Beynəlxalq təşkilatlarda  COP29-un Azərbaycanda keçirilməsi fəal dəstəklənir

post-img

İqlim dəyişikliyi məsələlərinə həsr olunan və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində keçirilən COP beynəlxalq tədbiri  ilk dəfə Berlində reallaşıb. Həmin vaxtdan indiyədək dünya ölkələrinin hökumət və vətəndaş cəmiyyəti nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri COP-un 28  sessiyası keçirilib. 

Son illərdə iqlim dəyişikliyi mövzusu ərzaq təhlükəsizliyi məsələləri ilə daha sıx əlaqələndirilir ki, bu da COP və BMT-nin Dünya Ərzaq Proqramı (WFP) arasındakı əməkdaşlığı xüsusilə əhəmiyyətli edir. Buna görə də adları çəkilən təşkilatların birgə səyi  aclıqla mübarizəyə və eləcə də  iqlim dəyişikliyinin təsirlərindən əziyyət çəkən həssas regionlarda milyonlarla insanın həyat şəraitini yaxşılaşdırmağa yönəldilir.

Uğurlu əməkdaşlığın parlaq nümunələrindən biri olan “Aktivlər üçün ərzaq yardımı” (FFA) proqramı  isə iqlim risklərinə məruz qalan icmalarda dayanıqlı gəlir mənbələrinin yaradılması və ərzaq təhlükəsizliyinin yaxşılaşdırılması üçün müəyyən qüvvələri birləşdirir. FFA proqramında deqradasiyaya uğramış torpaqların bərpası, suvarma sistemlərinin yaradılması və dayanıqlı kənd təsərrüfatı təcrübələrinin tətbiqi məsələləri mühüm önəm daşıyır.   

Uğurlu təşəbbüslərdən biri də “Ərzaq təhlükəsizliyi üçün iqlim adaptasiyası və dayanıqlılığı” (CARFS) proqramıdır. Bu proqram çərçivəsində WFP və COP iqlim dəyişikliyinə ən həssas olan ölkələrdə ərzaq sistemlərinin dayanıqlığını artıran adaptasiya tədbirlərini hazırlayaraq həyata keçirir. Məsələn, Malavidə kənd təsərrüfatının uyğunlaşdırılması layihəsi çərçivəsində dayanıqlı kənd təsərrüfatı üsullarının tətbiqi və su təminatının yaxşılaşdırılması sayəsində məhsuldarlığı xeyli artırmaq və quraqlıq səbəbindən məhsul itkisi riskini azaltmaq mümkün olub.

COP-un əməkdaşlığı yalnız WFP ilə məhdudlaşmır. Belə ki, COP və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq dayanıqlı kənd təsərrüfatının təşviqi və iqlim dəyişikliyi şəraitində ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

COP və FAO arasında əməkdaşlığın ən mühüm nümunələrindən biri iqlim dəyişikliklərini nəzərə alan dayanıqlı kənd təsərrüfatını təşviq edən “İqlimə dayanıqlı kənd təsərrüfatı” (CSA) təşəbbüsüdür. Proqram ekstremal hava şəraitinə qarşı dayanıqlığı artıran, su resurslarının idarəsini yaxşılaşdıran və biomüxtəlifliyi qoruyan metodların tətbiqini əhatə edir. Nepalda bu təşəbbüs sayəsində fermerlər təsərrüfatlarını dəyişən iqlim şəraitinə uyğunlaşdıraraq məhsuldarlığı artırmağa və təbii fəlakətlərdən itkiləri azaltmağa müvəffəq olublar.

Yeri gəlmişkən, Azərbaycan 1995-ci il oktyabrın 20-də FAO-ya üzv seçiləndən sonra bu təşkilat respublikamızda milli, regional və qlobal xarakterli layihələr həyata keçirir. Həmin layihələr əsasən, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, aqrar potensialın artırılması, resursların idarə edilməsi, heyvan və bitki xəstəliklərinə qarşı mübarizə, təchizat və digər müvafiq sahələrdə texniki yardımları nəzərdə tutur. 

FAO-nun respublikamızdakı ­layihələri Azərbaycan Hökumətinin prioritetləşdirilmiş ehtiyaclarına dair müraciətlərinə uyğun olaraq texniki əməkdaşlıq proqramlarına əsaslanır. Azərbaycan Hökuməti və FAO 2009-cu ildən etibarən respublikamızda kənd təsərrüfatının inkişafı sahəsində sözügedən təşkilat tərəfindən mümkün texniki yardımın göstərilməsi məqsədilə ölkəmizə yardım proqramının hazırlanması prosesini davam etdirir. Bu məqsədlə Azərbaycan üçün  FAO-nun milli orta müddətli prioritetlər üzrə çərçivə sənədi hazırlanaraq müntəzəm surətdə əsas prioritetlərə uyğun olaraq yenilənir.  

Xatırladaq ki, FAO-nun əsas məqsədi Azərbaycanda qida məhsullarının və tullantıların idarə olunması sahəsində layihələrə dəstəyə yönəlib. İndiyədək hər iki tərəf kənd təsərrüfatı sahəsində 60-dan yuxarı birgə layihə reallaşdırıb, bunun nəticəsində isə respublikamızın bölgələrində kənd təsərrüfatı mühiti, o cümlədən qida təhlükəsizliyi yaxşılaşıb.

Burada bir məqamı da diqqətə çatdırmaq istərdik. Belə ki, müxtəlif ərzaq məhsullarının tullantıları da ətraf mühitin çirklənməsinə səbəb olur. Artıq məsələnin ciddiliyi bir sıra beynəlxalq təşkilatları narahat etməyə başlayıb. FAO-nun eksperti Pərviz Əliyev də  ərzaq sahəsində itki və tullantıların (Food Loss & Waste - FLW) dünyada istixana qazlarının ümumi emissiyasında 10 faiz təşkil etdiyini bildirib.   

Eksperti deyib ki, ərzaq sahəsində itki və tullantıların azaldılması FAO-nun qlobal istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üçün Yol Xəritəsinin həyata keçirilməsi üzrə fəaliyyəti üçün prioritetdir. P.Əliyevin sözlərinə görə, qlobal ərzaq sistemi istixana qazlarının ümumi emissiyasının 21-37 faizinə cavabdehdir.

Ərzaq istehsalçılarının torpaqdan, sudan, enerjidən, yəni ən mühüm, bəzən isə bərpaoluna bilməyən resurslardan istifadə etdiklərini diqqətə çatdıran P.Əliyev onu da vurğulayıb ki, ərzağa diqqətli münasibət olmadıqda isə bu, bütün iqtisadi sistemə, eləcə də iqlim dəyişikliyinə təsir edir.  

“Hazırda FAO ərzaq sahəsində itki və tullantıları azaltmaq üçün Qlobal Ərzaq Təşəbbüsü (Global Food Initiative) həyata keçirir. Bir sıra hallarda tullantıları azaltmaq mümkün olmadıqda emal və texnologiya yolu ilə işlənmiş ərzaq məhsullarından faydalı qeyri-ərzaq məhsulları yaradılmalıdır”, – deyə ekspert əlavə edib.

P. Əliyev həmçinin qeyd edib ki, FAO ölkəmizdə fermerlər üçün layihələr həyata keçirir və bu layihələr artıq fermer təsərrüfatlarının gəlirlərini, ümumilikdə, 15 faiz (ildə 3,6 milyon ABŞ dolları) artırmağa imkan verib.

Bundan əlavə, “Qlobal Torpaq Tərəfdaşlığı” (GSP) COP və FAO-nun birgə səylərini birləşdirdiyi daha bir uğurlu təşəbbüsdür. Bu layihə ərzaq təhlükəsizliyini təmin edən torpaq resurslarının mühafizəsi və bərpasına yönəlib. GSP çərçivəsində torpaqların eroziyasının qarşısının alınması, onların məhsuldarlığının artırılması və torpaqlarda karbonun saxlanması kimi tədbirlər həyata keçirilib ki, bu da iqlim dəyişikliyinin təsirlərinin yumşalmasına kömək edir. Uğurlu tədbirlərin nümunələrini Latın Amerikasının ölkələrində görmək olar, burada torpaq idarəçiliyinin yaxşılaşdırılması məhsuldarlığın artmasına və istixana qazı emissiyalarının azalmasına gətirib çıxarıb.

COP-un Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (IFAD) ilə əməkdaşlığı da iqlim dəyişikliyinin təsirlərinə ən çox məruz qalan kənd icmalarının yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəlib. Bu baxımdan ən uğurlu təşəbbüslərdən biri IFAD tərəfindən COP-un dəstəyi ilə hazırlanmış “Kiçik Fermer Təsərrüfatları üçün Adaptasiya Proqramı”dır (ASAP). Bu proqram kiçik fermerlərə dəyişən iqlim şəraitinə uyğunlaşmağa kömək etmək məqsədi daşıyır. Məsələn, Nigerdə ASAP fermerlərə aqromeşəçilik üsullarını və suya qənaət sistemlərini tətbiq etməyə kömək edib ki, bu da kənd təsərrüfatının quraqlığa davamlılığını xeyli yaxşılaşdırıb və məhsuldarlığı artırıb.

Daha bir layihə – “Kənd Yerləri Üçün Bərpa Olunan Enerji” (RERL) IFAD tərəfindən COP ilə birgə həyata keçirilir və kənd ərazilərində bərpaolunan enerji mənbələrinin inkişafına yönəldilir. Nepalda bu təşəbbüs günəş panelləri və mini hidroelektrik stansiyaların tətbiqini təmin edib ki, bu da uzaq kəndlərin enerji ilə təminatını reallaşdırıb və kənd təsərrüfatının inkişafını sürətləndirib. Bərpaolunan enerji mənbələrindən istifadə, həmçinin istixana qazı emissiyalarını azaltmağa və yerli sakinlərin yaşayış şəraitini yaxşılaşdırmağa imkan verib.  

Ekologiya