Şahdağın şahanə yaylağı

post-img

Ölkəmizdə mövsümi yaşayış məskənlərindən biri də yaylaqlardır. Sərinliyinə görə yayda istirahət üçün əlverişli olan bu dağ yerləri dəniz səviyyəsindən orta hesabla 2800 metrə qədər yüksəklikdə yerləşir. 

Azərbaycanın ən yüksək və ən böyük yaylağı – Şahyaylaq Qusar rayonunun inzibati ərazisi daxilində, Şahdağ Milli parkında yerləşir. Bu yaşayış və istirahət məskəni Bazardüzü, Zəfər, Şahdağ, Tu­fandağ və başqa zirvələri özündə cəm­ləyən möhtəşəm bir ərazidir. 

Yaylağın uzunluğu təxminən 20, eni isə 3 kilometrdir. Dəniz səviyyəsindən 2700–3000 metr yüksəklikdə yerləşir. Ölkədə olan 4000-dən çox zirvə bu yay­lağın ətrafındakı silsilələrdə qərar tutub. Bu silsilələrdə bir çox dağ gölü də var. 

Yaylağa gözəllik verən xüsusiyyət­lərdən biri də yuxarı hissədən aşağıya doğru axan Şahnabad çayıdır. Qeyd edək ki, bu çay mənbəyini Qusarçay­dan götürür. Çay Şahdağın ətəyindəki Şahnabad düzündən axdığı üçün bu cür adlanır. Şahyaylaqda yaz fəslinin gəlişi, əsasən, iyun–iyul aylarında hiss olunur. Həmin dövrdə yaylaq ətirli və rəngarəng gül-çiçəyə qərq olur. 

Buradakı ərazilər tarixən Xınalıq bölgəsinə məxsus olub. Şahyaylaqdan Xınalığa, Qusarın və Qəbələnin Laza kəndlərinə at və maşın yolu da var. Keç­mişdə bu istiqamətlərdə fayton yolu da fəaliyyət göstərib. 

Yaylaqlar, adətən, yüksək dağlıq yerlərdə, alp çəmənliklərində yerləşir. İlin 3–4 ayını yaylaqlarda keçirən köçəri mal­darlar burada alaçıqlar quraraq yaşayır­lar. Yaylaqlara köçən zaman, əsasən, su mənbələrinə yaxınlıq və otlaq sahələrinin çox olması nəzərə alıınırdı. Maraqlıdır ki, yaylaqlarda məskunlaşan insanlar ara­sında qohumluq münasibətləri əsas yer tutur. Onların yaşadıqları bu yurd yerləri ailə başçısının, bəzən də onların təmsil etdikləri kəndlərin adları ilə – Əmirəhmə­din yurdu, Nəbi yurdu, Eldar yaylağı və s. adlanır. 

Fidan SALMAN
XQ





Sosial həyat