İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) layihəsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin “İqliməsaslı ağıllı kənd təsərrüfatı” (CSA) layihəsi uğurlu hesab edilərək təsdiq olunub.
Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, sözügedən layihə çərçivəsində qlobal iqlim dəyişikliyinin kənd təsərrüfatı məhsuldarlığına, ərzaq təhlükəsizliyinə və kənd əhalisinin həyat tərzinə mənfi təsirlərinin azaldılması, beynəlxalq təcrübədə istifadə olunan innovativ qaydaların tətbiqi sahəsində müzakirələrin aparılması və müvafiq sahələrə səfərlərin həyata keçirilməsi məqsədilə Azərbaycan və Türkiyənin kənd təsərrüfatı ekspertləri arasında təcrübə mübadiləsi proqramı təşkil edilib.
Proqramla bağlı Kənd Təsərrüfatı Nazirliyinin tоrpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev və həmin şöbənin aparıcı məsləhətçisi Samirə Qurbanlı cari il avqustun 4-11-də Türkiyə Respublikasının Ankara şəhərində olublar.
Səfər çərçivəsində aparılan müzakirələrin əsas mövzusu hazırda iqlim dəyişikliyinin Türkiyənin aqrar sektoruna yaratdığı riskləri azaltmaqla bağlı kənd təsərrüfatında iqlim dəyişikliyinə uyğunlaşma (adaptasiya) və təsirlərin yumşaldılması (mitiqasiya) istiqamətində fəaliyyətləri öyrənmək, eləcə də uğurlu nəticələrin ölkəmizdə də tətbiqi məqsədilə əməkdaşlığı gücləndirmək mövzusu olub.
Sonda “İqliməsaslı ağıllı kənd təsərrüfatı (CSA)” layihəsinin iki qardaş ölkənin iqlim dəyişikliyinə daha dayanıqlı kənd təsərrüfatı sisteminin qurulmasında mühüm rol oynayacağı vurğulanıb yaraq və bu kimi layihələrin davam etdirilməsinin zəruriliyi bildirilib.