Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar olaraq Sumqayıt şəhərindən bir qrup məktəblinin Quba rayonuna ekskursiyası təşkil edilib.
Şagirdlərin Şimal bölgəsinin gözəl diyarına səfərini Sumqayıt Bələdiyyəsi təşkil edib. 50 nəfər şagirdin ekskursiya xərclərini şəhərin yerli özünüidarəetmə orqanı ödəyib. Məktəblilər ekskursiya zamanı bölgənin təbiəti ilə daha yaxından tanış olub, ətraf mühitlə bağlı bilgilərini əyaniləşdirib, mənalı əyləncə və istirahət imkanlarından bolluca faydalanıblar.
Səfərin təşkilatçıları məktəblilərə Prezident İlham Əliyevin Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncamınının mahiyyəti və noyabr ayında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu “Tərəflər Konfransı (COP)” barədə də ətraflı bilgi veriblər.
Ekskursiya uşaqlarda zəngin təəssürat yaradıb, unudulmaz xatirəyə çevrilib.
Ə.ƏLİYEV
XQ