AQTA təbii mineral suların dövlət qeydiyyatı ilə bağlı sahibkarlara xəbərdarlıq edib

post-img

Məlum olduğu kimi, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.6-cı maddəsində nəzərdə tutulmuş təbii mineral suların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.  

Təbii mineral su – mikrobioloji göstəriciləri baxımından təmiz, hər hansı çirklənməyə məruz qalmayan, yeraltı yataqlardan hasil edilən və ya təbii yolla süxurlardan çıxan mineral komponentlərlə zəngin olan (sonradan tərkibinə əlavə mineral komponentlər əlavə edilməyən) təbii sudur.

Qanunvericiliyə əsasən, qeydiyyata alınmamış təbii mineral suların istehsalı, emalı və dövriyyəsi qanunla qadağandır. 

Təbii mineral suların qeydiyyata alınması üçün təqdim edilən sənədlərin mövcudluğu və düzgünlüyü araşdırıldıqdan, məhsul nümunələrinin laborator tədqiqi  aparıldıqdan sonra həmin məhsullar qeydiyyata alınaraq Qida Təhlükəsizliyi Reyestrinə daxil edilir.

Təbii mineral suların istehsalı, emalı və dövriyyəsi ilə məşğul olan sahibkarların diqqətinə çatdırırıq ki, qısa zaman ərzində məhsulların qeydiyyatı ilə bağlı qanunvericiliyə uyğun şəkildə Agentliyə müraciət edilməlidir.

Sahibkarlar qeydiyyatla əlaqədar daha ətraflı məlumat almaq üçün (012) 565-12-72 (daxili: 278, 478) nömrəli telefona zəng edə və ya [email protected] elektron poçt ünvanına müraciətlərini göndərə bilərlər.

Sosial həyat