Müharibələrin hamısı Azərbaycan Ordusunun 2020-ci ilin payızında başlayıb elə həmin payızda da uğurla yekunlaşdırdığı İkinci Qarabağ müharibəsi kimi ədalətli olmur. Siyasətçilərin hikkələri, dövlət başçılarının əsassız iddiaları nəticəsində başlanan işğalçılıq, qarətçilik, hökmranlıq etmək və ərazi mənimsəmək məqsədli müharibələrin fəsadları çox olsa da, ən böyük əzabını əsgər anaları çəkirlər.
Mən bunu əsgər analarının Minskdə yaradılmış “Göz yaşları” süni adasındakı xatirə kompleksinə gətirdikləri əşyaların tarixinə və coğrafiyasına baxanda daha dərindən hiss elədim. Təxminən, on illik Əfqanıstan müharibəsində həlak olmuş bütün belaruslu əsgərlərin anaları və həmin döyüşlərdə iştirak etmiş belarus əsgər və zabitlər hər il bu adaya gəlir, hər il xatirə kompleksi yeni eksponatlarla zənginləşir. Şəxsən mən həmin adada gəzəndə, xüsusilə, “göz yaşlarını gizlətmək üçün əllərilə üzünü örtmüş” mələyin (ananın) əzabını görəndə, sadəcə, göz yaşlarımı saxlaya bilməmişdim.
Həmin adaya getmək üçün taksi sifariş etmək məqsədilə otel əməkdaşına müraciət edəndə ünvanı hələ Bakıda olarkən eşitdiyim şəkildə dedim: “Остров слёз” (“Göz yaşları adası”). Taksi sifariş edən xanım isə sürücüyə həmin ünvanı belə söylədi: “Остров Мужества и Скорби” (“Mərdlik və kədər adası”). Onda bildim ki, şəhər sakinləri bu adanı iki adla çağırırlar. İnsafən, hər ikisi uğurlu addır.
Bəli, Köhnə Minskin Troitski məkanı deyilən ərazisində – Svisloç çayında yaradılmış bu süni ada ilk baxışdan gözəl görünsə də, daxilən kədər və iztirabla doludur. Bələdçi dedi ki, bu layihə əsgər analarının Əfqanıstanda həlak olmuş soydaşlarımıza (həmin döyüşlərdə slavyan respublikalarından olan hərbçilər daha çox öldürülmüşdülər) abidə ucaldılması təşəbbüsünün gündəliyə gətirilməsindən sonra yaradılmışdı: “Fikrimcə, bu variant məsələnin ən gözəl həlli olmuşdu”.
1979–1989-cu illərdə oğlunu yad ölkəyə, lüzumsuz müharibəyə göndərib cansız cəsədini qəbul etmiş analar indi hər il buraya gəlirlər. Ən ağır məqam odur ki, bütün ziyarətçilər bu süni adaya qozbel körpü ilə keçirlər. Nə üçün birbaşa, adi körpü ilə yox, məhz qozbel körpü ilə? Bəlkə də müəlliflər kədərin əsgər analarına təsirini ifadə etmək istəyiblər. Hər halda, mən o suala orada cavab ala bilmədim.
Adadakı xatirə lövhələrində Əfqanıstanda həlak olmuş bütün belaruslu hərbçilərin ad-soyadı yazılıb. Həmin lövhələrin ortasında basdırılmış kapsulda həlak olmuş hərbçilərin analarının gələcək nəsillərə müraciəti və qurbanların siyahısı var. Xatirə lövhələrinin yaxınlığında isə əlləri ilə üzünü örtərək həlak olmuş bütün oğullar üçün ağlayan mələyin (ангел) abidəsi ucalır. Adada, həmçinin Əfqanıstanın döyüş getmiş şəhərlərinin hamısının adı yazılan iri daş göstəricilər də yerləşdirilib.
Fikrimcə, həmin ada və abidə təkcə həlak olanların xatirəsinin əbədiləşdirilməsinə xidmət eləmir, həm də bəşər övladının müharibəyə etirazının olduqca dəyərli nümunəsidir.
İttifaq MİRZƏBƏYLİ