Azərbaycan tarixinin bir əsrlik mətbu salnaməsi

post-img

(əvvəli: https://xalqqazeti.az/az/sosial-heyat/189754-azerbaycan-tarixinin-bir-esrlik-metbu)

Qəzetin və redaksiyanın strukturu 

Məhsuldar fəaliyyət üçün digər atributlarla yanaşı, qəzetin çevik və əhatəli strukturunun da böyük əhəmiyyəti var idi. Bu barədə məlumatı qəzetin öz səhifələrindən, əsasən də yubiley nömrələrində verilən tarixi məlumatdan əldə etmək mümkündür.

Yeri gəlmişkən qeyd edək ki, “Kommunist” qəzetinin 72 illik tarixində hər 10 ildən bir qeyd edilən yubileylərə, 1000-ci, sonrakı hər mininci və 10, 20, 30 mininci nömrələrin işıq üzü görməsinə xüsusi nömrələr həsr edilmişdir. 1923-cü il dekabrın 30-da qəzetin 1000-ci, 1927-ci il mayın 5-də isə 2 mininci nömrəsi çapdan çıxmışdır. 18 səhifə və rəngli nəşr olunan bu nömrənin “İdarəmizin güzgüsü” adlanan əlavəsində qəzetin özü barədə – strukturu, redaktorları, əməkdaşları, fəhlə-kəndli müxbirləri haqqında məlumat var. 

Azərbaycan SSR, ZSFSR və SSRİ  rəhbərləri, “Rote fane”, “Humanite”, “Pravda”, “İzvestiya”, “Zarya vostoka və s. xarici və sovet nəşrləri “Kommunist” qəzetini təbrik etmişdilər. Yubileylə əlaqədar Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti Azərbaycanın zəhmətkeş kütlələrinin maarifləndirilməsi sahəsindəki fəaliyyətinə görə qəzeti 1923-cü il dekabrın 2-də “Qırmızı əmək bayrağı” ordeni ilə təltif etmişdir. Bundan əlavə, ona hökumət adından Xalq Komissarları Sovetinin vəsaitindən 10 min rubl maddi yardım göstərilmişdir.

Bu sayda 1923-cü ilin 10 ayı ərzində alınmış və dərc olunmuş məqalələrin diaqramları, əməkdaşların və müxbirlərin və s. fotoşəkilləri də çap edilmişdir. 

Qəzetin 2 mininci nömrəsi 12 səhifə çıxmışdır. Bu sayda respublikanın həyatına dair, əməkdaşların iş şəraiti ilə bağlı, eləcə də alınmış və çap olunmuş məktublar barəsində mühüm məlumatlar vardır.

Bəzən yubiley günlərində qəzetin 2 nömrəsi – səhər və axşam buraxılışları çıxmışdır. Məsələn, 1927-ci il aprelin 28-də 6 səhifəlik səhər, 4 səhifəlik isə axşam nömrələri buraxılmışdır. Həmin saylarda əsas etibarı ilə partiya-hökumət işçilərinin qəzetin fəaliyyəti barədə xatirələri çap olunmuşdur.

1923-cü ildə qəzetin strukturu:

O zaman qəzetin 11 şöbəsi var idi: partiya, zəhmətkeşlər sütunu, maarif, ədəbiyyat, Sovet Azərbaycanı, bədii, həmkarlar hərəkatı, yerli informasiya, mətbuat, qızıl əsgər həyatı, informasiya (teleqraf).

“İdarəmizin güzgüsü” adlı yubiley əlavəsində qəzetin əməkdaşları və müxbirləri haqqında da məlumat var. Bundan əlavə, hər il mayın 5-də – kommunist mətbuatı günündə redaksiyanın əməkdaşları və işçilərinin iş şəraiti haqqında məlumatlar dərc edilmişdir.

1923-cü ildə redaksiyanın strukturu:

Müdir (redaktor) müavini                                            Məmməd Səid Ordubadi
Məsul katib                                                                 Əhməd Triniç (Bədi)
Katibin müavini                                                           Akif Kazımov
Redaksiya heyəti                                                          redaktor, Məmməd Səid Ordubadi, Əhməd Triniç, Hənəfi Zeynallı

Partiya şöbəsi:
müdir                                                                             Abdulla Şərifov
müavin                                                                           Neymət Bəsir (Hacıyev)
katib                                                                               Balaqədəş Mürşüd Səttaroğlu
 

Zəhmətkeşlər şöbəsi:
müdir 
katib                                                                                 Məmmədqulu Əlixanov
                                                                                         Xudadad bəy Əzizbəyli
Qəza şöbəsi:
müdir
katib                                                                                Hacızadə Əliullah
Mətbuat şöbəsi:
müdir                                                                               Əli Kərimzadə
Xarici informasiya:
müdir                                                                               Süleyman Məlikov
Xronika şöbəsi:
müdir                                                                                Məmmədəli Səfərov
Rəssam                                                                              Əzim Əzimzadə
“Qızıl qələm” əlavəsinin katibi:                                          Əliabbas Müznib
“Əmələ darülfünunu” əlavəsinin redaktoru                       Bəhram Bəhramov
     

Zəhmətkeşlər şöbəsinin katibi olan X.Əzizbəyli həm də tərcüməçi kimi işləyirdi. O, 1928-ci ildə Ruhulla Axundovun redaktəsi ilə nəşr olunmuş “Rusca-türkcə lüğət”in tərtibçilərindən biri olmuşdur. X.Əzizbəyli bircildlik “Azərbaycanca-rusca lüğət”in də tərtibçisidir.

Qəzetdə tərcüməçi kimi Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Seyid Hüseyn (Sadıqzadə), Seyid Cəfər Cavadzadə (Pişəvəri), eləcə də digər əməkdaşlar – Xəlil İbrahim, A.Ağakişiyev, Bağır Hacızadə, Əhməd Hacınski, A.Dadaşov, Y.Yusifzadə, Əliağa Əlizadə, M.H.Mirmövsümov, Şövkət Məmmədov, 
Ə.P.Hüseynzadə, T.Məlikov, Hacı Səlim Səyyah (Qasımzadə), Fərhad Ağazadə, Qədir Heydərov, Əziz Nuri, Musa Şəmsəddinski, Əsəd Tahirov, Sergey İnqulov və b. da çalışmışdır.

Yuxarıda verilmiş natamam siyahıdan göründüyü kimi, qəzetdə tanınmış jurnalistlər, yazıçılar, şairlər çalışmışdr. Qəzetlə əməkdaşlıq edən jurnalist və publisistləri də nəzərə alsaq, belə nəticəyə gələ bilərik ki, Azərbaycan ədəbiyyatının, yaradıcı ziyalıların ən yaxşı və tanınmış xadimləri hər cür təqiblərə və sıxışdırmalara baxmayaraq bu qəzetin ətrafında cəmləşərək, onu Cənubi Qafqazın ən yaxşı mətbu məşrinə çevirə bilmişdilər. 

1924-cü ildə Tiflisdə Cənubi Qafqaz mətbuatının sərgisi keçirildi və “Kommunist” qəzeti ən yaxşı təmsil olunmuş qəzet kimi fərqləndirildi. Bununla əlaqədar, “Zarya vostoka” qəzeti 1924-cü il mayın 7-də yazırdı ki, “indi türkcə “Kommunist” qəzeti SSRİ-nin ən yaxşı qəzetlərindən biridir”.

Qəzetlə əməkdaşlıq edən dövlət xadimləri və publisistlərdən Nəriman Nərimanov, Qəzənfər Musabəyov, Həmid Sultanov, Tağı Şahbazi (Simurğ), Müseyib Şahbazov, Əliəkbər Heydərli, Zinətulla Nuşirəvanov, Əliağa Vahid, Hacıbaba Nəzərli, Əli Nazim, Cahangir Nağıyev, Mahmud Xanbudaqov, Əyyub Xanbudaqov, Mustafa Quliyev, Əhməd Rəcəbli, Rzaqulu Nəcəfov, Ənvər Qasımzadə, Murtuza Nağıyev və b. adlarını çəkmək olar. Azərbaycan ziyalılarının görkəmli nümayəndələri – Hüseyn Cavid, Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Bəkir Çobanzadə, Salman Mümtaz, Ömər Faiq Nemanzadə, Əliabbas Müznib həmişə təqiblərə məruz qalsalar da, “Kommunist” qəzeti ilə əməkdaşlıq edirdilər. Həbib Cəbiyev riskə gedərək onlarla əməkdaş əlaqə saxlayır və vaxtaşırı yazılarını dərc edirdi.

Qəzetdə çalışan işçilər arasında Məmməd Səid Ordubadiyə bərabəri yox idi. Gözəl yazıçı, tarixi romanlar müəllifi və şair, eyni zamanda, Azərbaycanın ən yaxşı publisistlərindən biri idi. “Yeni yol” qəzetinə redaktor təyin edilənədək (1922) Ordubadi hər gün müxtəlif mövzularda yazılmış bir neçə məqalə ilə – həm nəsr, həm də nəzmlə qəzetdə çıxış edirdi. M.S.Ordubadi digər qəzet və jurnallarda da tez-tez çap olunurdu. Amma təəssüf ki, xalq arasında o, əsasən, yazıçı kimi tanınır, jurnalistlik fəaliyyəti isə yalnız mütəxəssislərə – jurnalistlərə, filoloqlara bəllidir. Bu, onunla bağlıdır ki, həmin illərdə mətbuatımız indiki nəslin bilmədiyi ərəb, sonralar isə orta nəslin pis bildiyi latın əlifbası ilə nəşr olunurdu.

M.S.Ordubadi yazdığı baş məqalələrdə və felyetonlarda köhnəliyin qalıqlarına və cəhalətə qarşı mübarizə aparır, günün ən vacib məsələləri üzrə yazılar dərc etdirirdi. Onun iş günü səhər saat 8-dən axşam saat 8-ə qədər idi. Özünün 1923-cü il oktyabrın əvvəllərində AK(b)P BK-ya göndərdiyi məktublarının birində xahiş edirdi ki, iş günü 12 saat olmaqla redaksiyada saxlasınlar, əlavə kənar işlərdən isə azad etsinlər.

Onun yazdığı baş məqalələr, bir qayda olaraq, təxəllüssüz – Məmməd Səid Ordubadi, Məmməd Səid, M.S.Ordubadi, Ordubadi, M.S. imzaları ilə, şerləri, mənzum və nəsrlə olan “Xırda felyeton”ları, “Xırım-xırda” rubrikasındakı felyetonları “Hərdəmxəyal”, “Xırdavatçı”, “Feljetonçu” təxəllüsləri ilə çap olunurdu. Sonralar “Yeni yol” qəzetində redaktor işləyən M.S.Ordubadi, sözsüz ki, türk dilləri arasında ən mükəmməli sayılan Azərbaycan dilinin mətbuat üslubunun, milli orfoqrafiyamızın formalaşmasında mühüm rol  oynamışdır.

Redaksiyanın məsul katibinin müavini Akif Kazım da yaradıcı əməkdaşlardan idi. O, əsasən teatr və mədəniyyət, incəsənət və fəhlə-kəndli müxbirləri haqqında yazılar dərc etdirirdi.

Əli Kərimov mətbuat şöbəsinin müdiri idi, respublikada mətbuatın durumu haqqında yazır, hər gün xarici (burjua) mətbuatını “Ayn Kaf” imzası ilə şərh edirdi. Ə.Kərimov 1928-ci ilin sonunda Azərnəşrin direktoru təyin edilir və bu dövrdən etibarən qəzet səhifələrində xarici (burjua) mətbuatın şərhi rubrikası gözə dəymir. 

Qəzetin tanınmış əməkdaşlarından biri də müxtəlif vəzifələrdə çalışmış Süleyman Məlikov idi. O, əsasən respublika və qəza mətbuatının durumu haqqında yazır, eləcə də qəzetin xüsusi müxbiri kimi qəzalara yollanaraq oradan partiya-həmkarlar, sosial-məişət və iqtisadi mövzularda məqalələr göndərirdi. Beynəlxalq və partiya mövzularında məqalələrini “Suleyman Məlikov”, “S.Məlikov”, qalan yazılarını isə “Əbu-l-hövl”, “Qəmişqulu”, “Damğa”, “Kənardan baxan”, “D.Oğlu”, “S.M.Oğlu”, “S.Məlikzadə”, “M-zadə”, “M-zadə S.”, “S.” və s. təxəllüsləri ilə çap etdirirdi.

Abdulla Şərifov partiya şöbəsinin müdiri idi. Onun adı bir müddət “Kommunist” qəzetində işləmiş Əziz Şərifin imzaları ilə tez-tez qarışıq salınır. Belə qarışıqlıq həqiqətən də mövcuddur, belə ki, onların hər ikisinin eyni soyadı və adlarının ilk hərflərinin eyniliyi buna səbəbdir. Bundan əlavə, onların hər ikisi yazılarında eyni dərəcədə kəskin idi, buna görə də onların imzalarını fərqləndirmək çətindir.

Balaqədəş Mürşüd Səttaroğlu partiya şöbəsinin katibi idi, redaksiyanın tapşırıqlarını can-başla yerinə yetirirdi. O, mənzum felyetonlar yazır və onları B.Mürşüd Səttaroğlu, M.Səttaroğlu, B.Mürşüd, Mürşüd, Balaqədəş, Təəssübkeş və s. təxəllüsləri ilə imzalayırdı. 

Qəzetin ən yaxşı felyetonçularından biri Əliabbas Müznib Mütəllibzadə idi. O, əsərlərini və məqalələrini Ə.A.Müznib, “Babai-əmir”, B.Ə., “Mürtəd” imzaları ilə dərc etdirirdi. Sonuncu təxəllüsdən Əliağa Vahid də istifadə edirdi. O, yazılarını “Hacı Əqrəb” təxəllüsü ilə də imzalayırdı.

Ədəbi əməkdaşlar sayılan tərcüməçilər də çox məhsuldar işləyirdilər. Bunlar tanınmış yazıçılar Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Seyid Hüseyn, Xəlil İbrahim və başqalarıdır. Cəfər Cabbarlı əsasən Cim, Cim-Cim, C, C.C, C.Cabbarzadə, C.Cabbarlı və s. imzalardan istifadə edirdi. C.C. imzasından bəzi hallarda Cəfər Cavadlı da istifadə etmişdir. Seyid Hüseyn Sadıqzadə yazılarını “Hüseyn Sadıq” təxəllüsü ilə imzalayırdı. Xəlil İbrahim X., X.İ, İ.X, Xəlil, Xəlil Əlif, Xəlil Əlif-Mim, Əlif.X. və s. təxəllüslərdən istifadə edirdi. 

Kadr hazırlığı

Əməkdaşlar və müxbirlər bilavasitə Azərbaycan K(b)P MK-nın rəhbərliyi altında hazırlıq keçirdilər. Bunun üçün MK-nın qərarına əsasən, 1920-ci ilin mayından ölkədə olan bütün jurnalistlərin və mətbəə işçilərinin qeydiyyatına başlanıldı. Onların təkrar hazırlıq keçmələri üçün isə qısamüddətli kurslar və dərnəklər təşkil edildi. Belə dərnəklərdən biri “Kommunist” qəzetinin nəzdində təşkil olunmuşdu. Bu dərnəyə, başlıca olaraq mətbuata bilavasitə aidiyyəti olmayan xırda alverçilər və s. yazılmışdı və sonralar aydınlaşdı ki, onlar çörək və kişmiş payı almaq məqsədi ilə dərnəyə yazılıblar. Yeni iqtisadi siyasətə keçilən kimi onlar kursları yarımçıq qoyub getdilər.

Respublika miqyasında 3 aylıq kurslar da təşkil olunmuşdu və onların dinləyiciləri digər məsələlərlə yanaşı publisistika, informasiya, kütlə ilə ünsiyyət formaları, qəzet təsərrüfatı, qəzet buraxılış texnikası, stenoqrafiya və s. əsaslarını öyrənirdilər. Tanınmış jurnalistlər, publisistlər, yazıçılar və b. dinləyicilərə mühazirə oxuyurdular. Bunların arasında Üzeyir bəy Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Əli Terequlov, Ağababa Yusifzadə, Mahmud bəy Mahmudbəyov, Xəlil İbrahim, ər-arvad Xocamirovlar, ər-arvad Nuşirəvanovlar və b. var idi.     

Dinləyicilərin heç də hamısı çətinliklərə tab gətirmirdi. Yalnız entuziastlar axıradək dözürdülər. Bu kursların dinləyicilərindən Balaqədəş Mürşüd Səttaroğlu, Əbdürrəhman dayı, Mir Cəlal Paşayev sonralar “Kommunist” qəzetində işləməyə başladılar. Şəfiqə Əfəndizadə isə qəzetlə əməkdaşlıq etdi.

Publisistika yaradıcılığı yalnız 1923-cü ildə hiss olunacaq səviyyədə canlanmağa başladı. Hər bir qəzetin ətrafında müəyyən qrup fəhlə və kəndli müxbirləri cəmləşirdi. Bu toplumlarda 2 cərəyan diqqəti cəlb edirdi: bir tərəfdən, müxbirlərin təbii və kortəbii axını, digər tərəfdən isə rəsmi fəhlə-kəndli müxbirliyi idi. 

Digər qəzetlərdən fərqli olaraq yalnız “Kommunist” qəzeti fəhlə-kəndli müxbirləri üçün kurslar təşkil etmiş, onlarla müşavirələr keçirmişdir. Qəzet öz fəhlə və kəndli müxbirlərində yaradıcılıq vərdişlərinin tərbiyə olunması üçün məşğələlər aparmışdır. Bunun nəticəsində həmin fəhlə-kəndli müxbirlərinin bir qismi hətəkatın dərnək rəhbərlərinə çevrilmişlər. Bütövlükdə, fəhlə və kəndli müxbirləri hərəkatı 1924-cü ildən daha geniş yayılmağa başlamışdır.

Yazıların əsas mövzuları

Dərc olunan materiallar təsnif edilir və respublika həyatının və partiya, dövlət və hökumət orqanlarının müxtəlif aspektlərini əks etdirən mövzular tərtibat baxımından digər yazılardan fərqləndirilirdi. Başqa qəzetlərdə olduğu kimi, “Kommunist” qəzetində də özünəməxsus rubrika və şöbələr sistemi yaradılmışdı ki, bu da həmin qəzetin başlıca vəzifələrinə daha dolğun cavab verirdi. 

Hər bir rubrika da öz növbəsində bu və ya digər istiqaməti, iş sahəsini, problemin işıqlandırılmasını fərqləndirir və daha da ciddi nəzarət altına götürərək oxucunun diqqətini sistemli olaraq cəmləşdirirdi. Bu forma təkcə ayrı-ayrı hadisələrin, ideyaların, məsələlərin praktik həlli yollarının axtarılması əlaqələrini əks etdirmir, eyni zamanda, kollektiv təfəkkür və fəaliyyətin sistemliliyi və kompleksliyini geniş mənada müəyyən edirdi. Rubrikaların səciyyəsi müəyyən mövzunu lazımi janrlardan istifadə olunması yolu ilə ahəngdar aparmağa imkan verirdi. Bu həm də rubrikanı aparan konkret müəllifləri cəlb etməyə imkan yaradırdı. Zaman keçdikcə problemlər, mövzular, müəlliflər dəyişir, rubrikalar isə bir çox hallarda varisliyin rəmzi və daşıyıcısı kimi qalırdı.

“Kommunist” qəzetinin bir sıra daimi rubrikaları var idi: “Sovet Azərbaycanında”, “Partiya həyatı”, “Qəzalarda”, “Kəndə doğru”, “Pambıq cəbhəsində”, “Neft cəbhəsində”, “Həmkarlar hərəkatı”, “Zaqafqasiya Federasyonunda”, “Sovet Rusiyasında”, “Şərq ölkələrində”, “Dünya işçi hərəkatı”, “Mətbuat”, “Müxbirlərimizə”, “Maarif”, “Xırda felyeton”, “Kəndli felyetonu”, “Fəhlə felyetonu”, “Teatr və musiqi”, “Yeni yolla” (yeni əlifba haqqında), “Biblioqrafiya” və s. 

Qəzet vaxtaşırı müəyyən konkret mövzu və istiqaməti olan əlavələr də nəşr edirdi. Bunlar aşağıdakılardır: “Fəhlə-kəndli qadın səhifəsi” (1921), “Əmələ darülfünunu”, “Dilimizin islahı” (1922-1923), “Partiya həyatı”, “Qız qalası”, “Müxbirlik işi”, “Qızıl qələm”, “Məktəb” (1924), “Hökumətin əmr və qərardadları” (1925-1927), “Savadlı qızıl əsgər həyatı” (1924-1926), “Ədəbiyyat səhifəsi” (1924-1928), “Fəhlə-kəndli müfəttişliyi səhifəsi” (1926-1928), “Azərbaycan fəhlə-kəndli müxbirliyi” (1927-1928) və s. 

Qəzet mətnlərdə cüzi dəyişikliklər etməklə 2  buraxılışla çıxırdı. Oxuyuculara yuxarıda sadalanan əlavə və səhifələrdən başqa, qəzetin pulsuz əlavələri – Lenin və Stalinin portretləri, bloknotlar, Şərq, Avropa, Asiya, Cənubi və Şimali Amerika, Cənubi Qafqaz və Sovet respublikalarının xəritələri, aylıq və illik təqvimlər, “Molla Pənah Vaqif”, “Nişat Şirvani”, “Məhəmməd Hüseyn xan Müştaq”, “Qövsi”, “Kərbəlayı İlahi Arif”, “Qasım bəy Zakir”, “Mirzə Şəfi Vazeh” və b. şəkilli almanaxlar verilirdi.

Maddi baza, həcm, tiraj

XX əsrin 20-ci illərində məvaciblər dərəcələr üzrə verilirdi. Az məvacib alanlara, eləcə də məktəblərə və kollektiv abunəçilərə qəzet böyük güzəştlər nəzərdə tuturdu. Məsələn, 6-9-cu dərəcələr üzrə maaş alanlar abunə üçün ildə 29 rubl 75 qəpik, 15-17 dərəcəlilər 3 ödənişlə 50 rubl ödəməli idilər. Kəndlilər üçün abunə 3-cü dərəcə (yəni aşağı) üzrə müəyyənləşdirilirdi. Bundan əlavə, kənd təsərrüfatı üzrə xüsusi ədəbiyyat abunəçilərə pulsuz paylanılırdı. Təkcə 1925-1927-ci illərdə 12 adda belə kitabça çap olunmuşdu. Bunlardan aqronom-alim Əhməd Rəcəblinin “Gübrələr”, “Əkin torpağı”, V.Nikolskinin “Peyinin hazırlanması”, A.P. adlı müəllifin “Pətəkləri necə saxlamalı”, A.M. adlı müəllifin “İribuynuzlu heyvanlarda xəstəliklər” və s. kitabçaları pulsuz paylanmışdı.

Dotasiyalar ayrılan dövrlərdə qəzet abunəçilərə maya dəyərindən 2 dəfə ucuz qiymətə satılırdı. Belə ki, bir aylıq komplektin əlavələrlə birlikdə qiyməti 2 rubl 86 qəpiyə olduğu halda, hətta ən yüksək maaş alanlar da 1 rubl 25 qəpikdən artıq ödəmirdilər. Az maaş alanlar isə daha cüzi xərclə qəzet ala bilirdilər. Redaksiyanın smeta kəsirləri isə müxtəlif dövlət orqanları, müəssisə və təşkilatlar tərəfindən ödənilirdi.

Fəhlə-kəndli müxbirləri abunə kampaniyalarında fəal iştirak edirdilər. Onların fəaliyyətini tənzimləyən qəzet qarşılarında konkret vəzifələr qoyur və hamısını yarışa çağırırdı. Yarışların nəticələri isə qəzetin səhifələrində işıqlandırılırdı. Qəzet yuxarı orqanlar, təşkilatlar, müəssisələr qarşısında məsələ qaldırır, abunə kampaniyasına yardım göstərmələrini xahiş edirdi. 

M.S.Ordubadinin imzası ilə dərc olunan “Qəzetimizin tirajı və oxucuları” məqaləsində AzMİK, Azərittifaq, Ərzaq və Səhiyyə komissarlıqları, Azərpambıq idarəsi kimi yuxarı orqan və təşkilatlara müraciətlə xahiş olnurdu ki, aldıqları məhdud saylı qəzet nüsxələri ilə kifayətlənməyib, daha artıq nüsxəyə abunə olsunlar və artıq nüsxələri qəza və dairə müəssisə və təşkilatlarına yardım kimi göndərməklə həm qəzetin kəndli kütlələri arasında yayılmasına, həm də abunənin təşkilinə kömək etsinlər. Qəzet öz israrlığı sayəsində bu istəyinə nail olurdu. Əgər 1923-cü ilin noyabrında qəzetin 4 min 50 nüsxə tirajından 900-ü qəzalarda yayılırdısa, 1925-ci ilin dekabrında 8 min 800 nüsxənin 4 min 310 nüsxəsi, təxminən, yarısı qəzalara göndərilirdi. 1928-ci ildə isə tirajın dörddə üçü qəzaların payına düşürdü.

Yeri gəlmişkən, həcm və tiraj haqqında. Əgər 1920-ci ildə qəzet kiçik həcmdə 2 səhifədə çap edilirdisə, 1922-ci ildə həcm kəskin şəkildə artıb 6, 8, 12, yubiley və bayram günlərində isə hətta 18–24 səhifə olurdu. Qəzetin formatı da böyümüşdü – indiki  “Xalq qəzeti”ndən 5 sm uzun və 2 sm enli idi. Bu formatda qəzet 1926-cı il iyulun 9-a kimi nəşr olunmuşdur.

Təmiz minimal yığım 4 min 320 vahidə bərabər idi. Birdəfəlik tiraj orta hesabla 1920-ci ildə 9 min nüsxə (1921-ci il fevralın 13-dək qəzetin tirajı dövlət müəssisələrinin hesabına pulsuz paylanılırdı), 1921-ci ildə  3 min 500 nüsxə (1921-ci il fevralın 15-dən qəzetin pullu yayıma keçməsi ilə əlaqədar olaraq tiraj kəskin şəkildə azaldı), 1922-ci ildə  5 min, 1923-cü ildə 5 min 500, 1924-cü ildə 6 min 500, 1925-ci ildə 9 min 500 nüsxəyə bərabər idi. 1925-ci il iyunun 8-dən etibarən qəzetin sonuncu səhifəsində tirajın miqdarı barədə məlumatın verilməsinin dayandırılması və yalnız ötəri hallarda bu və ya digər səbəbdən yarımçıq məlumat verilməsi qəzetin tirajı barədə təsəvvürləri məhdudlaşdırır. Yalnız 1927-ci ildə nəşr olunmuş yubiley nömrəsindəki məqalələrin birində tirajın 10 min nüsxəyə çatması haqda məlumat verilmişdi.

(ardı var)

Elmar MƏHƏRRƏMOV, 
tarix üzrə fəlsəfə doktoru, AMEA Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi

 





Sosial həyat