NATO Ukraynaya silah, ŞƏT ümid vəd edir

post-img

İyulun 3-də Astanada başlayan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dövlət başçılarının “Çoxtərəfli dialoqun gücləndirilməsi: davamlı sülh və inkişafa can atmaq” sammitinin şüarı Ukraynadakı münaqişənin həlli problemlərinin müza­kirəsini də nəzərdə tutur. Vaşinqtonda keçiriləcək NATO-nun yubiley sammitinin gündəliyindən fərqli olaraq, ŞƏT iştirakçılarının görüşündə atəşkəslə bağlı dia­loqun başlanması və Moskva ilə Kiyev arasında ziddiyyətlərin sülh yolu ilə həlli yollarının axtarılması gözlənilir.

Astanada keçirilən sammit ərəfəsin­də ŞƏT-in sabiq baş katibi Rəşid Alimov demişdi ki, Şanxay təşkilatı “qarşıdurma siyasətini qəbul etmir və əsas regional münaqişələrin, o cümlədən Ukraynada­kı münaqişələrin sülh yolu ilə həlli üçün dürüst və birbaşa dialoq yolu ilə çalışır”. İyun ayında rusiyalı diplomatlarla gö­rüşən Rusiya prezidenti Vladimir Putin ŞƏT-i “Avrasiya təhlükəsizlik sistemi”­nin yaradılmasında iştirak edə biləcək əsas strukturlardan biri adlandırmışdı. Bu sistemdə, cənab Putinə görə, mü­naqişələrə yer yoxdur. Mütəxəssislə­rin fikrincə, bu o deməkdir ki, Moskva ŞƏT-in də Ukraynadakı münaqişənin həllində iştirak edə biləcəyinə inanır. Çünki “ŞƏT+ formatından üç ölkənin rəhbərləri – Qazaxıstan, Çin və Türkiyə (Ankara təşkilatda müşahidəçi qismində iştirak edir) liderləri bir vaxtlar Ukrayna münaqişəsinin həlli üçün tədbirlər tək­lif ediblər. Ekspertlərin sözlərinə görə, ŞƏT sammiti çərçivəsində, Vladimir Pu­tin ilə görüşən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı münaqişə­nin həlli üçün Moskva və Kiyevə bütün həmsöhbətlərin iştirakı ilə sülh konfransı keçirməyi təklif edə bilər. 

Bütün bunların fonunda media NATO-nun Ukraynaya dəstək üçün yeni tədbirlər hazırladığını, Donald Trampın noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə, əsasən, Avropa ölkələri tərəfindən kömək olunacağı barədə xəbərlər yayır. “The Wall Street Journal” yazır ki, alyans Al­maniyanın Visbaden şəhərində Ukrayna­ya hərbi texnikanın verilməsini və Ukray­na qoşunlarının təlimini əlaqələndirmək üçün yeni komandanlıq yaratmağı plan­laşdırır. Kiyevdə isə prosesi NATO-nun xüsusi nümayəndəsi koordinasiya edə­cək. “NATO-nun Ukraynaya Təhlükəsiz­liyə Yardımı və Təlimi” adlanacaq əməliy­yatda ABŞ və alyansın digər ölkələrindən 700-ə yaxın hərbçi iştirak edəcək. Bu əməliyyat iyulun 9–11-də Vaşinqtonda keçiriləcək NATO-nun yubiley sammi­tində rəsmən elan ediləcək. Nəticədə, hərbi yardım və təlim üçün Vaşinqton de­yil, NATO məsuliyyət daşıyacaq. ABŞ-ın NATO-dakı keçmiş daimi nümayəndəsi İvo Daalderin sözlərinə görə, buna görə də Vaşinqton hərbi dəstəyi azaltsa və ya geri götürsə belə, Ukraynaya yardım da­vam etdiriləcək.

ABŞ-ın hazırkı rəhbərliyi təkcə Uk­raynanın özünə deyil, həm də Amerika biznesini hərbi iqtisadiyyatına cəlb et­mək təşəbbüslərinə uzunmüddətli dəstək vermək niyyətində olduğunu nümayiş etdirməkdə davam edir. Amerika media­sı ABŞ dövlət katibi Antoni Blinkenə isti­nad edərək yazır ki, “ABŞ Ukraynadakı amerikalı investorların obyektlərini əhatə etmək üçün Kiyevi hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək”: “Ukrayna iqtisadiyyatı düzgün investisi­yalarla böyük potensiala malikdir. Lakin onun hərbi və iqtisadi potensialı sərmayə qoyduğunuz sahələri qorumaq üçün hava hücumundan müdafiə imkanlarını tələb edir”. O qeyd edib ki, NATO-nun Vaşinqton sammitinə qədər Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı konkret məlumatlar or­taya çıxacaq.

ABŞ və digər ölkələrin Ukraynanın müdafiə sənayesinin inkişafına ciddi sərmayə yatırmaqda davam etməsi faktı müəyyən dərəcədə Ukrayna müdafiə na­zirinin birinci müavini, general-leytenant İvan Qavrilyukun etirafı ilə təsdiqlənir. Cənab Qavrilyuk 2024-cü ilin birinci ya­rısında Ukraynanın 480-ə yaxın silah və hərbi texnikanın istismara verilməsini təs­diqlədiyini bildirir və bu silahların 290-a yaxını yerli istehsaldır. Bu sözlərdən belə nəticəyə gəlmək olar ki, silahların 40 fa­izi Qərb ölkələrindən alınıb. Qavrilyuk bu Qərb silahlarının Ukraynada istehsal edilib-edilmədiyini dəqiq açıqlamayıb, lakin qeyd edib ki, yeni silahlar siyahı­sında əsas yeri pilotsuz uçuş aparatları (PUA), xüsusən də hava kəşfiyyatı üçün nəzərdə tutulanlar və müxtəlif təyinatlı pilotsuz təyyarələr tutur. İkinci ən böyük qrup müxtəlif növ döyüş sursatlarıdır, ən çox PUA-lar üçün, ondan sonra rabitə və elektron mübarizə avadanlığıdır. Yeni və modernləşdirilmiş silahların siyahısına mühəndislik avadanlığı, robot sistemlə­ri, minatəmizləmə avadanlıqları və hərbi optika da daxildir. 

Eyni zamanda NATO artıq Ukrayna­ya təyyarələrini tədarük etməyə hazır­laşır. Danimarkanın ardınca Hollandiya Ukraynaya F-16-ların tədarükünə icazə verib. Bu ölkənin Müdafiə Nazirliyi bildirib ki, Xarici Ticarət və İnkişaf Əməkdaşlıq Naziri Ukraynaya 24 F-16 təyyarəsi və daha 7 təyyarə mühərriki ixrac etmək üçün lisenziya verib. Moskvada bu ad­dıma “təxribat” kimi baxılır. Prezidentin mətbuat katibi Dmitri Peskov artıq bəyan edib ki, Qərbin Rusiyaya hücumları üçün Ukraynaya silah tədarük etməsi nəticəsiz qalmayacaq.

S.ELAY
XQ

Dünya