COP29 könüllüləri Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində “Təkrar emal fəalları” adlı növbəti təmizlik aksiyası keçiriblər. İştirakçılar sakinlərlə ictimai təmizliyə riayət olunması və şəhər parklarının ekoloji durumunun sağlamlaşdırılmasının əhəmiyyəti barədə maarifləndirici söhbət aparıb, həmçinin bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransı barədə sualları cavablandırıblar.
Ekoloji tədbir “Təmiz Şəhər” ASC-nin tullantılarının idarəedilməsi fəaliyyəti ilə tanışlıqla davam edib. Aksiya çərçivəsində toplanan 230 kilodan çox həcmdə müxtəlif növ bərk məişət tullantıları könüllülər tərəfindən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna növbəti təkrar emal üçün təhvil verilib.
Daha sonra müəssisədə olan könüllülər tullantıların düzgün idarə edilməsi təcrübələri, müasir emal sistemləri və tendensiyalar haqqında faydalı məlumatlar əldə edib, tullantıların çeşidlənməsi, yerləşdirilməsi və zərərsizləşdirilməsi proseslərini əyani izləyə biliblər.
Qeyd edək ki, bu aksiya COP29 iqlim dəyişmələri problemləri, eləcə də onların həlli yolları istiqamətində ictimaiyyətin məlumatlılığının artırılmasına yönəlmiş davamlı fəaliyyətin bir hissəsidir.