(əvvəli https://xalqqazeti.az/az/sosial-heyat/189860-azerbaycan-tarixinin-bir-esrlik-metbu )
Qəzet nədən və necə yarandı
Fəhlə-kəndli və partiya-hərbi müxbirləri qarşısında “qəzetin həyatımızın güzgüsünə çevrilməsi” üçün konkret vəzifələr qoyulmuşdu. “Qəza müxbirlərinin nəzərinə!” sütununda onlardan tələb olunurdu ki, aşağıdakılara xüsusi diqqət yetirsinlər:
– Xurafata və savadsızlığa qarşı mübarizə aparmaq; ərzaq vergisi yığımı və çöl əkin işləri sahəsində məlumat toplamaq; kənd təsərrüfatının yaxşılaşdırılması; partiya ilə əlaqə və s.
Tərxis olunub kəndə gedən hərbi müxbirlərə də konkret tapşırıqlar verilirdi. Hacı Səlim Səyyahın imzası ilə yazılmış “Hərbi müxbirlər kənddə necə işləməlidirlər?” məqaləsində deyilirdi ki, onların qarşısında çox ciddi və mühüm vəzifələr durur. Onlar qələmlərini yerə qoymamalı, şəhərliləri kənd həyatı ilə tanış etməli, kəndə gələn kimi, ilk növbədə, “Kommunist”, “Kəndçi qəzetəsi” və “Yeni fikir” qəzetləri ilə sıx ünsiyyət yaratmalı, abunə kampaniyasında fəal iştirak etməli, yerlərdə divar qəzetlərinin yaradılması üçün öz təcrübələrindən istifadə etməli, kəndliləri divar qəzetləri ilə əməkdaşlığa dəvət etməyə çalışmalıdırlar. Bir sözlə, hərbi müxbir öz təcrübəsindən istifadə edərək kəndli müxbir rolunu ifa etməlidir.
Redaksiya kəndli müxbirləri üçün tez-tez nəsihətverici məqalələr dərc edirdi. Onlara izah edilirdi ki: “Xırda məsələlər barəsində qəzetə yazı göndərməyin, çünki belələrini divar qəzetlərində də yazmaq olar”. Kəndli müxbirlərinə divar qəzetlərinin daha yaxşı tərtibatı üçün əlavə üsul və metodlar barəsində məsləhətlər verilirdi. Müxbirlərə təklif olunurdu ki, kənd həyatının ən ağrılı problemlərindən, kənd təsərrüfatı işlərinin gedişindən, vahid kənd təsərrüfatı vergisindən, kredit birliklərindən və s. barədə yazsınlar. Onlar klublar, qiraət komaları, kənd kooperativində ticarət və s. haqqında yazmaqla kifayətlənməsinlər. “Nə haqqında yazmalı? Qəza və kəndli müxbirlərimizə tapşırıq” adlı məqalədə isə təklif olunurdu ki, “kənd təsərrüfatı vergisinin gedişi və yaz-tarla işlərinə hazırlıqların gedişi” barəsində yazsınlar. Bunun necə yerinə yetirilməsi üsulları da izah edilirdi. Başqa bir məqalədə göstərilirdi: “Kəndli müxbiri şəhərlə kəndin münasibətlərində əlaqələndirici həlqədir. Əgər fəhlə müxbiri şəhərdə hər addımda şəhər mədəniyyəti ilə rastlaşır və maariflənirsə, kəndli müxbirinin özü geridə qalmış savadsız kənddə mədəniyyətin və maarifin nümayəndəsi və daşıyıcısı hesab olunur. Bu mənada, kəndli müxbirinin rolu daha böyükdür. Ona görə də kəndli müxbirinə daha çox diqqət yetirilməlidir”.
Əgər 1923-cü ilə kimi kəndli müxbirlərinə 2-3 sütun yer ayrılırdısa, 1923-cü ilin noyabrından bu bölmə tam bir səhifəyədək genişləndirilmişdir. Digər tapşırıqlarla yanaşı, kəndli müxbirinə tarixi əhəmiyyət daşıyan əşyaların talan edilməsi faktlarının müəyyənləşdirilməsi və qarşısının alınması üçün tədbirlər görməsi tapşırılırdı. Bu müqəddəs borcu yerinə yetirmək üçün “hər bir qəza müxbiri imkan daxilində onun şəklini fotoya aldırmalı” və ya əgər əşya kiçikdirsə, onu alimlərə və muzeyə vermək üçün redaksiyaya göndərməlidirlər. Bununla bağlı bütün yol xərclərini redaksiya öz üzərinə götürürdü.
Xalq dilində yazmaq!
AzMİK Rəyasət Heyəti 1921-ci il noyabrın 13-də keçirilmiş iclasında “Azərbaycan füqərası” qəzeti ilə bağlı “qəzetin istər məzmununun, istərsə də ifadə üslubunun yaxşılaşdırılması, xalq dilinə yaxınlaşdırılması, fəhlə və kəndlilərin anladığı, başa düşdükləri səviyyəyə gətirilməsi məqsədilə” qərar qəbul etmişdi.
“Kommunist” qəzeti fəhlə-kəndli müxbirləri hərəkatının genişlənməsindən sonra birbaşa müxbirlərinə müraciət edərək, onlardan öz yazı üslublarını yaxşılaşdırmalarını tələb edirdi. Əvvəllər isə redaksiyaya gələn məktublar əməkdaşların gücü ilə məqalə halına salınırdı. “Qəza müxbirlərinin diqqətinə. Müxbir öz yazısına diqqət yetirməlidir” başlıqlı məqalədə müəlliflərə tövsiyə edilirdi ki, qəzetdə çap olunmuş yazılarını yenidən oxusunlar və üzərində edilmiş düzəlişlərə diqqət yetirsinlər ki, bundan sonra həmin səhvləri təkrarlamasınlar.
Onlara məsləhət görülürdü ki, redaksiyaya göndərdikləri yazıları iki nüsxədə yazıb, birini özlərində saxlasınlar. Yazıları çap olunduqdan sonra hər ikisini tutuşdurub, buraxdıqları səhvləri islah etsinlər. Köhnəlmiş qəliz ərəb və fars sözlərindən isə imkan daxilində az istifadə etsinlər. “Kommunist” qəzeti bununla heç də “redaksiyanın işinin yüngülləşdirilməsi məqsədinin güdülmədiyini” nəzərə çatdırır və bildirirdi ki, “əsas məqsəd vahid qəzet ifadə-təsviri üslubunun” yaradılmasıdır.
Yuxarı partiya instansiyalarında və ayrı-ayrı mətbuat vasitələrində türk dilinin anlaşılmazlığı barədə haray-həşirin qaldırılması məhz bu dövrə təsadüf edir. Qəribə də olsa, bu harayı qaldıranlar həmin dili bilməyən qeyri-azərbaycanlılar idi. Nəriman Nərimanovun “köçəri quşlar” adlandırdığı belə adamlara “harada aş, orada baş” olan intriqaçı Levon Mirzoyan istiqamət verirdi.
1920-ci il sentyabrın 16-da Azərbaycan K(b)P MK-nın təşkilat bürosunun iclasında çıxış edən L.Mirzoyan bəyanat vermişdi ki, “müsəlman nəşrlər bizim üçün anlaşılmaz yarıərəb dilində çıxır”. Bu məsələni bir neçə dəfə də dilimizi bilməyən və ara qarışdırmaqda mahir olan S.Kirov qaldırmışdı. Azərbaycan K(b)P MK və BK-da işə keçən L.Mirzoyan dil məsələsini bir neçə dəfə qaldırmışdı. Özünün etiraf etdiyinə görə, o, “türk dilini bilmirdi”. Çox güman ki, bu kampaniyanın başladılmasında məqsəd Azərbaycan dilini məişət ünsiyyəti vasitəsinə çevirmək, onu Azərbaycan klassik ədəbiyyatından, öz köklərindən ayrmaq idi.
Belə ziyankar “dilçi ekspertlərə” cavab olaraq “Kommunist” qəzeti Ə.Bədinin (Triniç) imzası ilə yazdığı “Mətbuatımızın vəzifələri” baş məqaləsində bildirirdi ki, “türk dilinin anlaşılmazlığı barəsində çoxlu spekulyativ danışıqlar aparılır. Özü də bu məsələni elə adamlar qaldırırlar ki, onlar bu dil haqqında heç nə bilmirlər. Onlar bircə şeyi bacarırlar: ucadan qışqırıb “karaul!” deyə çağırmağı”. Əslində isə burada qorxulu heç nə yoxdur. Bizim qəzetin dilini əvvəllər nəşr olunan “İrşad”, “Şəlalə”, “Açıq söz” və s. qəzetlərin dili ilə müqayisə etmək tamamilə kifayətdir. Bizim qəzetdə dilimizin inkişaf səviyyəsini görməmək mümkün deyil.
Fəhlə-kəndli müxbirləri hərəkatı
Rusiyada başlanmış fəhlə-kəndli müxbirləri hərəkatı tədricən Azərbaycanda da yayıldı. Belə ki, 1921-ci ilin yanvarından Bakıda Petroqradda və Moskvada olduğu kimi, yerli və şəhər ədəbi heyətləri yaranmağa başlandı. Amma bu hərəkat çox tez söndü. Fəhlə-kəndli müxbirləri hərəkatının yeni dalğası 1923-cü ildə gücləndi. O zaman qəzetlərin nəzdində fəhlə müxbirləri kursları təşkil olundu. Bu sahədə planauyğun iş yalnız “Kommunist” qəzetində aparılırdı.
Kəndli müxbirləri hərəkatını daha mütəşəkkil miqyasda aparmaq məqsədilə 1923-cü ilin iyulunda qəzetin təşəbbüsü ilə respublika kəndli müxbirlərinin konfransı çağırıldı və bir sıra qəzaların nümayəndələri burada yaxından iştirak etdilər. İştirakçıların bütün yol xərclərini qəzet öz üzərinə götürmüşdü. “Kommunist” qəzetini bu konfransda kəndli müxbirləri Əhməd Əhmədov (Göyçay), Məbud İmamverdiyev (Şəki), Balacayev (Zaqatala), Qasımov (Şəmkir), Əfəndiyev (Ağdaş), Qulam Axundov (Şuşa), Səfər Məmmədov (Qazax), S.Qasımov (Quba), Səfərəli Məmmədov (Salyan) təmsil edirdilər. Konfrans başa çatdıqdan sonra kəndli müxbirləri zavod və mədənləri gəzmiş, “Kommunist” qəzetinin işi ilə tanış olmuşdular.
“Kəndlilərə” adlı məqalədə qəzet yazırdı ki, “kəndli müxbirləri kəndlərə getməli, adamlara yaxınlaşmalı, onların ehtiyaclarını aşkar etməlidirlər. Çünki kəndli əlində məktub gəlib kəndli müxbirlərini axtarmayacaq”.
“Kommunist” qəzeti nəzdində fəaliyyət göstərən dinləyicilər kursunda mühazirələr oxumaq üçün əvvəlcə qəzetin əməkdaşları cəlb edilmişdir. 30 may 1925-ci il tarixli Rusiya K(b)PMK-nin “Hazırda yeni qəzet işçiləri kadrlarının hazırlanması bizim milli mətbuatın ən aktual vəzifəsidir” göstərişindən sonra filoloq alimlər, dilçilər, jurnalistlər mühazirə oxunuşuna səfərbər edilmişdilər. Onların arasında fəallığı ilə seçilən Bəkir Çobanzadə, Məhəmmədhəsən Baharlı, Əliəkbər Heydərli, Həbib Cəbiyev, Məmməd Səid Ordubadi, Böyükağa Talıblı, Vəli Xuluflu, Əli Kərimov, Abdulla Şərifov, Zinətulla Nuşirəvanov, Salman Mümtaz, Əhməd Triniçi (Bədi) və b. var idi.
Qəzet xüsusi müxbirlərinin vasitəsilə yerlərdə fəhlə-kəndli müxbirləri hərəkatının yaranması və genişlənməsini dəstəkləyirdi. Bu sahədə pioner olanlardan biri qəzetin Şəki müxbiri Məbud İmamverdiyev idi. O, başqaları üçün də nümunə oldu. Onun rəhbərliyi ilə 1924-cü ilin fevralında Şəkidə “Kommunist” və “Bakinskiy raboçiy” qəzetlərinin qəza müxbirlərinin ilk müşavirəsi keçirildi. “Mətbuatın əhəmiyyəti haqqında və kəndli müxbirlərinin vəzifələri”, “İşçi qəzetində nədən və necə yazmalı”, “Kəndli müxbirlərinin təqibi və müdafiəsi haqqında” və s. mövzularda məruzələr edildi.
Kəndli müxbirlərinin işini və onların müdafiəsini əlaqələndirmək üçün Məbud İmamverdiyevin sədrliyi və 3 kəndli müxbirinin – Tağıyev, Allahyarov və Rəhimzadənin üzvlüyü ilə kəndli müxbirləri bürosu təşkil edildi.
Az sonra başqa qəzalarda da “Kommunist”, “Bakinskiy raboçiy”, “Kəndli qəzetəsi” müxbirlərindən ibarət bürolar yaradılmışdı. “Kommunist” qəzetini həmin bürolarda: Ağdamda – Həsənəli Rüstəmzadə, Ağdaşda – İbrahim Xəlil Səfərəlizadə, Göyçayda – Əhməd Əhmədov, Gəncədə – Əli Razi Şəmçizadə, Zaqatalada – Rəsul Hacıxanov, Qazaxda – Səfər Məmmədov, Karyagində (Füzuli) – Şirvan Sadıxov, Lənkəranda – Səfər Məmmədli, Naxçıvanda – Məmməd Rəsizadə, Tovuzda – Qasım Məmmədzadə, Şamaxıda – Məmməd Abbaszadə, Şəmkirdə – Hüseyn Nemətov, Salyanda – Məmməd Səfərli, Şuşada – Qulam Axundov, Bakı qəzasında – Paşa Mehdizadə təmsil edirdilər.
Tədricən bütün qəzalarda kəndli müxbirlərinin sayı o qədər artdı ki, onların haqqında məlumat statistik xarakter almağa başladı. Konkret adların sadalanmasına gəldikdə isə yalnız qəzetin ən fəal xüsusi müxbirlərinin adlarının çəkilməsi ilə kifayətlənməli oluruq: Göyçayda – Əbil Ucarlı, Gəncədə – Əli Razi Şəmçizadə, Ayn Abdullayev, Şuşa və Tərtərdə – Qulam Axundov, Salyanda – Tağı Musayev, Zərdabda – Əbülhüseyn Zərdabi, Qubada – Səfər Aşurlu, Cəbrayılda – H.Ə.Rəhimzadə, Bakı rayonlarında – Almas İldırım, Məmməd Əmənullazadə, Hilal Turanlı, Müseyib Dadaşov, Yunis Hacıyev (sonralar “Kommunist” qəzetinin redaktoru olmuşdur), Mikayıl Abdullayev (sonralar xalq rəssamı), Hafiz Mirzəzadə, Ağasəlim Manaflı, “Krımlı” və b.
“Kommunist” qəzetinin 1924-cü il avqustun sonlarında Bakıda 57, şəhər rayonlarında 197 fəhlə müxbiri, qəzalarda isə 63 kəndli müxbirləri var idi. Qəzetdə fəhlə-kəndli və partiya-hərbi müxbirlərin tam sayı 317 nəfər idi. 1925-ci ildə “Kommunist” qəzetinin 438 müxbiri var idi ki, bunların da 292-si fəhlə müxbiri, 133-ü kəndli müxbiri idi. Həmin müxbirlərdən 7 nəfəri qadın idi.
Əgər 1924-cü ildə redaksiya fəhlə-kəndli müxbirlərindən hər ay 190-200 məktub alırdısa, 1925-ci ildə bu rəqəm 500-750 arasında olmuşdur. 1926-cı ildə 350 fəhlə müxbiri, 500-dən artıq kəndli müxbiri qəzetlə əməkdaşlıq edirdi və onlardan hər ay orta hesabla 1200-1300 məktub alınırdı. 1927-ci ildə isə təkcə kəndli müxbirlərindən hər gün orta hesabla 70-100 məktub alınırdı. 668 fəhlə müxbiri, 850 kəndli müxbiri qəzetlə daimi əməkdaşlıq edirdi. 1925-ci ilin noyabrından 1926-cı ilin aprelinədək “Kommunist” qəzetinin səhifələrində onların 18 min 820 müxbir yazısı dərc olunmuşdu.
1922-ci ildə qəzetdə qəzalardan göndərilmiş 116 kəndli müxbiri yazısı, 1923-cü ildə isə 74 kəndli müxbirinin 404 yazısı çap olunmuşdu. Əgər 1923-cü ilin ikinci yarısında fəhlə-kəndli müxbirlərindən 4 min 160 məktub alınmışdırsa, təkcə 1927-ci ilin 4 ayı ərzində 10 min 60 məktub alınmışdı. Fəhlə-kəndli müxbirləri yazılarını öz adları və ya o dövrlərdə qəbul olunduğu kimi təxəllüsləri ilə imzalayırdılar.
Respublikada fəhlə-kəndli müxbirləri hərəkatının daha da genişləndirilməsində “Kommunist” qəzetinin redaktoru Həbib Cəbiyevin təşəbbüsü ilə çağırılmış I Azərbaycan fəhlə-kəndli müxbirləri qurultayının həlledici rolu olmuşdur. O, əvvəlcə Azərbaycan K(b)P MK-də mətbuat nümayəndələrinin müşavirəsini keçirmiş, qurultaya hazırlıq görmüşdü. Qurultaya hazırlıq müşavirələri Ruhulla Axundovun ümumi sədrliyi ilə 1924-cü il iyunun 18-də keçirilmiş və qərara alınmışdı ki, qurultay sentyabrın 15-dək çağırılsın. Triniç, Rəhmanov, Şahbazov, Çaqin və Qepşteyndən ibarət 5 nəfərlik büro yaradılmışdır. 19 bənddən ibarət tezislər hazırlanmışdı. Qurultay 1924-cü il oktyabrın 2-dən 6-dək keçirilmişdir. Qurultayda 250-dək nümayəndə iştirak etmişdi. Nümayəndələrin yarıdan çoxu qəzaların payına düşürdü.
Fəhlə-kəndli müxbirləri hərəkatı barədə İ.Ə.Eminbəyli məruzə etmişdi. Qurultay aşağı təşkilatlara tövsiyə edirdi ki, yaşlı bitərəf kəndliləri, xüsusilə də yoxsulları və muzdurları kəndli müxbirləri sıralarına qəbul etsinlər.
Kəndli müxbirlərinin savadını artırmaq məqsədilə təklif olunurdu ki, divar qəzetlərinin və mərkəzi və qəza qəzetləri redaksiyalarının nəzdində dərnəklər təşkil edilsin. “Kommunist” qəzeti redaksiyasında “Stalin adına klub” dərnəyi təşkil olunmuş, onun şəhər rayonları üzrə bölmələri yaradılmışdır.
Müxbirlər müsəlmanların istirahət günü olan cümə günlərində toplaşırdılar. Qəzalarda da belə dərnəklər yaradılmışdı. Həmin dərnəklərdə fəhlə-kəndli müxbirlərinə insanlarla ünsiyyət yaratmaq qabiliyyəti, həssaslıq öyrədilirdi. Onlara nədən və necə yazmağı, materialı necə əldə etməyi öyrədirdilər. Təklif olunurdu ki, bir yazıda yalnız bir mövzu əhatə olunsun, dürüst məlumatlara əsaslanılsın, ara sözlərinə inanıb, qələmə əl atmasınlar.
Qurultay fəhlə-kəndli müxbirlərinin yerli və partiya təşkilatları tərəfindən törədilən təqib və özbaşınalıqlardan müdafiə olunması məsələsinə xüsusi diqqət yetirdi. Bunun üçün fəhlə-kəndli müxbirlərinin Azərbaycan bürosu yaradıldı və onun Rəyasət Heyəti seçildi. “Kommunist” qəzetindən büroya Səfər Məmmədli (Lənkəran), Rəyasət Heyətinə isə Əziz Nuri, Məmmədqulu Əlixanov (Azərbaycan bürosunun katibi), Abdulla Şərifov daxil oldular.
Qəzetin səhifələrini təsadüfi materiallardan xilas etmək, eləcə də fəhlə-kəndli müxbirlərində sərbəstliyi tərbiyə etmək məqsədilə klubun nəzdindəki dərnəklərdə onların məruzələri dinlənilirdi. Məsələn, fəhlə müxbiri Əhməd Bədəlzadənin “Türk işçi mətbuatının tarixi” və Qasım Tahirin “Hamilik məsələləri” məruzələri dinlənilmişdi.
Qəzetin həm birlikdə, həm də ayrı-ayrılıqda, bəzən də qəzalar üzrə müşavirə və konfranslarının keçirilməsi ənənə halını aldı. Qəzet qəza müxbirləri üçün zona müşavirələri də təşkil edirdi. Məsələn, 1927-ci il aprelin 21-də Poylu-Dərbənd dəmiryolu xətti boyunca yerləşmiş qəzaların kəndli müxbirlərinin konfransı keçirilmişdir. Burada divar qəzetlərinin sərgisi də təşkil olunmuşdu.
Hələ 1921-ci il fevralın 21-də kəndli müxbirlərinin fəaliyyətini gücləndirmək məqsədilə Azərbaycan K(b)P MK qəza partiya komitələrinə və qəzetlərin redaksiyalarına təsdiq olunmuş təmimnamə göndərilmiş və tələb olunmuşdu ki, kəndli müxbirlərini yerli inzibati və digər ünsürlərin hədə və təzyiqlərindən qorusunlar. Bundan əlavə, qəza işçilərinə kömək məqsədilə 4 mühazirədən ibarət – “Kəndli müxbirləri və onların əsas vəzifələri haqqında”; “Kəndli müxbirlərinin təşkilati məsələləri haqqında”; “Tərbiyə işləri və təqiblərdən müdafiə haqqında”; “Divar qəzetləri haqqında” – “Kəndli müxbirləri hərəkatı üzrə mühazirələr konspekti” nəşr etmişdi.
1927-ci ilin əvvəllərində respublikanın müəssisə, təşkilat və kəndlərində 900-dək divar qəzeti, 10 minədək fəhlə-kəndli müxbirləri nəşri və divar qəzeti, 160-dək fəhlə-kəndli müxbirləri dərnəyi var idi. Fəhlə-kəndli müxbirlərinin sıralarının sürətlə artması və həmin dövrdə partiya və dövlət məmurlarının onları ifşa və tənqid edən müxbirləri açıq təqib etməkdən çəkinmələri onu bildirir ki, o illərdə fəhlə-kəndli müxbirləri hərəkatının inkişafı üçün kifayət qədər əlverişli şərait yaradılmışdı.
Respublika partiya təşkilatları fəhlə-kəndli müxbirləri ilə işin təkmilləşdirilməsinə və onların hərəkatlarının genişləndirilməsinə diqqət yetirirdilər. Məsələn, Azərbaycan K(b)P BK-nın 1927-ci il 30 mart təqdimatı ilə Azərbaycan K(b)P MK Rəyasət Heyəti aprelin 12-də Azərbaycanda fəhlə-kəndli müxbirləri hərəkatı məsələləri üzrə konkret təkliflər olan qərar qəbul etmişdir. Azərbaycan Dövlət nəşriyyatına tapşırılmışdı ki, türk dilində müvafiq ədəbiyyatın nəşrini təşkil etsin.
Kəndə doğru
O dövrün ən mürəkkəb və çətin məsələlərindən biri dövri mətbuatın kənd yerlərinə çatdırılması idi. Bu məsələ o qədər ciddi idi ki, onun həlli qəzetlərin imkanları xaricində idi. “Kommunist” qəzeti Ə.Bədinin imzası ilə yazılmış “Növbəti vəzifələrimiz” məqaləsində göstərirdi ki, “bu gün əsas çatışmazlıqlarımızdan biri kəndlilərlə normal əlaqənin olmamasıdır. Ona görə də poçt işçilərinin qəzaların mərkəzdən uzaq olması izahatlarını ciddi qəbul etmək olmaz. Bu səbəb deyil. Poçt işçilərini işdə fəaliyyətə gətirmək lazımdır”.
Həm poçt işçiləri, həm də yerli hakimiyyət nümayəndələri bəzən elə hərəkət edirdilər ki, onlar cinayətə bərabər idi. Məsələn, Quba qəzasının Rustov icraiyyə komitəsi sovetinin sədri Əsədulla Cəfərzadə milisin köməyi ilə abunəçilər üçün nəzərdə tutulan qəzetin alverçilərə və dükançılara satışını təşkil etmişdi.
Bakı kəndlərinə qəzet gec, bəzən həftədə bir dəfə çatdırılırdı. Bəzi yerlərdə qəzetin çatdırılması o qədər pis təşkil olunmuşdu ki, abunəçilər qəzetin 50-60 nömrəsini birdən alırdılar. Məsələn, Quba qəzasının Xudat dairəsində, Göyçay qəzasında və başqa yerlərdə qəzet pudlarla yığılır və dükanlara göndərilirdi. Bunun əsas səbəblərindən biri Azərbaycanda poçt-teleqraf sisteminin son dərəcə pis təşkil olunması və respublika rəhbərliyinin belə “xırda” işlərlə maraqlanmağa imkanının olmaması idi.
1924-cü ildə Azərbaycanda 55 poçt-teleqraf müəssisəsi, 1 teleqraf və 1 yardımçı idarə, cəmisi 57 müəssisə var idi. Müqayisə üçün deyək ki, həmin dövrdə qonşu Gürcüstanda 164 poçt-teleqraf müəssisəsi var idi. Ona görə də qəzetlər şimal rayonlarına (Quba, Qusar) 4-5 gün gec, cənub (Biləsuvar, Lerik) rayonlarına isə ən yaxşı halda 6-8 və ya daha gec müddətə çatdırılırdı. Respublikanın ən ucqar bölgələri haqqında danışmağa isə dəyməzdi. Bu məsələnin həlli üçün ümumdövlət səviyyəsində iş görmək lazım idi. ZaqMİK, AzMİK və Azərbaycan K(b)P MK-nın köməkliyi ilə 1925-ci ildə qəzalarda 69 yeni oturaq poçt şöbəsi açıldı və yalnız bundan sonra kəndli müxbirlərin yaxından köməkliyi sayəsində vəziyyət bir qədər yaxşılaşdı.
(ardı var)
Elmar MƏHƏRRƏMOV,
tarix üzrə fəlsəfə doktoru, AMEA Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi