Ölkəmizdən “qoca qitə”yə ilin əvvəlindən 13 faiz çox “mavi yanacaq” nəql edilib
Bu ilin yanvar–iyul ayları ərzində ölkəmizdə təbii qaz hasilatı 5 faiz artaraq, təxminən, 29,5 milyard kubmetr olub. Energetika Nazirliyinin yaydığı məlumata görə, “mavi yanacağ”ın 7,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən (AÇG), 16,5 milyard kubmetri “Şahdəniz”dən, 0,9 milyard kubmetri “Abşeron”dan, 4,4 milyard kubmetri isə SOCAR üzrə hasil edilib. Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatında, təqribən, 1,3 milyard kubmetr artım qeydə alınıb.
Hesabat dövründə xaricə qaz satışı, təxminən, 14,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz çoxdur. Cari ilin yanvar–iyul aylarında Türkiyəyə 5,8 milyard kubmetr, Avropaya 7,5 milyard kubmetr, Gürcüstana isə 1,4 milyard kubmetr qaz satılıb. Digər ölkələrə qaz satışı sabit qalsa da, Avropaya ixrac olunan qazın həcmi 13,6 faiz artıb. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 3,3 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu il avqustun 1-dək 641,4 milyon ton neft (kondensatla birlikdə), 449,5 milyard kubmetr qaz hasil edilib. AÇG-dən 594,4 milyon ton neft, 224 milyard kubmetr qaz hasil olunub. “Şahdəniz”dən isə 225,5 milyard kubmetr qaz, 47 milyon tona yaxın kondensat hasil edilib. Bu yataqlardan indiyə kimi 639,5 milyon ton neft (kondensatla birlikdə), təxminən, 160,7 milyard kubmetrə yaxın qaz ixrac olunub.
Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, hesabat dövründə Azərbaycanın magistral qaz kəmərləri ilə 23 milyard 869 milyon kubmetr qaz nəql edilib. Qazın nəqlinin 56,2 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz Boru Kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 13 milyard 423,3 milyon kubmetr (2023-cü ilin 7 ayı ilə müqayisədə 5,4 faiz çox) qaz ötürülüb.
Azərbaycanın təbii qaz ixracının indiki vəziyyətini əks etdirən yuxarıdakı rəqəmlər ölkəmizin enerji sahəsinin inkişafının neft hasilatından təbii qaz istehsalına uğurla keçidini göstərir. Prezident İlham Əliyevin müsahibələrinin birində diqqətə çatdırdığı aşağıdakı fikirlər də bunun bariz ifadəsidir: “Bizim enerji sahəsinin inkişafı neft hasilatından təbii qaz istehsalına keçid edib. Bununla yanaşı, bizim neft hasilatımız və ixracımız hələ də bir çox ölkənin enerji təhlükəsizliyinin bir hissəsidir. Dörd il öncə 3500 kilometr uzunluğunda inteqrasiya edilmiş qaz boru kəmərlərindən ibarət olan Cənub Qaz Dəhlizinin başa çatdırılması Azərbaycana özünün qaz təchizatının coğrafiyasını genişləndirmək imkanı yaratdı”.
Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Bu kəmər 2006-cı ilin sonlarında istismara verilib və “Şahdəniz” yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə “Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə – TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.
TANAP konsorsiumunun yaydığı bəyanatda adıçəkilən kəmərin Türkiyə və Avropanın enerji təchizatının strateji təhlükəsizliyinə mühüm töhfə verməkdə davam etdiyi bildirilib. Qeyd olunub ki, Cənub Qaz Dəhlizinin ən mühüm həlqəsini təşkil edən və 2018-ci il iyunun 30-dan etibarən kommersiya qazının tədarükünün həyata keçirildiyi TANAP ilə nəql olunan qazın həcmi 60 milyard kubmetrə yüksəlib.
Məlum olduğu kimi, Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən qazı Gürcüstan–Türkiyə sərhədindən Türkiyənin qərb sərhədinə nəql edir. Yeri gəlmişkən, Аvropanın enerji xəritəsinin zənginləşdirilməsinə xidmət edən “Cənub Qaz Dəhlizi” layihəsi 2011-ci ilin yanvar ayında həyata vəsiqə qazanıb. Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Manuel Barrozu аrasında Cənub Qaz Dəhlizi haqqında Bakıda imzalanmış Birgə Bəyannamədə Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinə əsas töhfə verən və onu həyata keçirən ölkə kimi göstərilib. Eyni zamanda, sözügedən sənəddə genişləndirilmiş Cənubi Qafqaz Boru Kəmərini, Trans–Anadolu Qaz Boru Kəmərini (TANAP) və Trans–Adriatik Qaz Boru Kəmərini (TAP) özündə birləşdirən Cənub Qaz Dəhlizi Marşrutu XXI əsrin layihəsi adlandırılıb.
2011-ci il oktyabr ayının 25-də Тürkiyənin İzmir şəhərində “Аzərbaycan Rеspublikasının Hökuməti və Тürkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” saziş imzalanıb. 2012-ci il iyun ayının 26-da isə İstanbul şəhərində “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” sazişə imza atılıb. Beləliklə də, “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi çərçivəsində hasil ediləcək təbii qazı Avropa bazarlarına çatdıracaq Trans-Anadolu ixrac boru kəməri layihəsi ilə bağlı hüquqi bazanın yaradılması təmin olunub.
2015-ci il martın 17-də qardaş ölkənin Qars şəhərində TANAP-ın təməlqoyma mərasimi keçirilib. Bununla da, boru kəmərinin inşasına start verilib. 2018-ci il iyunun 12-də Əskişəhərdə Cənub Qaz Dəhlizinin mühüm hissəsi olan Trans–Anadolu Boru Kəmərinin açılışı olub. Həmin ayın 30-da ilk kommersiya qazının bu kəmərlə Türkiyəyə nəqlinə başlanılıb. Noyabrın 30-da isə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.
Dövlətimizin başçısı çıxışlarının birində Avrasiyada və əsasən də Avropada enerji tərəfdaşlarımızın sayının getdikcə çoxaldığını və Azərbaycan qazına olan tələbatın artdığını bildirib. Həmçinin ölkəmiz Rusiyaya qarşı sanksiyalara görə, Avropa qitəsinə qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyasının müraciətinə müsbət cavab verib və bunu əməli fəaliyyətində təsdiqləyib. Bu cür işgüzar əlaqələrin bundan sonra da davam etdiriləcəyi nəzərdə tutulub.
Yeri gəlmişkən, bu məqamda diqqəti nüfuzlu neft-qaz sənayesi nəşri olan “Oilprice”in saytında dərc edilən “Azərbaycan Avropaya təbii qaz ixracını artırır” sərlövhəli məqaləyə yönəltmək istərdik. Məqalənin müəllifi, məşhur jurnalist Tsvetana Paraskova yazır ki, Rusiya–Ukrayna müharibəsinin başlamasından və Rusiya qazının Avropaya tədarükünün azalmasından sonra Azərbaycan Avropa İttifaqı (Aİ) üçün digər tədarükçülərdən daha çox qaz alınmasının alternativ mənbələrindən birinə çevrildi.
T.Paraskova Azərbaycan Energetika Nazirliyinin məlumatına əsaslanaraq vurğulayıb ki, yanvar-iyun aylarında Avropaya 6,4 milyard kubmetr Azərbaycan qazı ixrac edilib ki, bu da ümumi ixracın 51 faizini təşkil edib. Türkiyəyə 5 milyard kubmetr həcmində ixrac xaricə ümumi qaz satışının 39 faizini, Gürcüstana 1,3 milyard kubmetr həcmində ixrac isə 10 faizini təşkil edib.
Energetika naziri Pərviz Şahbazov bildirib ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycan təbii qazının xaricə satışının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 6 faiz artıb. SOCAR və “TotalEnergies”in bir il əvvəl hasilata başladığı “Abşeron” qaz-kondensat yatağında bu dövrdə ilkin hasilat sxemi (EPS) mərhələsində 1,5 milyard kubmetrdən çox qaz hasil edilib.
Nazirin sözlərinə görə, “Abşeron” yatağının mərhələli işlənməsi və illik hasilatın 1,5 milyard kubmetrdən 6 milyard kubmetrə çatdırılması planları ölkənin, eləcə də Azərbaycanın regional və Avropa tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfədir.
Prezident İlham Əliyev Azərbaycanın neft-qaz sənayesinin inkişafını diqqətdə saxlamaqla yanaşı, bərpaolunan enerji layihələrinə də mühüm önəm verdiyini bildirərək Xəzər dənizində zəngin “yaşıl” enerji potensialına malik ölkə olduğumuzu, artıq 10 qiqavat həcmində külək və günəş enerjisi layihələrinə dair müqavilə və anlaşma memorandumları imzaladığımızı bildirib və bunun respublikamıza yanacaq enerjisindən bərpaolunan enerjiyə rahat keçid imkanı yaratdığını, bununla da Avropa istehlakçılarının da “yaşıl enerji” ilə təmin ediləcəyini vurğulayıb.