Azərbaycan tarixinin bir əsrlik mətbu salnaməsi

post-img

(əvvəli https://xalqqazeti.az/az/sosial-heyat/189642-azerbaycan-tarixinin-bir-esrlik-metbu)

 

Ötən əsrin 20-ci illərinin əvvəllərində “Kommunist” qəzetinin redaktorları çox tez-tez vəzifələrindən uzaqlaşdırılır, başqaları ilə əvəz edilirdilər. Bu, yüksək dairələrdə mövcud olan intriqalarla, dedi-qodularla bağlı idi. Aşağıdakı redaktorların təyin edilməsi və işdən çıxarılması ardıcıllığını arxiv sənədləri və qəzetin 1920-ci il aprelin 30-dan 1928-ci il dekabrın 31-dək olan nömrələri əsasında cədvəl şəklində təqdim edirik:

                                   Qəzetin ilk redaktorları

№     Soyadı, adı, atasının adı     Nə vaxtdan        Nə vaxtadək
1.      Qarayev Ə.A.                     30.04.1920         19.08.1920
2.       Yusifzadə A.B.                   20.08.1920         29.03.1921
3.      Talıblı B.A.                          30.03.1921         15.04.1921
4.       Redaksiya heyəti               18.04.1921        16.10.1921*
5.       Cəbiyev H.P.                      02.05.1921         02.01.1922
6.       Qarayev Ə.A.                     03.01.1922        18.04.1922
7.       Redaksiya heyəti               19.04.1922        18.05.1922**
8.       Axundov R.Ə.                    19.05.1922        19.07.1923
9.       Cəbiyev H.P.                      20.07.1923         23.07.1923
10.     Redaksiya heyəti               24.07.1923        11.10.1923***
11.     Cəbiyev H.P.                      11.10.1923         17.03.1924
12.      Qarayev Ə.A.                    18.03.1924         09.05.1924****
13.      Cəbiyev H.P.                     10.05.1924         27.07.1927
14.      Redaksiya heyəti              23.07.1927         20.11.1927
15.      Qasımov Y.İ. və Triniç Ə.    21.11.1927        1931
 

* Qəzet 1921-ci il aprelin 18-dən oktyabrın 16-dək “Redaksiya heyəti” imzası ilə çıxıb. Azərbaycan K(b)P MK-nın siyasi və təşkilat şöbəsinin 1921-ci il mayın 2-də keçirilən iclasında isə göstərilir ki, “Azərbaycan füqərası” və türkcə “Kommunist” qəzetinin redaktoru vəzifəsinə H.Cəbiyev təyin edilib.

** Qəzet 1922-ci il aprelin 19-dan mayın 18-dək “Redaksiya heyəti” imzası ilə çıxıb. 1922-ci il aprelin 18-də isə Azərbaycan K(b)P MK Rəyasət Heyəti Ruhulla Axundovu qəzetə redaktor təyin edib.

*** Azərbaycan K(b)P MK-nın qərarına uyğun olaraq 1923-cü il avqustun 20-dən 1923-cü il oktyabrın 7-dək qəzetin redaktoru Həbib Cəbiyevi Məmməd Səid Ordubadi və Əhməd Triniç əvəz ediblər.   

**** Azərbaycan K(b)P MK Rəyasət Heyəti 1924-cü il martın 17-də Ə.Qarayevi, 1924-cü il mayın 10-da isə H.Cəbiyevi redaktor təyin edib. Qəzeti isə 1924-cü ilin aprelində də H.Cəbiyev imzalayıb.

***** 1927-ci ilin yazı və yayında H.Cəbiyev Almaniyada – San-Byazendə müalicə olunub, amma qəzet həmin dövrdə də onun imzası ilə nəşr edilib. 

“Millətçilik yuvası”

Qəzetin birinci rəsmi redaktoru vəzifəsinə Əliheydər Qarayev, məsul katib vəzifələrinə isə – Seyid Cəfər Cavadzadə (Pişəvəri) və Nemət Bəsir Hacıyev təyin ediliblər. Ə.Qarayev bir neçə dəfə fasilələrlə qəzetin məsul müdiri (redaktoru) təyin edilib, bəzən də Azərbaycan K(b)P MK-nın göstərişi ilə qəzetə nəzarət edib, sanki, senzor funksiyasını yerinə yetirib. 

Çox ziddiyyətli bir şəxs olan Ə.Qarayev ilk vaxtlar hərbi-dövlət işləri və siyasi intriqalarla daha çox məşğul idi. Buna görə də “Kommunist” qəzetindəki iş bir qədər ikinci plana keçmişdi. Lakin o, qəzetə ikinci dəfə redaktor təyin olunduqdan sonra (1922-ci il yanvarın 3-dən mayın 18-dək) “can-başla işə qoşularaq” həm redaksiyada, həm də jurnalistlər arasında “millətçi”ləri – Azərbaycan ziyalılarının ən yaxşı nümayəndələrini təqib etməyə başlamışdı. 

Ə.Qarayev sonralar da belə işlərlə məşğul olmuşdu. Məsələn, 1922-ci il martın 2-də o vaxtkı daxili işlər xalq komissarı Həmid Sultanovun qəzetdə “Yoxsul” imzası ilə məqaləsi dərc olunmuşdu. Məqalədə 1912-ci ildən 1922-ci ilə qədər Azərbaycandan Rusiyaya aparılan konkret məhsullar haqqında arxiv sənədlərinə əsaslanan məlumat verilmişdi. Eyni zamanda, göstərilmişdi ki, aparılan çeşidli məhsulların əvəzində Rusiyadan Azərbaycana ərzaq məhsulları adı ilə qapısı möhürlü, boş vaqonlar gətirilirmiş. 

Əvvəllər belə şeylərin mövcudluğundan xəbərsiz olan müəllif ümidlə bildirmişdi ki, guya, sovet hakimiyyəti illərində daha bu sayaq hallara yol verilməyəcək. Ertəsi gün – 1922-ci il martın 3-də Azərbaycan K(b)P MK-nın Siyasi Bürosunun xüsusi iclasında H.Sultanov tutduğu vəzifədən azad edilib və elə iclasdaca həbs olunub. Ə.Qarayev isə “ilan yuvası” olan “Kommunist” qəzeti redaksiyasını “millətçi ünsürlərdən təmizləmək” üçün növbəti tapşırıq alıb.

1924-cü il aprelin 18-də Azərbaycan K(b)P MK-nin ikinci katibi, 27 yaşlı gənc vətənpərvər Əyyub Xanbudaqov “Kommunist” qəzetində “Milli məsələyə dair” adlı məqalə ilə çıxış etmişdi və bildirmişdi ki, partiyanın milli məsələyə dair göstərişləri yerinə yetirilmir, əksinə, Azərbaycanda milli fəhlə kadrlarının hazırlanmasının qarşısı alınır, azərbaycanlılar fabrik və zavodlarda ayrı-seçkilik nəticəsində işə qəbul edilmirlər. Bununla da milli məsələ nəzərdə tutulanın 0,01 faizi qədər də yerinə yetirilməyib. 

Cəmi bir neçə gün sonra – 1924-cü il aprelin 27-də öz işinə başlayan XIII Bakı partiya konfransı gündəlikdəki məsələləri “unudub”, ikigünlük işini Əyyub Xanbudaqovun “millətçiliyini” araşdırmağa həsr edib və Ə.Qarayevə tapşırılıb ki, “Kommunist” qəzetinin redaksiyasında kök salmış sovet hakimiyyəti düşmənlərini – millətçiləri üzə çıxarıb tapsın. 

Ə.Qarayev qəzetin redaktoru Həbib Cəbiyevi müəyyən müddətə tutduğu vəzifədən kənarlaşdırıb, sözün tam mənasında, redaksiyanı yüksək mədəniyyətli Azərbaycan ziyalılarından təmizləməyə başlayıb. O, ziyalıların bir çoxunu xırda burjuaziyanın əlaltısı adlandırıb, bir qismini işdən qovub, digərlərini isə tənbeh edib. Ə.Qarayevin güdazına gedənlər arasında Əbdürrəhim bəy Haqverdiyev, Salman Mümtaz, Akif Səfvət, Cahangir Nağıyev, Ağababa Yusifzadə, Cəfər Cabbarlı, Mir Seyfəddin Kermanşahlı və b. var idi.

Bununla belə, Ə.Qarayev, eyni zamanda, ən məhsuldar müəlliflərdən biri idi və müxtəlif mövzularda olan yazıları ilə tez-tez qəzet səhifələrində çıxış edirdi.

Qəzetin ikinci rəsmi redaktoru Ağababa Yusifzadə olub (1920-ci il avqustun 20-dən 1921-ci il martın 29-a kimi). O, təkcə “Kommunist” qəzetinin əməkdaşları və müxbirlərinin deyil, həm də Azərbaycanın bütöv bir nəsil jurnalist kadrlarının tərbiyə edilməsi və hazırlanmasında böyük rol oynayıb. Ağababa Yusifzadə eyni zamanda, jurnalistika və stenoqrafiya kurslarının da direktoru idi. 1921-ci il martın sonlarında Ağababa Yusifzadəyə böhtan atılıb, o, arvadını öldürməkdə günahlandırılıb və məsuliyyətə cəlb edilib, lakin xeyli sonralar bəraət alıb.

Qəzetin üçüncü rəsmi redaktoru Böyükağa Talıblı idi (1921-ci il martın 30-dan 1921-ci il aprelin 15-dək). B.Talıblı xalq ədliyyə komissarı vəzifəsinə təyin edildiyindən qəzetdən gedib, lakin redaksiya ilə əməkdaşlığını davam etdirib.

Qəzetin ən tanınmış redaktoru Həbib Cəbiyev olub. O, 4 dəfə fasilələrlə (1921-ci il mayın 2-dən 1922-ci il yanvarın 2-dək, 1923-cü il iyulun 20-dən 23-dək, 1923-cü il oktyabrın 11-dən 1924-cü il martın 17-dək, 1924-cü il mayın 10-dan 1927-ci il iyulun 27-dək) bu vəzifəyə təyin olunub. 

Həbib Cəbiyevin redaktorluğu ilə qəzet bütün sahələrdə inkişaf edib, respublikanın rəhbər dairələri onunla hesablaşıb. Cəbiyev cəsarətli rəhbər idi və tez-tez polemik məqalələr dərc edirdi ki, bunlar da dəfələrlə onun müəyyən müddətə işdən kənarlaşdırılmasına səbəb olub. Yuxarıda qeyd edildiyi kimi, Həbib Cəbiyev 1924-cü ilin aprelində Azərbaycan K(b)P MK katibi Ə.Xanbudaqovun məlum məqaləsini dərc etdikdən sonra partiya-sovet rəhbərliyi – S.Kirov, L.Mirzoyan, Ə.Qarayev, D.Bünyadzadə və başqaları milli özünüdərkin inkişaf etdirilməsini istəyən Azərbaycan ziyalılarına qarşı açıq və güclü hücuma keçiblər. Milli ziyalılar millətçilikdə və pantürkizmdə günahlandırılıblar. Onlardan tələb olunub ki, milli vətənpərvərliyi ümumittifaq vətənpərvərliyi ilə əvəz etsinlər, ümumittifaq kosmopolitizminə keçsinlər və açıq elan etsinlər ki, onların bir ümumi vətənləri var, o da SSRİ-dir.

Həbib Cəbiyev 1926-cı ilin ikinci yarısından “böhtançı üçlükdən” – Levon Mirzoyan və ona əlaltılıq edən Əliheydər Qarayev və Dadaş Bünyadzadədən çəkinməyə başlayıb. Bu üçlük 1927-ci ildə müvəqqəti olaraq Mircəfər Bağırov kimi güclü rəqib üzərində “qələbə” çaldıqdan sonra Həbib Cəbiyev millətçilik mövqeyindən əl çəkib və “Kommunist”in səhifələrində tanınmış şair və yazıçıların, publisistlərin yazılarının dərc olunması nadir hadisəyə çevrilib. Hətta, bu ­dövrdən etibarən Həbib Cəbiyevin özünü qorumaq üçün “təhlükəli türk millətçiliyi”nin təzahürlərindən yazmağa başlayıb. 

Artıq qəzetin bütöv səhifələri beynəlxalq mövzulara və reklamlara həsr edilib, səhifələrin hər şeylə doldurulmasına çalışır. Hətta ən yaxşı fəhlə və kəndli müxbirlərinin, ziyalıların nümayəndələrinin yazıları qəzalar üzrə icmal şəklində dərc edilib. Tanınmış ziyalı müxbirlərin bir çoxu “Kommunist” qəzetindən soyuyub, daha ona yazı göndərməyiblər. Bunlardan Murtuza Nağıyevi, Əhməd Rəcəblini, Əliağa Vahidi, Əli Vəliyevi, Əfrasiyab Bədəlbəylini və b. göstərmək olar. Bu dövr “Kommunist” qəzetinin böhranlı dövrü idi.

Lakin ehtiyatlanmaq Həbib Cəbiyevi xilas edə bilməyib. 1927-ci ilin yazında o, hücumlara məruz qalıb və bu dəfə birdəfəlik olaraq qəzetdən uzaqlaşdırılıb. Özünün, dostlarının və qohumlarının dəfələrlə Azərbaycan K(b)P MK-ya müraciətindən sonra ağır vərəm xəstəliyindən müalicə olunmaq üçün ona cüzi miqdarda vəsait ayrılıb.

Qəzetin beşinci redaktoru Ruhulla Axundov olub (1922-ci il mayın 19-dan 1923-cü il iyulun 19-dək). O, yaxşı tərcüməçi və redaktor idi, amma daha çox partiya rəhbərliyində işləməyə meylli idi və MK-ya göndərdiyi çoxsaylı yazılı ərizələri bunu sübut edir.

1927-ci il noyabrın 21-dən qəzeti Yusif Qasımov və Əhməd Triniç birlikdə redaktə etməyə başlayıblar. Rəsmi olaraq Y.Qasımov redaktor təyin edilib, əslində isə o, MK-da məsul vəzifədə işləyirdi, redaksiyadakı işi hiss olunacaq dərəcədə deyildi. İşin bütün ağırlığı əvvəllər qəzetin məsul katibi olmuş, indi isə redaktorun müavini təyin edilən Ə.Triniçin (təxəllüsü – “Bədi”) üzərinə düşüb. Qəzeti onların hər ikisi birlikdə imzalayıblar. Triniç əslən alban idi və İstanbulda universitet təhsili almışdı. Partiya fəallarından idi, kommunizm ideyalarına fanatikcəsinə inanırdı, sərt tədbirlər tərəfdarı idi. Öz məqalələrində ehtiyatsızlıq ucbatından cüzi qeyri-bolşevik deyimlər işlətmiş şəxsləri tam kəskinliyi ilə tənqid edirdi və onların güdaza getmələrində günahı az olmayıb.

Redaktorları, bir qayda olaraq, Azərbaycan K(b)P Mərkəzi Komitəsi təyin edirdi. İlk dövrlər üçün təyinatlar barədə məlumatı yalnız qəzetin öz səhifələrində tapmaq mümkündür. Redaktorun təyin edilməsi barədə erkən dövr arxiv sənədini C.Məhərrəmli Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivindən aşkar edilb. Bu, Həbib Cəbiyevin “qəzetə məsul müdir təyin edilməsi” barədə Azərbaycan K(b)P MK-nın Siyasi və Təşkilat bürolarının 1921-ci il 2 may tarixli protokoludur. Arxivdə “Kommunist” qəzetinə aid saxlanılan ən erkən sənəd 1920-ci il mayın 27-si tarixinə aiddir və ilk dəfə bu sətirlərin müəllifləri tərəfindən aşkar edilərək elmi dövriyyəyə daxil edilib.

Azərbaycan K(b)P Mərkəzi Komitəsi və Bakı Komitəsinın rəhbər dairələrində baş verən çoxsaylı dedi-qodu və intriqalar müxtəlif səviyyələrdə tez-tez kadr dəyişmələrinə səbəb olub. “Kommunist” qəzetində də belə idi – 1920-ci il mayın 30-dan 1922-ci il mayın  19-dək qəzetə 8 redaktor təyin edilib. 

Bir sıra hallarda “Kommunist” qəzeti ilə bağlı sənədlərdəki məlumatlar bir-biri ilə kəskin ziddiyyət təşkil edir. Bəzən, redaksiyaya təyin edilmiş redaktor təkrar təyin edilib, yaxud da redaksiyaya çatmamış başqası ilə əvəz edilib. Məsələn, Azərbaycan K(b)P MK-nın Siyasi və Təşkilat bürolarının 1922-ci il yanvarın 3-də birgə keçirdikləri iclasın 1 saylı protokolunda göstərilir ki, türkcə “Kommunist” qəzetəsinin müdiri Əliheydər Qarayev, onun müavini isə Məmməd Səid Ordubadi təyin edilir”. Azərbaycan K(b)P MK-nın Təşkilat bürosunun 1922-ci il 28 yanvar tarixindən göstərilir ki, türkcə “Kommunist” qəzetəsinin müdiri Ə.Qarayev təyin edilir. Redaktorların dəyişdirilməsi məsələsi başqa sənədlərdə də öz əksini tapıb. Məsələn, Azərbaycan K(b)P MK Plenumunun 1923-cü il 16 mart tarixli iclasında R.Axundov redaktor təyin edilib. 

Tədqiq olunan dövrlə bağlı sonuncu dəyişdirilmə 1927-ci il iyunun 20-də Həbib Cəbiyevin tutduğu vəzifədən azad edilməsi və 1927-ci il noyabrın 19-da yeni redaktor – Yusif Qasımov və onun müavini Əhməd Triniçin təyin edilməsidir. Bir məsələni də qeyd edək ki, protokollarda göstərilən təyinatlarla qəzetin səhifələrində redaktorların özlərinin imzaları arasında da xeyli fərq var. Bu, redaktorların 1920-1928-ci illərdəki fəaliyyətləri ilə bağlı yuxarıda göstərilən cədvəldən də aydın görünür. 

(ardı var)

Elmar MƏHƏRRƏMOV,  
tarix üzrə fəlsəfə doktoru,  AMEA Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi

 



Sosial həyat