ki, Şuşadan Laçına gedən yoldakı hansısa bulağın yanında dayanmış avtomobilin sərnişinləri gətirdikləri bəzi qablara bulaq suyu doldururlar. Deməli,  bu müqəddəs torpaqlardan kiməsə pay aparacaqlar. Ziyarət yerlərindən qayıdan adamların gətirdiyi belə paylara “tutiyə” deyirdik. Ancaq sərnişinlərin su götürdüyü bulağın ətrafını, hətta, maşın getdikcə videoya çəkilən ­digər yerləri də görəndə oradan gətirilmiş suya qətiyyən “tutiyə” demək istəməzdim. Çünki göz işlədikcə hər tərəf məişət tullantılarının  atıldığı zibilliyə çevrilib. 

Bəs hanı bizi  işğalçılardan, soyqırımı törətmiş terrorçu və təxribatçılardan fərqləndirən mədəni səviyyəmiz? Otuz il Laçın, Laçın yolu deyəndə ürəyi titrəyən, dodağı çatlayan insanların yurda qayıdış sevincinə beləmi şərik çıxırıq? Vətən torpağının hər qarışı, hər kəsəyi, hər daşı uğrunda “uf” demədən ölümə gedən qəhrəman oğullarımızın, yüz illər boyu unudulmayacaq şəhidlərimizin qanı tökülmüş ərazilərin zibilxanaya çevrilməsinə kimin vicdanı icazə verir? 

Biz bu məsuliyyətsizliklərlə –  işğaldan azad edilmiş torpaqlarımızı zibilxanaya çevirməklə onlarca anti-Türkiyə, anti-Azərbaycan məramlı beynəlxalq təşkilatın, ölkəmizin müstəqilliyini gözü götürməyən, dövlətimizin qüdrətlənməsini həzm edə bilməyən çoxsaylı siyasi dairələrin qarşısında tək dayanan və bütün addımlarında qalib gəlməyi bacaran   müzəffər Ali Baş Komandanımızın “Biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik!” – tezisini beləmi dəstəkləyirik?  Məgər cənnətdə bu qədər plastik torbalar,  boş su qabları, qarpız qabıqları,  kağız dəsmallar (salfetka), köhnə yemək qalıqları ...olur?  

Hörmətli oxucular elə bilməsinlər ki, mən bütöv xalqımızı və ya ümumilikdə, cəmiyyətimizi qınayıram. Qətiyyən elə deyil. Qarabağın cənnətə çevrilməsində iştirak edənlərin sayı minlərlədir.  Şuşada, Füzulidə, Laçında gözəllik yaradanlar, düşmənin yandırıb viranəyə çevirdiyi torpaqlarımızı gülüstana döndərənlər bu yurd üçün can verənlərin adına layiq fəaliyyət göstərirlər. Mən Şuşada olanda quruculuq işlərində iştirak edən adi  fəhləyə də, daş gətirən maşının sürücüsünə də baş əyirdim. “Sən mənim qardaşımsan!” – deyirdim. İndi Laçın yolunu Abşerondakı, Xəzər sahillərindəki  bəzi baş gicəlləndirən zibilxanalara çevirmiş  soydaşlarıma necə “qardaş” deyə bilərəm? 

Bizi narahat edən əsas məsələ Azərbaycana gələn çoxsaylı əcnəbi turist və mətbuat təmsilçilərinin Laçın yolundakı həmin mənzərələri görməsidir. Bilmirəm, onlar ölkəmizdən qayıdandan sonra Azərbaycanda gördükləri barədə nələr yazacaqlar. 

Yeri gəlmişkən, son zamanlar ən kiçik dövlətlərdən tutmuş ABŞ-dək bütün dövlətlərin  ərazisində baş vermiş hansısa mənfi hala dərhal “Təxribatdır!” – damğası vurmaq tendensiyası yaşanır. Kaş Laçın yolunun o şəkilə salınması da təxribat olaydı. Hələ də özümü inandırmağa çalışıram ki, o “lövhələrin müəllifi” bizim soydaşımız deyil. Bəlkə də, həqiqətən, təxribatdır. Çünki mənim xalqımda o qədər mədəniyyətsizlik, o dərəcədə səviyyəsizlik və o şəkildə qanacaqsızlıq ola bilməz. 

Bu yerləri yenidən bizə qaytaran şəhidlərimizə baş əyir, ordumuza güvənir, Ali Baş Komandanımızı daim, hər addımda dəstəkləyirik. Həmin videodakı rüsvayçılığa görə isə şəhid analarından və qazilərimizdən üzr istəyirik. 

İttifaq MİRZƏBƏYLİ

 





Sosial həyat