Azərbaycan Milli Xalça Muzeyinin günü-gündən zənginləşən kolleksiyasına bir nadir nümunə də əlavə olunub. Bu sənət incisi 1825-ci ildə Şuşada toxunan Qarabağ çeşnili “Açma-yumma” xalçasıdır.
Almaniyanın Berlin şəhərində yaşayan kolleksiyaçı Hocat Abasinin mötəbər saxlanca dəyərli töhfəsi olan tarixi sənət nümunəsi barədə XQ-yə məlumat verən Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova söylədi:
– Bu əsər naxış əlvanlığı, koloriti və qeyri-adiliyi ilə fərqlənir. Sənətkarlıq nümunəsi həm də kompozisiya, rəng harmoniyası, ornamentlərin zənginliyi ilə seçilir. Xalçanın ara sahəsi, haşiyələri həndəsi, nəbati naxışlar stilizə olunmuş insan və heyvan təsvirləri ilə bəzədilib. Tarixi xalçanın kim tərəfindən toxunduğu məlum deyil.
Yeni eksponat təmənnasız olaraq muzeyə bağışlanıb. Biz bu əsəri muzeyimizin Şuşa filialının ekspozisiyasında saxlayacağıq. Yaxın zamanlarda sənətkarlıq nümunəsini Şuşaya aparacaq, orada təşkil olunacaq xalça kolleksiyalarından ibarət sərgidə nümayiş etdirəcəyik.
Kolleksiyaçı Hocat Abasi də Vətənindən ayrı düşən bu nəfis əsərin öz doğma yurduna qovuşduğundan məmnun olduğunu bildirdi:
– Kolleksiyamda olan xalçalardan biri də “Açma-yumma” idi. Uzun müddət idi ki, bunu Azərbaycana gətirmək barədə düşünürdüm. Ölkə ərazi bütövlüyünü bərpa etdikdən sonra Şuşaya aid olan bu sənətkarlıq nümunəsini vətənə gətirməyim ürəyimcə oldu. Arzu edirəm ki, bu xalça muzeyin Şuşa filialı şəhərə qayıdanda orada sərgilənsin.
Qeyd edək ki, Qarabağ məktəbinə aid “Açma-yumma” xalçalarının istehsal mərkəzləri qədim zamanlardan Ağdamın Xıdırlı, Cəbrayılın Papı və Sofulu kəndləri, olub. XVIII əsrdən etibarən isə bu xalçalar Şuşa, onun Şırlan və Xəlfəli kəndlərində toxunub.
Ceyhun ALIŞLI
XQ