“Karbon kreditləri” şəffaf və ədalətli olmalıdır

post-img

İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının keçmiş vitse-prezidenti, COP-un büro üzvü Andrey Boiç mediaya müsahibəsində bildirib ki, Paris razılaşmasının 6-cı maddəsi iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığa və inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi göstərməyə  əlverişli  şərait yaradır. Onun fikrincə, bu maddə iqlim dəyişikliyinə dayanıqlı uyğunlaşma üçün hazırda səmərəli olan ən yaxşı mexanizmdir.

COP-un büro üzvü daha sonra qeyd edib ki, bütün üstünlüklərə baxmayaraq, bu konsepsiyanın həyata keçirilməsi üçün hələ bir sıra problemlər mövcuddur:  “İki ən böyük problem istixana qazlarının azaldılmasının düzgün hesablanması və “karbon kreditləri”ndən necə istifadə ediləcəyi barədə qərar verməkdir”.

A.Boiçin fikrincə, karbon kreditlərinin ticarətində şəffaflıq da vacib məsələdir. Bunun üçün tərəflər arasında tam inamın olması zəruridir. Ekspert bunu onunla izah edir ki, atmosferə məhdud həcmdə qaz buraxılması üçün kvota olan karbon kreditlərindən istifadə Paris razılaşmasının 6-cı maddəsinə uyğun gəlmir, bu,  “yaşıl” niyyətlər adı altında vəsaitlərdən qeyri-məqsədyönlü istifadə kimi həyata keçirilə bilər. Bununla belə, A.Boiç tərəflər arasında ən vacib razılaşmanın artıq əldə olunduğunu qeyd edib.  “Bu, artıq iqlim dəyişikliyi və ciddi addımlar atmağa ehtiyac olması ilə bağlı heç bir şübhənin olmamasına dair razılaşmadır. Fikir ayrılıqları isə tədbirlərin görülməsi sürəti və iqlimə dəymiş ziyana görə məsuliyyətlə bağlıdır”. 

Ekologiya