Hər ilin sentyabr ayında Gəncə şəhərində Azərbaycanın görkəmli şairi, böyük mütəfəkkir Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş poeziya günlərinin keçirilməsi artıq ənənə halını alıb. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həyata vəsiqə qazanan bu işıqlı ideyanın tarixi yarım əsri ötür. Gəncəlilər həmişə olduğu kimi, bu il də Nizami poeziya bayramına ciddi hazırlaşırlar.
Mədəniyyət Nazirliyindən XQ-yə verilən məlumatda bildirilir ki, sentyabrın 11-dən 15-dək davam edəcək "Nizami günləri" çərçivəsində ölməz şairin həyat və yaradıcılığına həsr olunmuş elmi konfrans, şairin şeirlərindən ibarət "Qiraət axşamı", muğam və romans konserti nəzərdə tutulur. Bundan başqa, “Nizami günləri”nin proqramına Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs truppasının konserti və Əfrasiyab Bədəlbəylinin "Nizami" operasının nümayişi də daxildir.
Qeyd edək ki, dahi şairin məqbərəsinin önündən start götürəcək Nizami təntənələri Mədəniyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
C.BALABƏY
XQ