Azərbaycan paytaxtı beynəlxalq məclisi yeniləşmiş libasda qarşılayacaq
Azərbaycan noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ciddi hazırlaşır. Paytaxtımızda da genişmiqyaslı abadlıq-quruculuq tədbirləri sürətlə həyata keçirilir. Küçə və prospektlər, yollar, yaşayış və inzibati binaların fasadları, dam örtükləri, eyvanlar təmir edilir, rənglənir. Səki kənarlarına yeni bardürlər quraşdırılır, yol kənarlarına dekorativ daş döşənir.
Bütün bunlarla yanaşı, köhnə parklar da yeniləşdirilir, şəhərimizin müasir inkişaf səviyyəsinə və memarlıq üslubuna uyğun dizaynda yenidən qurulur. Həmin ərazilərdə müxtəlif əyləncə qurğuları işə salınır, eləcə də uzun müddət yararsız vəziyyətdə olan fəvvarələr abadlaşdırılır, yaşıllıqlar genişləndirilir. Yol kənarlarında həmişəyaşıl kollar əkilir, güllərdən kompozisiyalar yaradılır.
Sosial layihələrin gerçəkləşdirilməsində mütəxəssislərin, o cümlədən tanınmış memarların, ictimai xadimlərin məsləhət və tövsiyələri nəzərə alınır. Bununla yanaşı, abadlıq-quruculuq işləri nəticəsində küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) hər həftə ümumşəhər iməcliyi təşkil edilir. Prospektlər, məhəllədaxili və ara yollar bitki və canlılara ziyansız maddələrlə yuyulur, bardürlər, işıq dirəkləri, məhəccərlər, park və istirahət yerlərində oturacaqlar təmizlənir. Magistral yol və prospektlərin kənarlarındakı ağaclar tozdan təmizlənir, dibləri yumşaldılır, yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir və gübrələr verilir.
BŞİH-nin çağırışına qoşulan müəssisə, idarə və təşkilatların kollektivləri, həmçinin ictimai-iaşə, ticarət və digər obyektlərin əməkdaşları da iməcliklərdə yaxından iştirak edərək obyektlərin vitrinlərini təmizləyir, ətrafda səliqə-sahman yaradırlar. Eyni zamanda, şəhər sakinləri bu təşəbbüsə qoşularaq yaşadıqları mənzillərin pəncərələrini və həyətini təmizləyirlər. Paytaxtda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin icrası da diqqətdə saxlanılır. Bu istiqamətdə işləri sürətləndirmək məqsədilə BŞİH və “Regional inkişaf” İctimai Birliyi arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən, mənzillərə yaşıl və narıncı rəngli paketlər, məlumatlandırıcı bukletlər paylanılır, məhəllələrdə və binaların bloklarında posterlər yapışdırılır.
Xatırladaq ki, layihənin həyata keçirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə cavab verən 104 yeni avtonəqliyyat vasitəsi və mexanizmləri alınaraq istifadəyə verilib. Bu layihənin uğurla icrası son illərdə kommunal sahədə həyata keçirilən tədbirlər nəticəsində abad şəhərə çevrilən paytaxtımızın daha təmiz saxlanılmasına, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına, ekoloji mədəniyyətin formalaşmasına, eləcə də iqtisadi səmərənin əldə olunmasına xidmət edir.
Bakı mürəkkəb landşafta, küləkli hava şəraitinə və böyük əraziyə malik şəhər olduğu üçün burada bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsinin idarəsinə həmişə ciddi ehtiyac duyulub. Elə buna görə də 5 il əvvəl BŞİH-nin bu sahədə böyük təcrübəsi olan “Mott MacDonald” şirkəti ilə müqavilə bağlamasında əsas məqsəd şəhərdə bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması, eyni zamanda, Bakını ekoloji təmizliyinə görə Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə qaldırmaq olub.
Böyük Britaniyanın tanınmış “Mott MacDonald” şirkəti ilə birgə hazırlanan layihənin icrasına 177 min əhalisi olan Nərimanov rayonundan başlanılıb. Belə ki, pilot layihə çərçivəsində rayonun hər bir məhəlləsində məişət tullantıları üçün yaradılan meydançalara yaşıl və narıncı rənglərdə yeni, müasir konteynerlər qoyulub. Bununla da sakinlərin tullantıları hara gəldi atmasının qarşısı alınıb.
Tullantılar artıq çeşidlənərək narıncı və yaşıl konteynerlərdə cəmlənir. Rayonun quruculuq və abadlıq işlərinə zidd olan və estetik görünüşünə xələl gətirən hallar isə keçmişdə qalıb. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə yaşıl və narıncı çeşidləyici paketlər və izahedici bukletlər paylanılıb, bloklara, həyətlərə, binalara maarifləndirici reklamlar vurulub. Əraziyə cavabdehlər təyin olunub. Sonrakı mərhələdə bu təşəbbüsün Səbail, Nərimanov, Yasamal, Nəsimi, Binəqədi, Nizami və Xətai rayonlarında da gerçəkləşdirilməsinə başlanılıb, məişət tullantıları üçün yeni konteyner meydançaları yaradılıb, ərazilərdə müasir konteynerlər yerləşdirilib.
Yeri gəlmişkən, “Mott MacDonald” şirkətinin bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması üzrə islahat konsepsiyasının rəhbəri Martin Saymon bu istiqamətdə gerçəkləşdirilən təşəbbüs haqqında təəssüratlarını bölüşərək bildirib ki, Birləşmiş Krallığın paytaxtı London şəhərində 20 ildən çox müddətdə icra edilən layihədə təkrar emal üçün çeşidlənən tullantıların həcmi 40 faizə yüksəlib. Nərimanov rayonunda isə layihənin icrasının ilk 4 ayı ərzində bu istiqamətdə görülən işlər nəticəsində həmin göstərici 32 faizə çatıb, kağız və karton tullantıları 25 faiz olub. Layihənin icrasının ilk vaxtlarında gündəlik olaraq 6-7 ton təkrar emala gedən tullantı yığılırdısa, artıq 4 ay ərzində bu rəqəm 25 tona çatdırılıb.
Sözügedən təşəbbüsün gerçəkləşdirilməsinin ilk vaxtlarında uğurlarla yanaşı, bir sıra problemlər də diqqət çəkdi. Belə ki, bəzi sakinlərin layihəyə laqeyd yanaşaraq tullantıları hara gəldi atmaları, onların meydançalardakı nəzarətçilərin işinə aqressiv yanaşmaları prosesin tam yerinə yetirilməsinə əngəl törətsə də, mövcud çətinliklər geniş maarifləndirmə və izahetmə işləri ilə aradan qaldırıldı. Nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsi Bakını bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi sahəsində aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdırdı, ətraf mühitə müsbət təsir göstərərək həm də şəhərimiz üçün iqtisadi faydalar verdi.
Azərbaycan Prezidenti İlham Əliyevin kommunal sahədə islahatların genişləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq BŞİH-nin Böyük Britaniyanın “Mott MacDonald” şirkəti ilə birgə icrasına başladığı bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi hazırda uğurla davam etdirilir. Nərimanov rayonundan başlanan layihənin həyata keçirilməsində əldə edilən müsbət nəticələr bu gün paytaxtın Nizami, Nəsimi, Yasamal, Xətai, Pirallahı, Səbail və Suraxanı rayonlarında, ümumilikdə, 8 rayonda müsbət nəticələrlə müşahidə olunur.
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonlarda, xüsusən də paytaxtımızda meşə massivləri, istirahət parkları salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. Son illər Bakının yeni meşə-parklarla zənginləşdirilməsinə, paytaxtımızın yaşıllıqlar şəhərinə çevrilməsinə çox böyük önəm verilir. Qlobal ekoloji böhran fonunda Bakının qədimliyinin qorunması ilə yanaşı, müasirləşməsi və modern dünyaya uyğunlaşdırılması, burada ətraf mühitin qorunması, üzləşilən problemlərin həlli istiqamətində genişmiqyaslı tədbirlər görülür.
Əsas ekoloji problemlərdən biri olan iqlim dəyişmələrinin yaratdığı fəsadların qarşısının alınması, təsirlərinin azaldılması yönündə həyata keçirilən layihələr böyük əhəmiyyətə malikdir. Bu baxımdan, paytaxtımızda son illərdə reallaşdırılan tədbirlər təqdirəlayiqdir. Belə ki, yaşıllıqların salınması, yaşayış massivləri yaxınlığında istirahət guşələrinin yaradılması və s. abadlıq işləri təbiəti oksigenlə zənginləşdirməklə yanaşı, əhalinin səmərəli, rahat istirahətini şərtləndirir.
Dövlətimizin başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq hazırda ölkəmizin bütün güşələrində və eləcə də Bakı şəhərində yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. Bununla da Azərbaycanın parklar ölkəsi olduğu təsdiqlənir. Artıq paytaxtımızda 300-ə yaxın park, bağ və istirahət məkanı var və yenilərinin salınması, köhnələrində isə əsaslı təmir-yenidənqurma prosesi davam edir.
Bakı şəhərinə gözəllik verən belə məkanlardan biri Xətai rayonu ərazisində 43 hektar ərazidə yeni yaradılan “Gənclik” parkıdır. Bir zamanlar baxımsız ərazi olan bu sahə indi tam yeni görkəm alıb. Ərazi yenidən qurularaq Azərbaycanın meşə tipli füsunkar parklarından birinə çevrilib. Parkda şəhər sakinlərinin və qonaqların istirahəti üçün müxtəlif infrastruktur qurulub. Burada çox sayda ağac əkilib, yaşıllıqlar salınıb. Bir sözlə, sakinlər və qonaqların parkda asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb.
Yeni istirahət məkanında həm uşaqlar, həm də böyüklər üçün idman və əyləncə sahələri də istifadəyə verilib, attraksion quraşdırılıb. Həmçinin müxtəlif növ idman və əyləncə sahəsi fiziki məhdudiyyətli şəxslərin ixtiyarına verilib. Burada qurulan “Ürəklər” kompozisiyası isə paytaxtımıza, təbiətimizə, insanlarımıza olan sevgiyə həs olunub.
Səbail rayonu ərazisindəki Mərkəzi Nəbatat Bağı da bu gün öz füsunkarlığı ilə diqqət çəkir. Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun qorunması məqsədilə 1934-cü ildə yaradılan bu bağ elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərir. 46 hektardan artıq ərazini əhatə edən bağda 247 növə aid 17 min 545 ədəd ağac, 162 növə aid 16 min 472 ədəd kol bitkisi qorunur.
Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2023-cü ildə “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxs kimi BŞİH-nin tabeliyinə verilib. Burada aparılan əsasli təmir-yenidənqurma işləri çərçivəsində qəzalı vəziyyətdə olan Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun 1935-1938-ci illərdə inşa edilən inzibati binası üçün 5 mərtəbəli, ümumi sahəsi 3700 kvadratmetr olan yeni bina tikilib.
Həsən Seyidbəyli küçəsində istifadəsiz ərazidə salınan yeni parkda da yaşıllaşdırma işləri aparılıb, 1200 metr uzunluğunda piyada yolları salınıb, sakinlərin mənalı istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. Parkda estakada üzərində piyadalar üçün 147 metr uzunluğunda körpü salınıb, şəhər mənzərəli iki terras düzəldilib, müasir standartlara cavab verən fəvvarə inşa edilib, ərazidə iaşə obyekti, sanitar qovşaq və inzibati bina tikilib.
Ərazinin relyefinə uyğun olaraq sürüşmənin qarşısını almaq üçün istinad divarı çəkilib. Həmçinin ərazidə müasir idman və uşaq əyləncə qurğuları quraşdırılıb. Ərazisi 4 hektar olan parkın yaşıllıq sahəsinə qazon örtük döşənib, 50 mindən çox müxtəlif növ ağac, kol və güllər əkilib.
Göründüyü kimi, Prezident İlham Əliyevin Azərbaycanın inkişafı ilə bağlı müəyyənləşdirdiyi strategiyaya əsaslanılaraq son illər Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində mühüm layihələr gerçəkləşdirilib. Paytaxt sakinlərinin və şəhərimizə gələn qonaqların rahatlığına xidmət edən çoxlu müasir sosial infrastruktur layihələri icra edilib, yeni park və xiyabanlar, istirahət guşələri yaradılıb.
Dövlətimizin başçısı Bakının “yaşıl” şəhərə çevrilməsinə, ölkəmizin iqlim dəyişmələri ilə mübarizədə bütün səylərini birləşdirməsinə, ümumilikdə, yaşıllaşdırma sahəsində görülən işlərə xüsusi diqqət ayırır. COP29 kimi mötəbər tədbirə evsahibliyinin Azərbaycana həvalə edilməsi də ölkəmizin qlobal istiləşmə fonunda sağlam gələcək naminə gördüyü işlərə verilən yüksək dəyərdən xəbər verir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması isə bu xüsusda çox önəmlidir.
Ötən illər ərzində dövlətimizin başçısının təşəbbüsü ilə paytaxt Bakı şəhərində 400-ə yaxın yeni park salınıb, ətraf qəsəbələrdə isə 65 yeni mədəniyyət və istirahət parkı istifadəyə verilib. Bununla yanaşı, 100-dən çox park əsaslı təmir olunub.
Beləliklə, “Yaşıl dünya naminə həmrəylik ili”ndə yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir ekoloji infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi, eləcə də COP29 çərçivəsində gerçəkləşdirilən işlərə töhfə vermək baxımından xüsusi önəm daşıyır. Ən əsası isə görülən işlərin hər biri insan amilinə xidmət edir.
Vaqif BAYRAMOV
XQ